Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Babək rayonunun təşkil

olunmasının 40 illiyi haqqında

 

2018-ci ilin oktyabrında Babək rayonunun təşkil olunmasının 40 illiyi tamam olur.

Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq xətti Azərbaycanın regionlarını da əhatə etmiş, Naxçıvan Muxtar Respublikasında yeni rayonun yaradılması qərara alınmışdı. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş rayona xalq     qəhrəmanı Babəkin adının verilməsi ulu öndərimizin qətiyyətinin, daim azərbaycançılıq mövqeyində dayanması istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi idi.

Yarandığı gündən ötən dövr ərzində Babək rayonu böyük inkişaf yolu keçmişdir. Hazırda rayonun əksər kəndlərində kompleks quruculuq işləri aparılmış, rayon ərazisi elektrik enerjisi və təbii qazla, poçt, geniş zolaqlı və simsiz internet xidmətləri ilə təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli Sərəncamına əsasən Hacıvar-Vayxır-Sirab, 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolu, həmçinin Yarımca-Qahab-Nəcəfəli Dizə-Naxışnərgiz avtomobil yolu yenidən qurulmuşdur. Rayon mərkəzi ilə yanaşı, kəndlərdə də təhsil, səhiyyə, mədəniyyət müəssisələri, inzibati binalar və xidmət sahələri tikilərək istifadəyə verilmişdir.

Babək rayonu muxtar respublika iqtisadiyyatının inkişafında da mühüm rol oynayır. Rayonda müxtəlif profilli yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafını təmin etmişdir. Fermer və torpaq mülkiyyətçilərinə maliyyə dəstəyinin artırılması, müxtəlif güzəştlərin tətbiqi, texnika və avadanlıqlarla təminatın yaxşılaşdırılması, meliorasiya tədbirlərinin gücləndirilməsi, yeni açıq və qapalı su xətlərinin çəkilməsi kənd təsərrüfatının inkişafına əhəmiyyətli təsir göstərmişdir.

Rayonda həyata keçirilən infrastruktur tədbirləri, ətraf mühitin qorunması, əhali məşğulluğunun təmin olunması demoqrafik vəziyyətə də öz təsirini göstərmiş, rayon əhalisinin sayı 1978-ci illə müqayisədə 2018-ci ildə iki dəfəyə yaxın artaraq 75 min nəfər olmuşdur.

Babək rayonunun yaradılmasının tarixi əhəmiyyətini, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafındakı rolunu nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Babək rayonunun yaradılmasının 40 illiyi Naxçıvan Muxtar Respublikasında qeyd olunsun.

2. “Babək rayonunun 40 illiyinin keçirilməsinə dair Tədbirlər Planı” təsdiq edilsin.

 


Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                         VASİF TALIBOV

 

 

Naxçıvan şəhəri, 16 fevral 2018-ci il