Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Görkəmli rəssam Bəhruz Kəngərlinin

120 illik yubileyinin keçirilməsi haqqında

 

2012-ci il yanvarın 22-də Azərbaycan realist rəssamlıq məktəbinin banisi, istedadlı fırça ustası Bəhruz Şirəlibəy oğlu Kəngərlinin anadan olmasının 120 illiyi tamam olur.

1892-ci ildə Naxçıvan şəhərində anadan olan Bəhruz Kəngərli qısa ömür yaşasa da zəngin irs yaratmış, Azərbaycan təsviri sənətində realist, portret və mənzərə rəsm yaradıcılığının əsasını qoymuşdur. Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş edən rəssamın yaradıcılığında “Qaçqınlar” silsiləsinə daxil olan portretlər mövzu aktuallığını, reallığı əks etdirməsinə və psixoloji ifadəliliyinə görə fərqlənir. Bu əsərlər 1918-1920-ci illər Azərbaycan mühitinin canlı salnaməsidir. Rəssam didərgin ömrü yaşayan insanların acı taleyini, azərbaycanlıların indiki Ermənistan adlandırılan tarixi torpaqlarından deportasiyasını realist sənətçi müşahidəsi və fırçası ilə əks etdirmiş, bu faciəni gələcək nəsillərə çatdıra bilmişdir.

Bəhruz Kəngərli təbiət təsvirlərini yalnız real və inandırıcı deyil, eyni zamanda qüvvətli daxili hisslərlə də əks etdirirdi. Bu hiss onun vətənə, Azərbaycan təbiətinə sonsuz məhəbbətindən irəli gəlirdi. Rəssamın yüksək bədii sənətkarlıqla yaratdığı əsərlər içərisində Naxçıvanın tarixi abidələri xüsusi əhəmiyyətə malikdir. Onun naturadan çəkdiyi bu əsərlər Azərbaycan incəsənətində nadir nümunələrdir.

Bəhruz Kəngərli incəsənətimizin inkişafı naminə yorulmadan xidmət göstərmiş, öz evində fərdi sərgilər təşkil etmiş, gənclərə rəsm sənətinin sirlərini öyrətmək üçün dərnəklər yaratmış, Azərbaycan rəssamlığının inkişafına mühüm töhfələr vermişdir.

Ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığına daim böyük qayğı göstərmiş, Naxçıvan şəhərində Bəhruz Kəngərli muzeyi yaradılmış, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmişdir.

Bu gün Bəhruz Kəngərlinin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin irsi xalqımızın milli sərvəti kimi gələcək nəsillər üçün qorunub saxlanılır.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin 120 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunsun.

2. “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.



Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 12 yanvar 2012-ci il.

№ 65-04/S