Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Əshabi-kəhf” ziyarətgahının bərpası və

qorunması tədbirləri haqqında

Naxçıvanın ən qədim tarixə malik özünəməxsus və təkrarsız abidələri içərisində “Əsabi-kahf” ziyarətgahının xüsusi yeri vardır. Qədim tariximizin bu günümüzəcən çatan canlı yaddaşı və daş kitabəsi “Əsabi-kəhf”dən dünya müsəlmanlarının müqqədəs dini kitabı olan “Quran”ın “Əl-kəhf”\”Mağara” \ adlı 18-ci surəsində ayrıca bəhs olunması bu qədim ziyarətgahın “Quran”a qədərki dövrdə tanınmasının və məşhurlaşmasının daha bir sübutudur.

Həmin surənin 22-ci ayəsində “Əshabi-kəhf”in yazılı tarixəcən mövcudluğuna işarə olunaraq deyilir ki: “Əshabi-kəhf” barəsində yalnız sənə açıq-aşkar nazil olan ayələrə əsaslanıb onlarla mübahisə et \ Quranda onlarla kifayətlənib çox dərinə getmə \ və\ kitab əhlinin \ heç birindən onlar haqqında bir şey soruşma!

Tarixin keşməkeşli hadisələrindən və bir-birini əvəz edən dövlət quruluşlarından asılı olmayaraq insanlar həmişə “Əshabi-kəhf”ə üz tutmuş, buranı bütün dövrlərdə müqəddəs ziyarətgah yerlərinə qoyulmuş sərt qadağanlara baxmayaraq “Əshabi-kəhf” öz müqəddəsliyini qoruyub saxlamışdır.

1990-cı il siyasi hadisələrindən sonra təqiblərə məruz qalaraq Moskvadan Naxçıvana gələn Möhtərəm Heydər Əliyev bir neçə dəfə “Əshabi-kəhf”i ziyarət etmişdir.

Azərbaycanda Hörmətli Prezidentimiz Heydər Əliyevin adı ilə bağlı dövlət müstəqilliyimizin günü-gündən möhkəmlənməsi ibadət yerlərinin bərpası və tikintisi, sağlam dini etiqad azadlığının daha da genişlənməsi üçün əlverişli imkanlar açmışdır.

Xalqımızın ən qədim ziyarətgahı olan “Əshabi-kəhf”in tarixiliyini və müqəddəsliyini nəzərə alaraq burada kompleks abadlıq-bərpa işlərinin görülməsi və qədim tariximizə aid daş abidənin qorunması məqsədi ilə qərara alıram :

1.Azərbaycan Milli Bankının Naxçıvan İdarəsində “Əshabi-kəhf” ziyarətgahının bərpası ilə əlaqədər milli manat və xarici valyuta ilə xüsusi hesablar açılsın və bu hesab nömrələri ictimaiyyətə elan edilsin.

2.Naxçıvan Muxtar Respublikasının əhalisinə, kommersiya strukturlarına, Bakı şəhərində və respublikamızın digər yerlərində yaşayan naxçıvanlı iş adamlarına, xaricdəki soydaşlarımıza “Əshabi-kəhf” ziyarətgahının bərpasına köməklik göstərilməsi məqsədilə müraciətlər edilsin.

3.Naxçıvan Muxtar Respublikasının Qazisinə tövsiyyə olunsun ki, ibadətgahlardan toplanmış vəsaitlərin “Əshabi-kəhf”in bərpası ilə əlaqədar yaradılmış xüsusi hesaba keçirilməsinə köməklik etsin.

4.“Əshabi-kəhf” ziyarətgahına gedən yolun təmirini və buraya asfalt örtüyünün salınması təmin edilsin.

5.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn vəzifələri həyata keçirsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 09 fevral 1998-ci il.

№ 15-01/c