Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

Naxçıvan Muxtar Respublikasında gənc istedadlara

dövlət qayğısının artırılması haqqında

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq  Naxçıvan Muxtar Respublikasında istedadlı gənclərə qayğını daha da artırmaq, onların intellektual və yaradıcılıq potensialını inkişaf etdirmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” təsis edilsin. Nəzərə alınsın ki, gənc istedadların adları “Qızıl kitab”a Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı əsasında yazılır.

2. “Qızıl kitab”a adları yazılmış gənc istedadlar üçün xüsusi təqaüd təsis edilsin.

3. “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                          VASİF TALIBOV

Naxçıvan şəhəri,  31 yanvar 2012-ci il

№ 46-IV FR

 

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi Sədrinin 2012-ci il 31 yanvar

tarixli 46-IV FR nömrəli Fərmanı ilə

təsdiq edilmişdir


Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının

“Qızıl kitabı”na adları yazılmış gənc istedadlar

üçün təqaüdün verilməsi

QAYDALARI

1. “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün təqaüdün verilməsi Qaydaları” (bundan sonra - Qaydalar) gənc istedadların müəyyənləşdirilməsi və onlara təqaüdün verilməsi məsələlərini tənzimləyir.

2. “Qızıl kitab”a adları yazılmış gənc istedadlar üçün aylıq xüsusi təqaüd (bundan sonra - Təqaüd) istedadlı gənclərə dövlət qayğısını daha da artırmaq, onların intellektual və yaradıcılıq potensialını inkişaf etdirmək üçün təsis edilmişdir.

3. Təqaüd təhsil, idman, mədəniyyət, bədii yaradıcılıq və digər sahələrdə fərqlənən gənc istedadlara verilir.

4. Gənc istedadlar üçün Təqaüd onlar 25 yaşına çatanadək verilir.

5. Təqaüdün məbləği Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müəyyən edilir.

6. Bu Qaydaların 3-cü bəndində göstərilən sahələr üzrə gənc istedadları müəyyənləşdirmək məqsədilə aid mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə yaradıcılıq və gənclər təşkilatları təkliflər verə bilərlər.

7. Təkliflər hər il sentyabrın 1-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatına təqdim edilməlidir.

8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı 10 gün müddətində təkliflərə baxır və müəyyən edilmiş qaydada gənc istedadların adlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim edir.

9. Gənc istedadların adları “Qızıl kitab”a Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı əsasında yazılır.

10. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatında saxlanılır.