Şərur yallıları haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Şərur yallıları haqqında

 

Azərbaycan türklərinin qədim mədəniyyətinin bir hissəsi olan Şərur yallıları xoreoqrafiya, instrumental və vokal musiqini özündə birləşdirən nadir yaradıcılıq nümunəsi, əcdadlarımızın dünyagörüşünün, bədii-estetik təfəkkürünün təzahürüdür. Yallıların Gəmiqaya təsvirlərində öz əksini tapması Naxçıvanda yallı sənətinin çox qədim tarixə malik olduğunu göstərir.

Əshabi-Kəhf və Gəmiqaya kimi, Şərur yallıları da Naxçıvanın incisi, xalqımızın tarixi yaddaşının və milli dəyərlər sisteminin ayrılmaz tərkib hissəsidir. Bu amil əsas götürülərək Naxçıvanda yallı sənətinin inkişafı sahəsində kompleks tədbirlər görülmüş, yallılar nota köçürülmüş, “Naxçıvan-Şərur el yallıları” kitabı nəşr olunmuşdur. Bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində yallı qrupları fəaliyyət göstərir. Bu sahədə görülən işlərin davamı olaraq 2018-ci ildə də yallı sənəti ilə bağlı tədqiqatlar aparılmış, bu nadir irsin YUNESCO səviyyəsində qorunması üçün “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar aidiyyəti üzrə təqdim olunmuş, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Şərur yallılarının tədqiqi, təbliği və qorunması ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                  VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 24 dekabr 2018-ci il