Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan Muxtar Respublikası Həmkarlar

İttifaqı Şurasının 40 illik yubileyinin

keçirilməsi haqqında

Naxçıvan Muxtar Respublikasının kütləvi ictimai təşkilatı olan Həmkarlar İttifaqları Şurasının yaradılmasının 40 illiyi tamam olur.

Zəngin ənənələrə malik olan Naxçıvan həmkarlar hərəkatı öz tarixində bir sıra mərhələlərdən keçmişdir. 1905-ci il oktyabrın 17-də Bakıda fəhlə və qulluqçuların ilk həmkarlar ittifaqı yaradılandan sonra ölkəmizin digər ərazilərində, o cümlədən Naxçıvanda da bu hərəkat formalaşma mərhələsinə qədəm qoymuş, təsərrüfat sahələrini əhatə etməyə başlamışdır. Bütün bunlar getdikcə işçilərin hüquqlarının və qanuni mənafelərinin qorunması, iş şəraitinin yaxşılaşdırılması, sosial – məişət problemlərinin həlli istiqamətində əsaslı tədbirlərin həyata keçirilməsi üçün daha çevik təşkilatlanma zərurətini irəli sürürdü. Odur ki, 1921-ci il dekabr ayının 4-də Naxçıvanda keçirilən həmkarlar hərəkatı nümayəndələrinin birinci konfransında Naxçıvan Həmkarlar İttifaqının yaranması qərara alınmış, təşkilatın ilk bürosu seçilmişdir.

Naxçıvanda Həmkarlar İttifaqının yaradılması regionun ictimai və siyasi həyatında mühüm rol oynamışdır. Təşkilatın ilk dövrlərdən kütləvi xarakter almasını belə bir fakt da sübut edir ki, həmin dövrdə 3 Naxçıvan Vilayət Həmkarlar İttifaqı Komitəsi, 27 şəhər və rayon komitəsi, 3 Birləşmiş Həmkarlar İttifaqı Komitəsi fəaliyyət göstərmiş, ilk həmkarlar ittifaqları komitələrinin sayı 400-ə çatmışdır.

Ötən əsrin 50-ci illərindən etibarən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqlarının həyatında mühüm dəyişikliklər baş vermiş, hərəkatda təşkilatlanma böyük vüsət almışdır. Bu dövrdən başlayaraq ittifaq komitələrinin sahələr üzrə formalaşması bir tərəfdən hərəkatın ilk təşkilatlara daha da uyğunlaşmasına imkan yaradırdısa, ikinci tərəfdən artıq genişlənməkdə olan böyük bir hərəkatın mərkəzləşmiş qaydada idarə olunmasında çətinliklər törədirdi.

Bütün bunlar nəzərə alınaraq 1967-ci il noyabr ayının 17-də keçirilən təsis konfransında Naxçıvan Həmkarlar İttifaqları Şurası təşkil olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının fəaliyyəti ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövrlərində daha da güclənmişdir. Ulu öndərimizin təşəbbüsü ilə muxtar respublika Həmkarlar İttifaqının Şurasının yeni binası tikilərək 1974-cü ildə, möhtərəm Heydər Əliyevin Naxçıvana səfəri zamanı istifadəyə verilmişdir.

Ölkəmiz ötən əsrin 90-cı illərində müstəqillik əldə etdikdən sonra həmkarlar ittifaqlarının tarixində yeni mərhələ başlanmışdır. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ali siyasi hakimiyyətə yenidən qayıdışı ilə həmkarlar ittifaqlarındakı əvvəlki respublika rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində yaranmış dağıdıcılığın qarşısı alındı. Bu təşkilatın onilliklər boyu yaradılmış maddi bazası qorunaraq saxlandı. Təşkilatın qanunvericilik çərçivəsində fəaliyyət göstərməsini təmin edən zəruri hüquqi baza yaradıldı.

Bu gün öz ətrafında 68.567 üzvü, 1043 ilk təşkilatı və 54 şəhər-rayon və muxtar respublika komitəsini birləşdirən Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası muxtar respublikada Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsinə, sosial-iqtisadi inkişaf sahəsində qarşıda duran vəzifələrin həllinə öz töhfəsini verir.

Yuxarıda qeyd olunanları və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkil olunmasının 40 illiyini nəzərə alaraq qərara alıram:

1.Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkil olunmasının 40 illiyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunsun.

2."Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının 40 illiyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı" təsdiq edilsin.

3.Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 09 aprel 2008-ci il

№ 155-03/S