Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Nuh peyğəmbərin Naxçıvan şəhərindəki

məzarüstü türbəsinin bərpa edilməsi haqqında

Qədim, antik və orta əsr şəhər yerləri üzərində yerləşən Naxçıvan Azərbaycanın və dünyanın ən qədim şəhərlərindən biridir. Daş dövründən bu ərazidə ibtidai insanlar yaşamışlar. Naxçıvanda daş dövr mədəniyyətinin izləri Qazma, Kilid, Daşqala mağaralarında, Batabat yaylağında və Kültəpədə qalmaqdadır. Azərbaycanda eneolit (eradan əvvəl V minillik), Kür-Araz (eradan əvvəl IV-III minilliklər) və boyalı qablar (eradan əvvəl XIII-VII əsrlər) mədəniyyətinin əsas ocaqları Naxçıvandadır. Bu bir daha sübut edir ki, Naxçıvan ərazisində minilliklər boyu insanlar ardıcıl və intensiv həyat sürmüşlər.

Eradan əvvəl V-II minilliklərdə Naxçıvan ərazisindəki tayfaların iqtisadi, ictimai və mədəni həyatında böyük təkamül baş vermiş, iri tayfa ittifaqları meydana çıxmış və ilkin şəhər yaranmışdır. Belə şəhərlərdən biri də Naxçıvandır.

Naxçıvanın meydana gəlməsi haqqında bir sıra yazılı mənbələr mövcuddur. Qədim yunan, latın, ərəb, İran tarixçilərinin, coğrafiyaşünas və səyyahların verdikləri məlumata görə, Naxçıvan eradan əvvəl II minilliyin I yarısında meydana gəlmişdir. Naxçıvan haqqında ilkin məlumat tarixçi İosif Flaviyə (eradan əvvəl I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolemeyə (eramızın II əsri) məxsusdur. Ptolemey Naxçıvan şəhərinin adını dünyanın 7 böyük şəhəri ilə bir sırada çəkmişdir. Ilk orta əsr alban tarixçisi Moisey Xorenski (V əsr) Naxçıvan şəhərinin eradan əvvəl VI əsrdə mövcud olduğunu göstərmişdir. Bəzi qaynaqlarda isə Naxçıvan şəhərinin eradan əvvəl XV əsrdə yaranması fikri söylənmişdir. Orta əsr tarixçisi Stefan Orbelyani Naxçıvan şəhərinin əsasının eradan əvvəl 1539-cu ildə qoyulduğu haqda məlumat vermişdir. Həmin məlumat “Qafqaz” qəzetinin Naxçıvana həsr olunmuş 1882-ci il nömrəsində də öz təsdiqini tapmışdır. Yazılı mənbələri sistemləşdirərək və Naxçıvan ərazisindən əldə olunan arxeoloji materiallara, məşhur Gəmiqaya qayaüstü yazılarına, buradakı digər abidələrə istinad edərək bu fikrə gəlmək mümkündür ki, Naxçıvan şəhərinin 3500-4000 ildən artıq yaşı vardır.

Şəhər adı kimi “Naxçıvan” ən qədim dövrlərdən mövcuddur. Qədim Yunan mənbələrində “Naksuana”, ərəb-fars mənbələrində “Nəxçuvan”, “Nəxçəvan”, “Nəqşi-cahan” kimi göstərilən bu adın müxtəlif dövrlərdə müxtəlif yozumu olmuş, toponimin yaranmasnın əsası kimi “Naxç” türk tayfa, elamların “Nahhunte” Allah adlarına istinad olunmuş, bir sıra tədqiqatçılar isə Naxçıvan toponimini Nuh peyğəmbərin adı ilə bağlamışlar.

Tarixdə “Ümumdünya tufanı” barədə rəvayətin ilk yazılı variantı eramızdan əvvəl II minilliyin ortalarına aid edilən şumer əfsanəsidir. Həmin əfsanədə deyilir ki, ümumdünya daşqınından böyük bir gəmidə yalnız bir qrup insan xilas ola bilmişdir. Bu əfsanəyə görə Naxçıvan dünyanın ən qədim sivilizasiya mərkəzi olmuşdur. Şumer rəvayətinin Naxçıvan şəhəri ilə bağlılığının tarixi əsası vardır. Belə ki, Naxçıvan Mesopotamiya, Babil, Xett və digər bu kimi qədim mədəniyyət mərkəzləri ilə sıx əlaqələr şəraitində inkişaf etmişdir. Eramızdan əvvəl II minilliyin ortalarına aid Birqamıs haqqında akkad eposunda da “Bütün canlıların toxumunun götürülüb” Allahın məsləhəti ilə düzəldilən gəmidə xilas olunduğundan danışılır.

Istər şumer, istərsə də Bilqamıs haqqında akkad rəvayətlərinin yarandığı və yazıya alındığı dövrlə Naxçıvanın yarandığı dövr arasında tarixi yaxınlıq olduğunu əsas götürüb, ümumdünya daşqınının Naxçıvan ərazisini də əhatə etdiyini və Nuh peyğəmbərin məhz bu ərazidə quruya salamat çıxdığını güman etmək mümkündür.

Qədim dövrlərdən Naxçıvan əhalisi arasında yayılan rəvayətə görə təxminən 7500 il bundan əvvəl baş vermiş ümumdünya daşqını zamanı Nuh və onun iman gətirənlərin mindiyi gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və insanlar burada məsgən salmışlar. Beləliklə, yeni nəsil buradan törəyərək artmış, təşəkkül tapmışdır. Bir çox əfsanə və rəvayətlərin yaranmasının elmi əsası olduğu artıq təsdiq edilmişdir. Bunu Naxçıvan ərazisində ümumdünya daşqını barədə rəvayətlərin yayılması və Nuhla bağlı yer adlarının çoxluq təşkil etməsi bir daha sübut edir. Yer üzündə elə bir ərazi yoxdur ki, orada Naxçıvandakı qədər Nuhla bağlı toponimik vahid (Nuhdaban, Naxçıvan, Nəhəcir, Nehrəm və s.) olsun. Xalq arasında yayılmış və bu gün də mövcud olan inama görə Naxçıvan şəhərinin cənubunda Nuhun, şimal-qərbində isə bacısının qəbri vardır.

XIX əsrin 80-ci illərində Naxçıvan məktəblərində işləmış maarifçi K.A.Nikitin “Naxçıvan şəhəri və Naxçıvan mahalı” adlı əsərində Nuh tufanının Naxçıvanla əlaqədar olması barədə geniş məlumat verərək yazmışdır: ”Rəvayətə görə, əfsanəvi tufandan sonra Ağrı dağı Nuh peyğəmbəri gəmisi ilə birlikdə qəbul etmişdir... Bundan sonra Nuh Naxçıvanda yaşamış və burada dəfn olunmuşdur. Hələ indi də onun buradakı məzarının və türbəsinin yerini göstərirlər... Hətta Nuh peyğəmbərin Naxçıvandakı duz karxanalarındakı fəaliyyəti də xalq arasında dolaşan rəvayətlərdə saxlanmaqdadır. O, burada ilk çalışanlardan biri olmuşdur. Rəvayətə görə Kəmki əfsanəvi gəminin dayandığı birinci dağdır. Nuh burdan Ağrı dağına yola düşmüşdür. Yolda gəmi İlanlı dağına toxunmuş və dağın zirvəsinə elə zərbə endirmişdir ki, dağ haçalanmışdır.

Bundan sonra Nuh hazırda Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. O, öz ailəsi ilə burda qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir. Nuh peyğəmbər və onun ailəsi uzun müddət Naxçıvanda yaşamışdır. Rəvayətə görə insan nəsli burdan yayılmışdır. Nuh peyğəmbər özü, bacısı və ailənin digər üzvləri Naxçıvanda vəfat etmiş və dəfn olunmuşlar” K.A.Nikitin Nuhun Naxçıvandakı qəbrini də görmüş və onu belə təsvir etmişdir: “Nuhun qəbri şəhərin cənub tərəfindən qədim qalanın qalıqlarının yaxınlğında yerləşir. Məzarın hazırkı görkəmi XVIII yüzillikdə bərpa edilmişdir. Indiki görkəmdə o, yerdən qalxan çox da böyük olmayan türbəni xatırladır... Məbədin pilləkənlərlə aşağı düşmək tələb olunan interyeri dairəvi, çətinliklə keçmək mümkün olan, ortadan daş dirəklərlə möhkəmləndirilmiş mağaraya bənzəyir. Həmin dirəyin altında Nuh peyğəmbərin cənazəsi yerləşir”.

Rus tədqiqatçısı V.M.Sısoyev Nuhun Türbəsini təsvir edərkən onun mərkəzində diametri iki metrə çatan səkkiz güşəli sütun olduğunu göstərmişdir. Təsvir edilən bu əlamətlər yeraltı və yerüstü hissədən ibarət olan türk türbələri üçün xarakterikdir. Nuhun qəbri olan yerdə aparılan tədqiqatlar zamanı aşkara çıxarılan tikinti qalıqları burada Naxçıvan memarlıq məktəbinə xas üslubda tikilmiş türbənin olduğunu təsdiq edir.

Araşdırmalar göstərir ki, “Ümumdünya” tufanı və Nuhla əlaqədar rəvayətlər daha çox Naxçıvanla bağlı olmuşdur. Qədim yunan alimi Klavdi Ptolemey ilk dəfə Naxçıvanı Nuh peyğəmbərin məskəni kimi xatırlatmış, XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi nəinki Nuh peyğəmbərin qəbrinin, hətta gəmisinin qalıqlarının da Naxçıvanda olaması barədə ətraflı məlumat vermişdir. İ.M.Dyakonov Gəmiqaya qayaüstü təsvirlərini və Naxçıvanın Nuhla bağlılığı məsələsini şummerlərdən gələn əfsanə ilə əlaqələndirmişdir. Yahudi alim İosif Flavi isə Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab etmişdir. Rus tədqiqatçısı K.N.Smirnov Nuhun qəbrinin Naxçıvanda olduğunu söyləmiş və onun yerini də göstərmişdir. Azərbaycan realist rəssamlığının banisi Bəhruz Kəngərli ötən əsrin 20-ci illərində Nuh peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini 6 dəfə naturadan kətan üzərinə köçürmüşdür. Həmin nadir əsərlər Naxçıvandakı Bəhruz Kəngərli muzeyində və Naxçıvan Muxtar Respublikasının Dövlət Tarix Muzeyində mühafizə olunaraq nümayiş etdirilir.

Göründüyü kimi, Nuh peyğəmbər Naxçıvanda yaşamış, burada vəfat etmiş, onun qəbri və qəbirüstü türbəsi Naxçıvanda Sovet hakimiyyəti qurulanadək bütöv bir panteon olmuş, minlərlə insanın ziyarətgahına çevrilmişdir.

Sovet hakimiyyəti illərində Naxçıvanın ən qədim dövrlərdən Azərbaycan türklərinə məxsusluğunu sübut edən yüzlərlə tarixi abidə kimi Nuh peyğəmbərin qəbri üzərindəki türbənin qalıqları da dağıdılmışdır.

Yuxarıda qeyd olunanları əsas götürərək q ə r a r a l ı r a m :

1.Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi bərpa olunsun.

2.Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Elmi Bərpa-İstehsalat İdarəsi Nuh peyğəmbərin türbəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim etsinlər.

3.Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 28 iyun 2006-ci il

№ 37-03/S