Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I

Naxçıvan Dövlət Filarmoniyası Estrada
Orkestrinin yaradılması haqqında

 

Son illər muxtar respublikada mədəniyyətin və incəsənətin inkişafı sahəsində bir sıra işlər görülmüş, Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsi açılmış və universitet Konservatoriyası fəaliyyətə başlamışdır. Bununla yanaşı muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi və Naxçıvan Musiqi Kolleci fəaliyyət göstərir. Bu təhsil müəssisələri musiqi mədəniyyətinin və incəsənətin inkişafına, müvafiq sahə üzrə kadr potensialının formalaşmasına öz təsirini göstərmiş, yeni musiqi kollektivləri, o cümlədən Naxçıvan Dövlət Filarmoniyasında Kamera Orkestri yaradılmış, Naxçıvan Dövlət Uşaq Filarmoniyası təşkil olunmuşdur.
Musiqi kollektivlərinin fəaliyyətini gücləndirmək məqsədilə müvafiq şərait yaradılmış, müxtəlif adda musiqi alətləri alınaraq bu kollektivlərin istifadəsinə verilmişdir.  
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada musiqi mədəniyyətinin daha da inkişaf etdirilməsi və istedadlı gənclərin yaradıcılıq potensialından səmərəli istifadə olunması məqsədilə qərara alıram:
1. Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri yaradılsın.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                        VASİF TALIBOV


Naxçıvan şəhəri, 10 yanvar 2012-ci il
№ 63-04/S