Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında

 

Çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan milli istiqlaliyyət tariximizdə xüsusi yer tutur. XX əsrin əvvəllərində Naxçıvanın ağır tarixi-siyasi şəraitdə erməni təcavüzü və soyqırım siyasəti ilə üz-üzə qalması, burada güclü dövlət idarəçiliyi və nizami hərbi qüvvələrin təşkilinə ciddi ehtiyac yaratmışdır. 1918-ci ildə tarixi zərurətdən yaranan Araz-Türk Cümhuriyyətinin uğurlu hərbi və diplomatik fəaliyyəti Naxçıvanı erməni təcavüzündən qorumuş və bununla da dövlət müstəqilliyi uğrunda mübarizədə Azərbaycanın ərazi bütövlüyü təmin olunmuşdur.

Araz-Türk Cümhuriyyətinin müstəqillik tariximizdəki müstəsna xidmətlərini və siyasi əhəmiyyətini nəzərə alıb, fəaliyyətinin elmi əsaslarla tədqiq edilməsi və öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondu Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birgə “Araz-Türk Cümhuriyyəti” elmi-tədqiqat qrupu yaratsın.

2. Tədqiqatın nəticələri əsasında elmi nəşr hazırlansın.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                   VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 24 sentyabr 2019-cu il