Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Görkəmli ictmai xadim, publisist və maarifçi

Məhəmmədağa Şahtaxtlının anadan olmasının

160 illiyinin qeyd olunması və xatirəsinin

əbədiləşdirlməsi haqqında

2006-cı ildə Azərbaycanda maarifçiliyin, mətbuatın, dilçilik elminin və ictimai fikrin inkişafında böyük xidmətləri olan Məhəmmədağa Şahtaxtlının anadan olmasının 160 illiyi tamam olur.

1846-cı ildə Şahtaxtı kəndində anadan olan Məhəmmədağa Şahtaxtlı ilk təhsilini Naxçıvan şəhər məktəbində almış, 1863-cü ildə Tiflis klassik kişi gimnaziyasını bitirmişdir. Peterburqda müstəqil yolla alman dilini öyrənən Məhəmmədağa Şahtaxtlı 1869-cu ildə Leypsiq Universitetinin ədəbiyyat, tarix və fəlsəfə fakültəsini bitirdikdən sonra 1873-1875-ci illərdə Parisdə Şərq dilləri məktəbində mühazirələr dinləmiş, fransız dilini öyrənmişdir. Azərbaycan, rus, alman, fransız, ingilis, ərəb və fars dillərində əsərlər yazan Məhəmmədağa Şahtaxtlı hərtərəfli hazırlığa malik mükəmməl ziyalı kimi yetişib formalaşmışdır.

Məhəmmədağa Şahtaxtlının ilk elmi fəaliyyəti Şərq tarixinə dair tədqiqatlara həsr olunmuşdur. O, bir müddət Parisdə yaşamış, Fransa Kollecində və Ali Təcrübi Təhsil Məktəbində şərq dillərində dərs demiş, Sorbonna Universitetində fonetika sahəsində tədqiqatlar aparmışdır. Onun bu dövrdə fransız dilində nəşr etdirdiyi əsərlər Qərbi Avropada və Amerika mətbuatında elmi müzakirələrə səbəb olmuş, müəllifinə tədqiqatçı və şərqşünas kimi böyük şöhrət qazandırmışdır. Məhəmmədağa Şahtaxtlı 1899-cu ildə Beynəlxalq Fonetika Cəmiyyətinin, 1900-cü ildə Beynəlxalq Asiya Cəmiyyətinin, 1903-cü ildə isə Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü seçilmişdir.

Məhəmmədağa Şahtaxtlının dilçiliklə bağlı elmi fəaliyyətində əlifba islahatı mühüm yer tutur. O, bu sahədə məşhur mütəfəkkir Mirzə Fətəli Axundovun yolunu davam etdirmiş, əlifba islahatı ilə bağlı ilk dəyərli tədqiqat əsəri olan “Təkmilləşdirilmiş müsəlman əlifbeyi” kitabını 1879-cu ildə Tiflisdə nəşr etdirmişdir. Azərbaycan əlifbasının daha da sadələşdirilməsi, latın qrafikalı əlifbaya keçid sahəsindəki çoxillik səmərəli fəaliyyəti, çap etdirdiyi orijinal əlifba layihələri Məhəmmədağa Şahtaxtlının dilşünaslıq sahəsində görkəmli alim olduğunu göstərir.

Məhəmmədağa Şahtaxtlı mədəniyyətlərin yaxınlaşması, Qərb maarifçiliyinin ən yaxşı ənənələrinin Azərbaycana gətirilməsinə çalışmış, xalqımızın maariflənməsi və tərəqqisi yolunda səyini əsirgəməmişdir. O, böyük vətənpərvər kimi mətbuat tariximizdə silinməz izlər qoymuş, “Moskovskiye vedomosti”, “Novoye vremya”, “Kavkaz”, “Rossiya” kimi dövrünün nüfuzlu mətbuat orqanlarında çoxsaylı məqalələr dərc etdirmiş, 1891-1893-cü illərdə “Kaspi” qəzetinin redaktoru olmuşdur. Məhəmmədağa Şahtaxtlı 1898-i ildə Azərbaycan dilində “Tiflis” adlı qəzet çıxarmaq istəmiş, lakin çar senzurası buna icazə verməmişdir. Nəhayət 1902-ci ildə Tiflisdə xüsusi mətbəə açmış, 1903-cü ildə burada “Şərqi-Rus” qəzetinin nəşrinə nail olmuşdur. İyirminci əsrin ilk Azərbaycan qəzeti olan “Şərqi-Rus” qəzeti mətbuat və ictimai fikir tariximizdə mühüm rol oynamışdır. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadəni Tiflis ədəbi mühitinə və mətbuat aləminə cəlb etməsi Məhəmmədağa Şahtaxtlının xidmətləri sırasında özünəməxsus əhəmiyyətə malikdir. Onun baş redaktoru olduğu “Şərqi-Rus” qəzeti məşhur “Molla Nəsrəddin” jurnalının sonrakı fəaliyyəti üçün ciddi əsas yaratmışdır.

Məhəmmədağa Şahtaxtlı ictimai xadim və böyük elm təşkilatçısı idi. Göstərdiyi səmərəli ictimai fəaliyyətə görə xalqın dərin etimadını qazanan Məhəmmədağa Şahtaxtlı 1907-ci ildə Naxçıvandan 2-ci Dövlət Dumasına deputat seçilmiş və Dumada Azərbaycan xalqının maraqlarını fəal müdafiə etmişdir. Sonrakı illərdə o, Bakı Dövlət Universitetinin yaradılmasında fəal iştirak etmiş, bu təhsil ocağının ilk professorlarından olmuşdur.

Məhəmmədağa Şahtaxtlının Azərbaycanda ictimai fikrin, maarifçiliyin, mətbuatın və dilçilik elminin inkişafındakı xidmətlərini nəzərə alaraq qərara alıram:

1.Görkəmli ictimai xadim, publisist, maarifçi və dilçi-şərqşünas Məhəmmədağa Şahtaxtlının anadan olmasının 160 illiyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunsun.

2.Naxçıvan şəhərindəki Kitab evinə Məhəmmədağa Şahtaxtlının adı verilsin.

3.Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Özəl Universiteti ilə birlikdə Məhəmmədağa Şahtaxtlının anadan olmasının 160 illiyinə həsr olunmuş simpozium keçirtsin.

4.Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ümumtəhsil məktəblərində Məhəmmədağa Şahtaxtlının 160 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsini təmin etsin.

5.Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Naxçıvan Muxtar Respublikası Ədəbiyyat muzeyində və Cəlil Məmmədquluzadənin ev muzeyində Məhəmmədağa Şahtaxtlının həyat və fəaliyyətini əks etdirən güşə yaratsın.

6.Muxtar Respublika elmi-tədqiqat və ali məktəb müəssisələrinin rəhbərləri gənc tədqiqatçılardan Məhəmmədağa Şahtaxtlının elmi-pedaqoji və ədəbi-publisistik irsinin geniş şəkildə araşdırılmasına cəlb etsinlər.

7.Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi və Naxçıvan Dövlət Universiteti Məhəmmədağa Şahtaxtlının seçilmiş əsərlərini toplayıb, nəşrini həyata keçirtsinlər.

8.Naxçıvan Muxtar Respublikası kütləvi informasiya vasitələrində Məhəmmədağa Şahtaxtlıya həsr olunmuş tematik materialların verilməs, bu məsələ ilə əlaqədar keçirilən tədbirlərin operativ işıqlandırılması təmin olunsun.

9.“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii və elmi-publisistik jurnalının bir nömrəsi Məhəmmədağa Şahtaxtlıya həsr edilsin.

10.Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Şəhər İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələləri həll etsinlər.

11.Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 27 fevral 2006-ci il

№ 16-03/S