Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda

beynəlxalq simpoziumun keçirilməsi haqqında

Azərbaycanın bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarı ən qədim mədəniyyət mərkəzlərindən və insanların ilkin məskunlaşdığı ərazilərdən biridir. Əlverişli iqlim şəraiti, gözəl təbiəti, əkin üçün yararlı torpaqları, həmçinin əhəmiyyətli coğrafi mövqedə yerləşməsi insanların Naxçıvan ərazisində məskunlaşmasına şərait yaratmışdır. Bu ərazidəki Qazma, Kilit, Daşqala, Ərməmməd mağaralarında yaşayan ibtidai insanlar Neolit dövründən başlayaraq I Kültəpə (VII-I minilliklər), Sədərək (VII-III minilliklər), Ovçulartəpəsi (V-III minilliklər), Xələc (V-III minilliklər), Duzdağ (V-III minilliklər), Şahtaxtı(III-I minilliklər), Nəhəcir (III-I minilliklər) kimi yaşayış yerləri salmışlar. Eramızdan əvvəl IV-I minilliklərə aid olan Gəmiqaya abidəsi, həmçinin III-I miniklərə aid Əshabi-Kəhf dini və tarixi memarlıq kompleksi bu ərazinin ilkin məskunlaşma, eləcə də zəngin mədəniyyət mərkəzlərindən biri kimi əhəmiyyətini daha da artırır. Təsadüfi deyil ki, ilkin şəhər mədəniyyəti də məhz bu ərazidə meydana gəlmiş, bölgənin ən iri yaşayış məskəni olan Naxçıvan 5 min il bundan əvvəl şəhər kimi formalaşmağa başlamışdır. Naxçıvan Duzdağında (eramızdan əvvəl V-III minilliklər) şəhər mədəniyyətinin vacib elementləri olan emal mədəniyyəti və alətləri yaranmış, sənətkarlıq və ticarət inkişaf etmişdir.

İlkin yaşayış və şəhər mədəniyyətinin inkişaf etdiyi yer kimi Naxçıvan tarixinin öyrənilməsi, tədqiq və təbliğ olunması məqsədi ilə qərara alıram:

1. 2011-ci ilin iyul ayında Naxçıvan şəhərində “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi” mövzusunda beynəlxalq simpozium keçirilsin.

2. İlk yaşayış yeri və ilkin şəhər mədəniyyətinin yarandığı ərazi kimi Naxçıvan tarixinin sistemli şəkildə öyrənilməsi, eləcə də beynəlxalq simpoziuma hazırlıq məqsədi ilə Tədbirlər Planı təsdiq edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 07 iyun 2011-ci il.

№ 23-04/S