ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLIKASININ

Q A N U N U

Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında

 

BİRİNCİ FƏSİL

ÜMUMİ MÜDDƏALAR


Maddə 1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusunun Konstitusiya əsasları

Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının (bundan sonra deputat adlanacaq) statusunun əsasları Azərbaycan Respublikasının Konstitusiyası və Naxçıvan Muxtar Respublikası Konstitusiyası ilə müəyyən edilir.

Deputatın statusu Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə, bu Qanunla və Naxçıvan Muxtar Respublikasının digər qanunları ilə müəyyən edilir.

Maddə 2. Qanunun tətbiq sahəsi

Bu Qanun deputatın səlahiyyətlərini və vəzifələrini müəyyən edir, deputatlıq fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi və sosial təminatları nəzərdə tutur.

Maddə 3. Deputatın statusunun təminatı

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında, bu Qanunda və Naxçıvan Muxtar Respublikasının başqa qanunlarında təsbit edilmiş deputatın səlahiyyətlərinin maneəsiz həyata keçirilməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada təminat verilir.

Deputat öz səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasını, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını, bu Qanunu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsini və Naxçıvan Muxtar Respublikasının başqa qanunlarını rəhbər tutmalıdır. 

Maddə 4. Deputatın səlahiyyətləri

Deputatın aşağıdakı səlahiyyətləri vardır:

- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun orqanlarının iclasında iştirak etmək;

- Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanlarına seçmək və seçilmək;

- qanunvericilik təşəbbüsünü həyata keçirmək;

- deputat sorğusu vermək;

- məlumat almaq və yaymaq;

- toxunulmaz olmaq;

-Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hallarda şahid qismində ifadə verməkdən imtina etmək;

- vəzifəli şəxslər tərəfindən təxirə salınmadan qəbul edilmək.

Maddə 5. Deputatlıq fəaliyyətinin formaları

Deputat aşağıdakı formalarda fəaliyyət göstərir:

- Ali Məclisin iclaslarında iştirak edir;

- Ali Məclisin komissiyalarının işində iştirak edir;

- Ali Məclisin, Ali Məclisin Sədrinin, Ali Məclisin komissiyalarının tapşırıqlarını yerinə yetirir;

- deputat sorğuları verir;

- seçicilərlə iş aparır.

Maddə 6. Deputatın vəsiqəsi və döş nişanı

Hər bir deputata Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının vəsiqəsi və döş nişanı verilir.

Deputatın vəsiqəsinin və döş nişanının təsviri və onlar haqqında əsasnamələr Ali Məclisin Qərarı ilə təsdiq edilir.

 

İKİNCİ  FƏSİL

DEPUTATIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

Maddə 7. Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardır.

Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bütün iclaslarında həlledici səs hüququ vardır.

Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirə etdiyi bütün məsələlərə dair fikrini bildirə, təkliflərini və qeydlərini verə bilər. Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin razılığı ilə müraciətlər və bəyanatlar ilə çıxış edə bilər.

Maddə 8. Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyətləri

Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanlarına seçmək və seçilmək səlahiyyəti vardır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin, sədr müavinlərinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi komissiyaları sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçkiləri zamanı deputat özünün və başqa deputatların namizədliklərini irəli sürə bilər, namizədlərin müzakirəsində və səsvermədə iştirak edə bilər.

Maddə 9. Deputatın qanunvericilik təşəbbüsü hüququ

Deputatın Naxçıvan Muxtar Respublikası Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilən qanunvericilik təşəbbüsü vardır.

Deputat qanunvericilik təşəbbüsü hüququnu aşağıdakı formalarda həyata keçirir:

- yeni qanun və ya qərar layihəsinin qəbul olunmasını təklif edə bilər;

- qüvvədə olan qanuna və ya qərara dəyişikliklər və əlavələr edilməsi haqqında  təklif edə bilər;

- qüvvədə olan qanunun və ya qərarın qüvvədən düşməsi haqqında layihə təklif edə bilər;

- Naxçıvan Muxtar Respublikası Ali Məclisində baxılan qanun və qərar layihələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında təkliflər irəli sürə bilər.

Deputatın qanunvericilik təşəbbüsü hüququ onun təqdim etdiyi qanun və ya qərar layihələrinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi komissiyalarında baxılması və bu barədə müvafiq qərar qəbul edilməsi ilə qanunvericilik təşəbbüsü irəli sürən deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun komissiyalarının iclaslarında çıxış etməsinə şərait yaradılması ilə təmin olunur.

Maddə 10. Deputat sorğusu

Deputat öz səlahiyyətləri çərçivəsində Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Naxçıvan Muxtar Respublikasının prokuroruna və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Naxçıvan Muxtar Respublikasının Milli Bankının İdarə Heyətinə sorğu verə bilər.

Deputat sorğusu deputat tərəfindən fərdi qaydada və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında yazılı şəkildə verilir. Sonuncu halda deputat sorğusu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasına sədrlik edən və ya sorğunu verən deputat tərəfindən oxunur.

Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi surətdə yazılı cavab verməlidir.

Maddə 11. Deputatın məlumat almaq və ya yaymaq hüququ

Deputatın qanunla qadağan edilməmiş üsullarla məlumat almaq və yaymaq hüququ vardır.

Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi sənədlərlə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fərman və sərəncamları ilə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları ilə təmin olunur.

Deputat öz fəaliyyəti ilə əlaqədar zəruri materialları və sənədləri almaq üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına,     yerli özünüidarə  orqanlarına, dövlət müəissələrinə, idarələrinə, təşkilatlarına müraciət edə bilər. Həmin orqanlar tələb olunan materialları və sənədləri «Dövlət sirri haqqında» Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini gözləməklə, on gün müddətində deputata təqdim etməlidirlər.

Maddə 12. Deputatın toxunulmazlığı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasına görə deputatın şəxsiyyəti toxunulmazdır.

Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir.

Deputatın toxunulmazlığına Naxçıvan Muxtar Respublikası Konstitusiyasında nəzərdə tutulmuş hallarda və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir.

Maddə 13. Deputatın şahid qismində ifadə verməkdən

imtina etmək hüququ

Deputat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ona məlum olmuş hallar haqqında Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada şahid qismində ifadə verməkdən imtina etmək hüququna malikdir.

Maddə 14. Deputatın vəzifəli şəxslər tərəfindən təxirə salınmadan

qəbul edilmək hüququ

Deputat Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, məhkəmə hakimiyyəti orqanlarının, prokurorluq orqanlarının, yerli özünüidarə orqanlarının, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının vəzifəli şəxsləri tərəfindən təxirə salınmadan qəbul edilməlidir.

Maddə 15. Deputatın çıxışlarının dərc edilməsi

Deputatın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin açıq iclaslarında etdiyi çıxışlar «Naxçıvan Muxtar Respublikası Ali Məclisi iclaslarının protokolları və stenoqramları»nda rəsmən dərc edilir. «Naxçıvan Muxtar Respublikası Ali Məclisi iclaslarının protokolları və stenoqramları» dərc edilməzdən əvvəl deputatın öz çıxışlarının mətni ilə taniş olmaq hüququ var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında iştirak etmiş, lakin çıxış etməyə imkanı olmamış deputat öz çıxışının mətnini, habelə müzakirə olunan məsələ barəsində yazılı təkliflərini və qeydlərini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasına sədrlik edənə verə bilər. Çıxışın, habelə təklif və qeydlərin mətni iclasın stenoqramına daxil edilir və «Naxçıvan Muxtar Respublikası Ali Məclisi iclaslarının protokolları və stenoqramları»nda  dərc olunur.

Maddə 16. Deputatın vəzifələri

Deputat öz vəzifələrini icra edərkən vətəndaşların hüquqlarını və azadlıqlarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının mənafelərini qorumalı, Azərbaycan Respublikası Konstitusiyasını və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qərarlarını rəhbər tutmalı, deputat etikasını gözləməlidir.

Deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında və üzv olduğu Naxçıvan Muxtar Respublikası Ali Məclisi komissiyalarının iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbdən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun komissiyalarının iclaslarını buraxan deputat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilən qaydada parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

Maddə 17. Deputat etikası

Deputat qanuna zidd hərəkətlərə, habelə yüksək adına xələl gətirə biləcək davranışa, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, başqalarını bu cür hərəkət etməyə çağırmamalı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və onun komissiyalarının iclaslarının aparılması qaydalarına riayət etməlidir.