Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan Muxtar Respublikasının

Dövlət bayrağı haqqında

 

Naxçıvan Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr vermişdir. Burada böyük dövlətçilik ənənələrinin əsası qoyulmuş, X əsrdə “Naxçıvan şahlığı”, XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII - XIX əsrlərdə “Naxçıvan xanlığı”, XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir. Azərbaycanın bu tarixi ərazisində formalaşan ən qiymətli sərvətlərdən biri də Naxçıvanın muxtariyyətidir. Naxçıvan Muxtar Respublikasının yarandığı dövrdən ötən 90 il ərzində dövlətçilik ənənələri daha da möhkəmlənmiş, muxtar respublika özünün atributlarına malik olmuşdur.

Naxçıvan Muxtar Respublikasının 1924-cü ildə qəbul edilmiş Əsasnaməsində, eləcə də 1926-cı, 1937-ci və 1978-ci illərdə qəbul edilmiş konstitusiyalarında dövlət bayrağı haqqında müddəalar öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikasının 1998-ci il Konstitusiyasında isə Naxçıvan muxtar dövlətinin rəmzlərinin Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və dövlət himni olduğu təsbit edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli qərarı ilə  qəbul edilmiş üçrəngli dövlət bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilmişdir. Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində taleyüklü məsələlərin müzakirə edildiyi həmin sessiyada “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərar qəbul olunmuşdur.

 

2

Azərbaycanın tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasının  Dövlət bayrağının rəsmi olaraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qəbul olunmasını və bu günün dövlətçilik tariximizdəki əhəmiyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən qərara alıram:

1. Hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı günü kimi qeyd edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri,   17   noyabr 2014-cü il

№ 252-04/S