Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

Q A N U N U

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında

dəyişikliklər edilməsi haqqında

 

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 50-ci maddəsinin I hissəsini rəhbər tutaraq qərara alır:

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında aşağıdakı dəyişikliklər edilsin:

1. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:

Maddə 8. Naxçıvan Muxtar Respublikasında vətəndaşların seçki hüququ

I.  Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları seçmək və seçilmək hüququna malikdirlər.

II. Məhkəmələr tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə iştirak etmək hüququ yoxdur.

III. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və Qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.”.

2. 15-ci maddənin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilsin.

3. 19-cu maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər əlavə edilsin:

“6) bu Konstitusiyanın 23-cü maddəsinin III hissəsinin tələbini pozduqda;

7) deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda.”.

4. 29-cu maddənin II hissəsindən “Yaşı otuzdan aşağı olmayan,” sözləri çıxarılsın.

5. 41-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

“Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.”.

6. 43-cü maddənin III hissəsində “Azərbaycan Respublikasının Konstitusiyası” sözləri “Konstitusiya” sözü ilə əvəz edilsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 25 iyul 2017-ci il