ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

 

Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının

elektron xidmətlər göstərməsinin təşkili haqqında

 

Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının fəaliyyətində çevik idarəetmənin, şəffaflığın  təmin olunması, informasiya-kommunikasiya texnologiyalarının dövlət hakimiyyəti orqanlarında geniş tətbiqi, müasir standartlara cavab verən normativ hüquqi aktların tələblərini özündə əks etdirən internet saytlarının və elektron xidmətlərinin yaradılması zəruriliyini nəzərə alaraq və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətin təşkili üçün aşağıdakı tədbirləri həyata keçirsinlər:

1.1. səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması;

1.2. elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi;

1.3. elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müəyyən edilmiş qaydada doldurulmuş ərizə və tələb olunan sənədlərin skan edilmiş surətlərinin elektron formada qəbul edilməsinin, bu barədə göndərən şəxsə təsdiqetmə bildirişinin göndərilməsinin və həmin sənədlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılmasının təmin edilməsi;

1.4. müvafiq sənədlər barədə informasiya əldə edilməsi üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edilməsi, bu mümkün olmadığı hallarda şəxslərdən həmin sənədlərin əslinin tələb edilməsi;

1.5. göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsi.

2. Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılsın:

2.1. elektron xidmətin təkmilləşdirilməsi məqsədilə dövlət orqanlarının, eləcə də elektron imza xidmətindən istifadə məqsədi ilə müraciət edən hüquqi və fiziki şəxslərin elektron imza ilə təmin edilməsi işini təşkil etsin;

2.2. dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin aparılmasının təmin edilməsi məqsədi ilə zəruri tədbirləri həyata keçirsin;

2.3. dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili məqsədilə “elektron hökumət” portalının yaradılmasını təmin etsin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarına elektron xidmətin təşkili üçün metodiki dəstəyi təmin etsin;

2.5. dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədi ilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirləri həyata keçirsin;

2.6. bu Fərmanın 2-ci bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat təqdim etsin.

3. Mərkəzi icra hakimiyyəti orqanları bu Fərmanın 1-ci bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat təqdim etsinlər.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 15 iyul 2011-ci il

№ 23-IV FR