ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLIKASININ

Q A N U N U

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər

haqqında

Bu Qanun Naxçıvan Muxtar Respublikası Ali Məclisinə  seçkilərin təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
I  F Ə S İ L
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar

1.1. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.1.1. seçkilər – Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və bu Qanun əsasında keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisi (bundan sonra – Ali Məclis) deputatlarının seçkiləri;

1.1.2. seçici -  seçki hüququna malik şəxs;

1.1.3. seçki komissiyası – bu Qanunla nəzərdə tutulan qaydada formalaşdırılan, seçkilərin keçirilməsini təşkil edən və təmin edən kollegial orqan;

1.1.4 seçki dairəsi – qeydə alınmış seçicilərin Ali Məclisə deputat seçməsi üçün bu Qanuna uyğun olaraq təşkil edilmiş ərazi vahidi;

1.1.5. vətəndaş – Naxçıvan Muxtar Respublikasında daimi yaşayan aktiv seçki hüququ olan Azərbaycan Respublikası vətəndaşları və bu Qanunun 13.2-ci maddəsində göstərilən şəxslər;

1.1.6. namizəd – Ali Məclisin deputatı seçilmək üçün bu Qanuna uyğun olaraq namizədliyi irəli sürülmüş şəxs;

1.1.7. seçki hüququ – Ali Məclisin deputatlarını seçmək və həmin orqana seçilmək hüququ, o cümlədən namizədlərin irəli sürülməsində,  seçkiqabağı təşviqatda, seçki komissiyalarının işində, seçkilərin keçirilməsinin müşahidəsində (seçkilərin nəticələrinin müəyyən edilməsi də daxil olmaqla),  səsvermədə, digər seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək;

1.1.8. seçici siyahıları -  müvafiq seçki dairəsinin seçki məntəqəsi ərazisində yaşayan və seçki hüququna malik olan Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının siyahıları;

1.1.9. imza vərəqələri – bu və ya digər namizədin seçkilər zamanı dəstəklənməsinə yönəldilən seçicilərin imzaları olan siyahılar;

1.1.10. təşviqat materialları – seçki kampaniyası zamanı dərc edilməsi və ya digər üsullarla yayılması nəzərdə tutulan seçkiqabağı təşviqata həsr edilmiş çap və digər materiallar;

1.1.11. seçkiqabağı təşviqat – vətəndaşların və siyasi partiyaların seçiciləri seçkilərdə iştiraka, bu və ya digər namizədlərin lehinə səs verməyə (səs verməməyə) çağıran və ya çağırmaq məqsədi daşıyan fəaliyyəti;

1.1.12. namizədlərin irəli sürülməsi – Ali Məclisin deputatı  seçilməsi nəzərdə tutulan şəxslərin müəyyən edilməsinə dair təşəbbüs, həmçinin bu təşəbbüsün dəstəklənməsinə yönəldilmiş imzaların toplanması və ya bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən təşəbbüsün digər üsullarla həyata keçirilmə formaları;

1.1.13. qeydə alınmış namizəd – Ali Məclisin deputatı seçilmək üçün bu Qanuna uyğun olaraq qeydə alınmış şəxs;

1.1.14. müşahidə – məlumatların yığılması və onların qiymətləndirilməsi əsasında ekspert rəyinin hazırlanması;

1.1.15. müşahidəçi – seçkilərin keçirilməsi zamanı seçkiləri müşahidə etmək üçün siyasi partiyalar, ictimai təşkilatlar, namizədlər tərəfindən təyin edilən və bu Qanunla nəzərdə tutulmuş qaydada müvafiq seçki komissiyasında qeydə alınmış şəxs;

1.1.16. beynəlxalq (xarici) müşahidəçi - seçkiləri müşahidə etmək hüqu­qunu almış və xarici dövləti, xarici və ya beynəlxalq təşkilatı təmsil edən şəxs;

1.1.17. seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslər – müşahidəçilər, beynəlxalq (xarici) müşahidəçilər, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr, kütləvi informasiya vasitələrinin nümayəndələri;

1.1.18. siyasi partiyalar – müvafiq qaydada qeydiyyatdan keçmiş siyasi partiyaların yerli təşkilatları;

1.1.19. siyasi partiyalar bloku – seçkilərdə birgə iştirak etmək üçün 2 və ya daha çox siyasi partiyanın yaratdığı və seçkilər zamanı siyasi partiyalarla eyni hüquqa malik olan blok;

1.1.20. seçki kampaniyası – seçkilərin təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin nəticələrinin dərcinə qədər çəkən müddətdə həyata keçirilən seçki hərəkətləri;

1.1.21. seçki şikayəti – seçkilərlə əlaqədar sənədlərin, qərarların, hərəkətlərin (hərəkətsizliyin) nəticələrinin ləğv edilməsinə və ya bu nəticələrə yenidən baxılmasına yönəldilmiş müraciət;

1.1.22. şəxsiyyəti təsdiq edən sənəd -  şəxsiyyət vəsiqəsi və ya vətəndaşın adını, atasının adını, soyadını,  doğum tarixini, yaşayış ünvanını əks etdirən və həmçinin vətəndaşın fotoşəkli olan rəsmi sənəd (bu cür sənədlərin siyahısı Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası (bundan sonra Mərkəzi Seçki Komissiyası) tərəfindən təsdiq edilir);

1.1.23. dərc – seçki komissiyalarının seçkilərlə bağlı qərarlarının məlumat lövhələrində yerləşdirilməsi yolu ilə, rəsmi çap, televiziya, radio və ya hamının həmin qərarlarla tanış olmasını mümkün edən digər üsullarla əhalinin nəzərinə çatdırılması və ya elan edilməsi;

1.1.24. uzaq və ya yolu çətin yerlər -  dağlıq ərazidə yerləşən və təbii şəraitlə bağlı ictimai nəqliyyat ilə ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan artıq vaxt tələb olunan yaşayış məntəqələri;

1.1.25. səsvermənin nəticələri – məntəqə seçki komissiyasında seçkilər zamanı səslərin hesablanmasının nəticələri;

1.1.26. seçkilərin nəticələri – dairə seçki komissiyası tərəfindən Ali Məclis deputatlarının seçkiləri zamanı müəyyən edilmiş səsvermənin nəticələri;

1.1.27. seçkilərin yekunları – seçkilər zamanı Ali Məclisin deputatı seçilmiş namizədin müəyyən edilməsi;

1.1.28. seçkilərin ümumi yekunları – seçilmiş namizədlərin adlarını və onların lehinə verilən səslərin sayını əks etdirən Ali Məclisə seçkilərin yekunlarının ümumiləşdirilməsi.

Maddə 2. Ali Məclisə seçkilərdə iştirakın prinsipləri

2.1. Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 13-cü maddəsinə uyğun olaraq Ali Məclisə seçkilərdə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə iştirak edirlər.

2.2. Vətəndaşların seçkilərdə iştirakı azad və könüllüdür. Seçkilərdə iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin vətəndaşa təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.

2.3. Seçkilərin hazırlanması və keçirilməsi, səslərin hesablanması, səsvermənin yekunlarının, seçkilərin nəticələrinin müəyyən edilməsi açıq və aşkar həyata keçirilir.

2.4. Seçkilərdə iştirak edənlər aşağıdakı şərtlərə riayət etməlidirlər:

2.4.1. mətbuat azadlığına hörmət bəsləmək;

2.4.2. öz peşə fəaliyyəti ilə məşğul olan kütləvi informasiya vasitələri nümayəndələrinin işinə mane olmamaq, namizədlərin, partiyaların (siyasi partiyalar bloklarının) seçki kampaniyalarına müdaxilə etməmək və onu pozmamaq;

2.4.3. seçkiqabağı təşviqat materiallarının yayılmasına mane olmamaq;

2.4.4. seçkiqabağı təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını  məhv etməmək və korlamamaq;

2.4.5. seçkiqabağı kütləvi tədbirlərin keçirilməsinə mane olmamaq;

2.4.6. seçkilərin azad, sərbəst, dinc və mütəşəkkil keçirilməsi üçün seçki orqanları ilə və onların vəzifəli şəxsləri ilə əməkdaşlıq etmək;

2.4.7. seçicilərin öz iradəsini azad və sərbəst bildirməsinə maneçilik törətməmək;

2.4.8. səlahiyyətli şəxslərə və müşahidəçilərə hörmət bəsləmək və onlarla əməkdaşlıq etmək;

2.4.9. səsvermənin gizliliyini saxlamaq və saxlanılmasına kömək göstərmək;

2.4.10. seçiciləri qeyri-qanuni hərəkətlər yolu ilə öz tərəfinə çəkməmək;

2.4.11. seçki komissiyalarının fəaliyyətlərinə əsassız müdaxilə etməmək, səslərin verilməsi və ya səslərin hesablanması prosesini pozmamaq;

2.4.12. seçkilərin qanuni təsdiqlənmiş nəticələrinə hörmət etmək, seçkilərlə bağlı hər bir şikayəti səlahiyyətli orqana təqdim etmək və həmin orqanın bu şikayətlə bağlı qərarına riayət etmək;

2.4.13. hədə-qorxu və böhtan xarakterli və ya zorakılığa çağıran çıxışlar etməmək və bu cür materiallar yaymamaq;

2.4.14. seçicilərə mükafat təklif etməmək, onları cəza ilə hədələməmək;

2.4.15. təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri səs verməyə, səsvermədən çəkinməyə sövq etməmək;

2.4.16. dövlət resurslarından, bələdiyyə və digər ictimai resurslardan bu Qanunla nəzərdə tutulmamış hallarda istifadə etməmək;

2.4.17. təzyiq göstərmək və ya bəxşiş təklif etmək yolu ilə və ya digər qanunazidd üsullarla seçiciləri öz namizədliklərini irəli sürməyə və ya irəli sürməməyə, namizədliklərini geri götürməyə və ya geri götürməməyə, seçkiqabağı təşviqatda iştirak etməyə və ya iştirak etməməyə məcbur etməmək;

2.4.18. heç bir vəzifəli şəxsin namizədin dəstəklənməsinə  və ya dəstəklənməməsinə yönəldilən köməyindən və ya fəaliyyətindən istifadə etməmək;

2.4.19. Bu Qanunun 2.4.2-2.4.5, 2.4.7, 2.4.10, 2.4.11, 2.4.13-2.4.18-ci maddələrinin tələblərinin pozulması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə səbəb olur.

Maddə 3. Ümumi seçki hüququ

İrqindən, milliyyətindən, dilindən, dinindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq vətəndaşların seçmək və seçilmək hüququ vardır.

Maddə 4. Bərabər  seçki hüququ

4.1. Vətəndaşlar seçkilərdə bərabər əsaslarla iştirak edirlər.

4.2. Səsvermə zamanı hər bir vətəndaşın bir səsi vardır.

4.3. Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir.

Maddə 5. Birbaşa seçki hüququ

5.1. Vətəndaşlar seçkilərdə namizədin lehinə və ya əleyhinə şəxsən səs verirlər.

5.2. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Başqalarının əvəzinə səs verən və ya bunun üçün şərait yaradan vətəndaşlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və ya  İnzibati Xətalar Məcəlləsində göstərilən məsuliyyətə cəlb olunurlar.

Maddə 6. Səsvermənin gizliliyi

Seçkilər zamanı səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsi üzərində hər cür nəzarəti istisna etməlidir.

Maddə 7. Ali Məclisə seçkilərin keçirilməsinin məcburiliyi

7.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasında və bu Qanunda göstərilən müddətdə Ali Məclisə seçkilərin keçirilməsi məcburidir.

7.2. Azərbaycan Respublikasının və ya Naxçıvan Muxtar Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində Ali Məclisə seçkilər keçirilə bilməz.