ÇapE-poçt

Maddə 8. Ali Məclisə seçkilərin təyin edilməsi

8.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 14-cü maddəsinin II hissəsinə, 5-ci maddəsinin II hissəsinin 1-ci bəndinə uyğun olaraq yeni çağırışın deputat seçkiləri gününü Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsi təyin edir. Seçkilər səsvermə gününə azı 60 gün qalmış elan edilir. Yeni seçilmiş Ali Məclisin səlahiyyət müddətinin hesablanması onun birinci iclasının keçirildiyi gündən başlanır.

8.2. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 17-ci maddəsinin III hissəsinə uyğun olaraq Ali Məclisin seçilməsi günü onun seçkilər nəticəsində səlahiyyətli tərkibdə formalaşdığı gün hesab edilir. Seçkilərin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən başlayaraq ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir.

8.3. Səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.

Maddə 9. Seçki hüququnun həyata keçirildiyi yer

9.1. Aktiv seçki hüququ seçkilərin təyin edildiyi gündən əvvəlki 12 ayın azı 6 ayı ərzində ərazisində vətəndaşların daimi yaşadıqları seçki məntəqəsində həyata keçirilir.

9.2. Müharibə, hərbi münaqişələr, iğtişaşlar və ya təbii fəlakətlər nəticəsində öz daimi yaşayış yerlərini tərk edən vətəndaşlar aktiv seçki hüquqlarını Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada həyata keçirirlər.

Maddə 10. Seçkilər zamanı səsvermə

Seçkilərdə iştirak edərkən Naxçıvan Muxtar Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları yalnız bir namizədin lehinə səs verə bilərlər.

Maddə 10-1. Seçkilərin gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi

10-1.1. Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.

10-1.2. Vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Maddə 11. Ali Məclisə seçkilərin əsasları

Ali Məclisə birmandatlı seçki dairələri üzrə 45 deputat (bir dairədən bir deputat) seçilir.

Maddə 12. Ali Məclisə seçkilər haqqında qanunvericilik

Ali Məclisə seçkilər haqqında qanunvericiliyin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və bu Qanun təşkil edir.

II   F Ə S İ L

SEÇKİ HÜQUQUNUN TƏMİNATLARI.

MƏHDUDİYYƏTLƏR

Maddə 13. Aktiv seçki hüququnun mənsubiyyəti

13.1. Naxçıvan Muxtar Respublikası  Konstitusiyasının 8-ci maddəsində və bu Qanunun 15-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Ali Məclisə seçkilərin keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçkilərin gedişini müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək,  bu Qanunla nəzərdə tutulmuş seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ – aktiv seçki hüququ vardır.

13.2. Bu Qanunun 13.1-ci maddəsində göstərilən tələbə cavab verən Naxçıvan Muxtar Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan, vətəndaşlığı olmayan şəxslər Ali Məclisə seçkilər zamanı səsvermədə iştirak edə bilərlər.

13.3. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə iştirak etmək hüququndan – aktiv seçki hüququndan məhrumdurlar.

Maddə 14. Passiv seçki hüququnun mənsubiyyəti

14.1. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci maddəsində və bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş qaydada Ali Məclisə deputat seçilmək hüququ – passiv seçki hüququ vardır.

14.2. Passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci, 15-ci maddələri və bu Qanunla müəyyən edilir.

14.3. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci maddəsinin üçüncü hissəsinə və 15-ci maddəsinə uyğun olaraq aşağıdakı şəxslərin Ali Məclisə deputat seçilmək hüququ – passiv seçki hüququ yoxdur:

14.3.1. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;

14.3.2. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4 - 15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər;

14.3.3. ikili vətəndaşlığı olan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları (ikili vətəndaşlığı qalanadək);

14.3.4. xarici dövlətlər qarşısında öhdəlikləri olan Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları (həmin öhdəliklərə xitam verilənədək). Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.

Maddə 15. Vəzifələrin uzlaşmaması

15.1. Vəzifələrin uzlaşmaması halları Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci maddəsinin III hissəsi, 15-ci maddəsi və bu Qanunla müəyyən edilir.

15.2.  Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 8-ci maddəsinin III hissəsinə uyğun olaraq aşağıdakı şəxslər tutduqları vəzifələrə görə  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı ola bilməzlər:

15.2.1. hərbi qulluqçular (hərbi qulluqda olduqları müddətdə);

15.2.2. hakimlər (hakim olduqları müddətdə);

15.2.3. dövlət qulluqçuları (dövlət qulluğunda olduqları müddətdə);

15.2.4. din xadimləri (peşəkar dini fəaliyyətlə məşğul olduqları müddətdə).

Maddə 16. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi     şəxslərin seçkilərdə iştirakına yol verilməməsi

16.1. Vətəndaşlığı olmayan şəxslər Naxçıvan Muxtar Respublikasında passiv seçki hüququna, eləcə də bu Qanunun 13.2-ci maddəsində göstərilən hal istisna olmaqla aktiv seçki hüququna malik deyildirlər.

16.2. Əcnəbilər Naxçıvan Muxtar Respublikasında aktiv və passiv seçki hüququna malik deyildirlər.

16.3. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (bundan sonra – xarici hüquqi şəxslər) deputatlığa namizədlərin irəli sürülməsində, qeydə alınmasında, qeydə alınmış namizədlərin seçki kampaniyalarında iştirak edə bilməzlər.

16.4. Bu tələblərə riayət etməyən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

Maddə 17. Vətəndaşların səsvermədə iştirak etmədikləri hallar

17.1. Səsvermə günü təyyarələrdə və hava limanlarında, qatarlarda və dəmiryolu vağzallarında, ekspedisiyalarda olan vətəndaşlar  həmin vaxt səsvermədə iştirak etmirlər.

17.2. Səsvermə günü xarici dövlətlərdə olan Naxçıvan Muxtar Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları üçün Ali Məclis deputatlarının seçkiləri üzrə  səsvermə keçirilmir.

 

III   F Ə S İ L
SEÇKİ ORQANLARI

Maddə 18. Seçki orqanlarının fəaliyyət prinsipləri

18.1. Naxçıvan Muxtar Respublikasında seçkilər seçki komissiyaları tərəfindən təşkil edilir və keçirilir.

18.2. Bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki orqanları – seçki komissiyaları seçkilərin hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin, seçkilərin nəticələrinin və seçkilərin yekunlarının, ümumi yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin edir, həmin hüquqlara riayət olunmasına nəzarət edirlər.

18.3. Bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki komissiyaları seçkilərin hazırlanmasında və keçirilməsində dövlət hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, siyasi partiyalardan və başqa ictimai təşkilatlardan, digər hüquqi və fiziki şəxslərdən asılı deyildirlər; onların və ya onların vəzifəli şəxslərinin seçki komissiyalarının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Seçki komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cinayət və ya inzibati məsuliyyətinə cəlb edilirlər.

18.4. Bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki komissiyalarının qəbul etdiyi qərarlar və aktlar müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanları, bələdiyyə qurumları, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, digər ictimai təşkilatlar, vəzifəli şəxslər və seçicilər üçün məcburidir. Yuxarı seçki komissiyalarının qərarları aşağı seçki komissiyaları üçün məcburidir.

18.5. Seçkilərin təşkili və keçirilməsi zamanı seçki komissiyaları və onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində aşağıdakı tələblərə əməl etməlidirlər:

18.5.1. seçkilərin təşkili və keçirilməsində qanuna əsaslanmalıdırlar; qanunlar tam, bərabər və qərəzsiz tətbiq olunmalıdır;

18.5.2. qanun çərçivəsində hər bir siyasi partiyaya, namizədə, seçiciyə və seçki kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər;

18.5.3. namizədə, siyasi partiyalara, seçiciyə münasibətdə neytral və qərəzsiz olmalıdırlar;

18.5.4. hər hansı bir namizədin, siyasi partiyanın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər;

18.5.5. seçkilərin təşkilatçısı kimi xidməti və şəxsi mənafelər arasında ziddiyyətlərə yol verməməlidirlər;

18.5.6. seçki kampaniyasında iştirak edənlərdən heç bir hədiyyə və digər bəxşişlər almamalıdırlar;

18.5.7. qanunsuz, onların vəzifələri ilə ziddiyyət təşkil edən göstərişləri icra etməməlidirlər;

18.5.8. onların vəzifələri ilə ziddiyyət təşkil edən heç bir hərəkətdə (aksiyada) iştirak etməməlidirlər;

18.5.9. hər hansı bir namizədə, siyasi partiyaya qarşı qərəzli mövqeyin yaranmasına gətirib çıxara bilən fəaliyyətdə (özəl fəaliyyət də daxil olmaqla) iştirak etməməlidirlər;

18.5.10. seçkilərlə əlaqəsi olan heç bir siyasi mübahisə zamanı mövqe bildirməməlidirlər;

18.5.11. siyasi mahiyyət daşıyan seçki məsələləri ilə əlaqədar heç bir seçici ilə münasibətdə olmamalıdırlar;

18.5.12. heç bir siyasi partiyanın rəmzlərini gəzdirməməlidirlər, yaymamalıdırlar, heç bir siyasi partiyaya hansısa başqa yolla münasibət bildirməməlidirlər;

18.5.13. seçki komissiyalarının iclasları istisna olmaqla, qəbul olunan qərarları öz mülahizələri üzrə şərh etməməlidirlər;

18.5.14. hər bir qərarın qəbul edilməsinə təsir göstərə bilən məlumatın əldə edilməsini mümkün etməlidirlər;

18.5.15. qanun əsasında seçicilərə, seçki hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün şərait yaratmalıdırlar;

18.5.16. məlumatların yığılmasına, araşdırılmasına, birmənalı və aydın anlaşılmaqla müntəzəm dərc edilməsinə şərait yaratmalıdırlar;

18.5.17. seçicilərin seçkilərdə iştirakı üçün imkan dairəsində bütün tədbirləri görməlidirlər;

18.5.18. seçicilər tərəfindən seçki kampaniyasının düzgün başa düşülməsi üçün tədbirlər görməlidirlər;

18.5.19. səs vermək üçün xüsusi şəraitin yaradılması tələb olunan əlil və ya digər fiziki qüsuru olan, uzaq və ya yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə iştirakı üçün bütün imkanları yaratmalıdırlar.

Maddə 19. Seçki komissiyaları sistemi

19.1. Naxçıvan Muxtar Respublikasında seçki komissiyaları sisteminə aşağıdakı komissiyalar daxildir:

19.1.1. Mərkəzi Seçki Komissiyası;

19.1.2. dairə seçki komissiyaları;

19.1.3. məntəqə seçki komissiyaları.

19.2. Seçki komissiyalarının işinə daimi fəaliyyət göstərən dövlət orqanı olan Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.

Maddə 20. Seçki komissiyalarının fəaliyyətinin təşkilinin ümumi qaydaları

20.1. Seçki komissiyaları kollegial formada fəaliyyət göstərirlər.

20.2. Müvafiq seçki komissiyası onun üzvlərinin təyin edildiyi gündən ən geci 5 gün ərzində birinci iclasına toplaşır.

20.3. Seçki komissiyasının sədri (Mərkəzi Seçki Komissiyasında həmçinin sədr müavini) və katibi komissiyanın birinci iclasında gizli və ya açıq səsvermə yolu ilə seçilirlər. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv (Mərkəzi Seçki Komissiyasında sədr olmadıqda – müavin) sədrlik edir.

20.4. Seçki komissiyaları öz səlahiyyətləri daxilində qərarlar qəbul edirlər.

20.5. Seçki komissiyasının iclası sədr tərəfindən, habelə komissiya üzvlərinin azı 1/3 hissəsinin tələbi ilə çağırılır.

20.6. Seçki komissiyasının üzvü, xəstələnmə və digər üzrlü səbəblər istisna edilməklə, seçki komissiyasının bütün iclaslarında iştirak etməyə borcludur.

20.7. Seçki komissiyasının iclası haqqında və həmin iclasda baxılan məsələlər haqqında seçki komissiyasının üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. İclasın vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər səsvermə gününə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, səsvermə günü isə dərhal və şəxsən çatdırılır.

20.8. Seçki komissiyası iclasının səlahiyyətli olması üçün onun üzvlərinin azı 2/3 hissəsi seçilməlidir.

20.9. Seçki komissiyasının iclası komissiyanın üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli hesab edilir.

20.10. Seçki komissiyası üzvünün, habelə iclasda yuxarı seçki komissiyasının rəsmi iştirak edən üzvünün tələbi ilə komissiyanın səlahiyyətinə aid olan və təsdiq edilmiş gündəliyə uyğun gələn hər hansı məsələyə dair səsvermə keçirilməlidir.

20.11. Seçki komissiyası üzvlərinin azı 1/3-nin tələbi ilə seçkilərlə bağlı hər hansı bir məsələ seçki komissiyasının sədrinə ünvanlanan yazılı müraciət əsasında seçki komissiyası iclasının gündəliyinə daxil edilməlidir.

20.12. Seçki komissiyasının bütün iclasları haqqında protokol tərtib edilir, komissiyaya daxil olan bütün sənədlər qeydə alınır.

20.13. Seçki komissiyasının qərarları və iclasının protokolları komissiyanın sədri və katibi tərəfindən imzalanır. Adları çəkilən şəxslər qərar və protokolu imzalamadıqda, onları bu sənədlərə səs verən komissiya üzvləri imzalayırlar. Seçki komissiyalarının iclasının protokolları təsdiq olunmaq üçün iclasa ən azı 24 saat qalmış (seçki günü isə gecikdirilmədən) komissiya üzvlərinə paylanır və komissiyanın növbəti iclaslarının birində qərarla təsdiq edilir (bu məsələ seçki komissiyası iclasının gündəliyinə birinci məsələ kimi salınır).

20.14. Seçki komissiyasının qəbul edilmiş qərarı ilə razılaşmayan üzvlər yazılı formada xüsusi rəy bildirə bilərlər və həmin rəy komissiyanın iclasının protokoluna əlavə edilir. Xüsusi rəy ən geci 3 gün müddətində komissiyanın sədri tərəfindən yuxarı seçki komissiyasına çatdırılmalı, səsvermə günü və səsvermənin ertəsi günü isə onun haqqında təxirə salınmadan məlumat verilməlidir.

20.15. Seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün büdcədən ayrılan vəsait həddində əmək müqaviləsi və mülki müqavilə əsasında ştatdankənar işçilər götürə bilər.

20.16. Seçki komissiyasının sədri komissiyanın üzvləri arasında vəzifə bölgüsü aparır.