İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi haqqında

 

2013-cü il fevralın 12-də şair, dramaturq və publisist İslam Əhməd oğlu Səfərlinin anadan olmasının 90 illiyi tamam olur.

1923-cü ildə Naxçıvanın Şəkərabad kəndində anadan olan İslam Səfərli ilk təhsilini həmin kənddə almış, sonra Naxçıvan şəhərindəki 1 nömrəli məktəbdə oxumuşdur. Müharibə illərində 416-cı atıcı diviziyanın sıralarında şərəfli döyüş yolu keçən İslam Səfərli azərbaycanlıların alman faşizminə qarşı mübarizədə göstərdikləri şücaəti şair və publisist kimi vəsf etmişdir. Müharibə mövzusu gənc şairin bu dövr yaradıcılığında mühüm yer tutmuş, vətən torpağının müdafiəsi onun əsərlərində təsirli poetik lövhələrlə verilmişdir.

İkinci Dünya müharibəsi başa çatandan sonra ali təhsilini davam etdirən İslam Səfərli Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmiş, “Şərq qapısı”, “Azərbaycan gəncləri” və “Ədəbiyyat qəzeti”ndə işləmiş, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, ədəbi-dram verilişləri şöbəsinin müdiri olmuş, 1960-1973-cü illərdə isə Azərbaycan Yazıçılar İttifaqının poeziya və dramaturgiya bölməsində çalışmışdır.

17 yaşında ədəbi yaradıcılığa başlayan İslam Səfərli böyük bir yaradıcılıq yolu keçmiş, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. İslam Səfərlinin mükəmməl bədii obrazlılığı ilə seçilən poeziyası bitkin vətənpərvərlik nümunəsidir. Nəğməkar şairin poetik nümunələrinə məşhur bəstəkarlarımız tərəfindən 200-ə yaxın mahnı bəstələnmişdir. Bu mahnılar bu gün də öz populyarlığını itirməmişdir.

Bir-birindən maraqlı poemalar müəllifi kimi Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. Onun pyesləri dəfələrlə Azərbaycan Akademik Milli Dram Teatrında və Naxçıvan Dövlət Musiqili Dram Teatrında səhnəyə qoyulmuşdur. İslam Səfərlinin müxtəlif vaxtlarda qələmə aldığı şeir və poemaları, dram əsərləri, oçerk, novella, libretto və kino ssenariləri, rus və türk dilli klassiklərin əsərlərindən etdiyi tərcümələr onu öz dövrünün böyük ədibi kimi məşhurlaşdırmışdır.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İslam Səfərlinin 90 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunsun.

2. “İslam Səfərlinin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                         VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 18  yanvar  2013-cü il

№ 112-04/S