Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında


Qədim Naxçıvan torpağının yetirdiyi görkəmli mütəfəkkirlərindən biri də Nemətullah Naxçıvanidir (Nemətullah Mahmud oğlu Şeyx Əlvan Naxçıvani). Orta əsrlərdə yaşamış Nemətullah Naxçıvani türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr vermiş, təsəvvüf və təfsir alimi kimi böyük şöhrət qazanmışdır. Nemətullah Naxçıvani 1452-ci ildə Naxçıvanda doğulmuş, dövrünün görkəmli alimlərindən təhsil almış, dünyəvi və dini elmlərə dərindən yiyələnmişdir. O, 1478-1487-ci illərdə Naxçıvan mədrəsələrində müəllimlik etmiş, 1487-ci ildə Təbrizə gələrək burada elmi fəaliyyətlə məşğul olmuş, sonra Türkiyədəki Ağşəhərə gedərək ömrünün sonuna kimi orada yaşamışdır.

Nemətullah Naxçıvaninin elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olmuş, ona “Baba” titulu burada yaşadığı illərdə sufi təriqəti tərəfindən rütbə kimi verilmişdir. Şərqin böyük filosofu Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə islam dini dünyagörüşü vəhdət təşkil etmişdir.

Dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik olan Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) əsəri islamşünaslığa böyük töhfədir. Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi Azərbaycan və Türkiyə elm tarixində mühüm yer tutur. Onun Azərbaycan, ərəb və fars dillərində yazdığı əsərləri hazırda Türkiyədə kitabxana və muzeylərdə saxlanılır. Türkiyə Respublikasındakı Ağşəhərdə Nemətullah Naxçıvaninin adına dini orta məktəb fəaliyyət göstərir.

Zəngin elmi-fəlsəfi irsə malik olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

2.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                  VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 29 oktyabr 2018-ci il