Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoymuş, ulu öndərin xatirəsini dərin ehtiramla yad etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər.

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmiş, xalqımızın müstəqil dövlətçilik arzularını reallığa çevirmişdir. Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabitliyin yaranması, milli-mənəvi yüksəlişə, sosial-iqtisadi inkişafa nail olunması ulu öndərin adı ilə bağlıdır.

1969-cu ildə birinci dəfə respublika rəhbərliyinə gələn ümummilli liderimiz sosial-iqtisadi böhran içində olan, geridə qalan Azərbaycanı qısa zamanda keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirdi. 1969-1982-ci illər Azərbaycanın tarixinə yüksəliş, tərəqqi və inkişaf dövrü kimi daxil olmuşdur. Müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin dövrdə təməli qoyulmuş potensiala əsaslanır. Ümummilli liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi isə şərəfli xilaskarlıq və quruculuq missiyasına həsr edilmişdir. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşayan və fəaliyyət göstərən ulu öndər müstəqilliyimizin əsasını təşkil edən mühüm tarixi qərarlar qəbul etmiş, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görmüşdür. Üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabrın 17-də ulu öndərin rəhbərliyi ilə Naxçıvanda qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, aqrar islahatların keçirilməsinə, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan uğurlu addımlar idi.

Ölkəmiz isə həmin illərdə bunun əksinə hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir dövrdə xalqımız ümid yeri kimi ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, nicatını Onun hakimiyyətə qayıdışında gördü. Bu qayıdış Azərbaycanın Milli Qurtuluş tarixinin əsasını qoydu.

Ulu öndər 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkədəki tənəzzülün qarşısını almışdırsa, 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətlərdən xilas etmişdir. Dahi şəxsiyyətin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, qətiyyəti, iradəsi sayəsində dövlət müstəqilliyimiz sarsılmaz və dönməz xarakter almışdır. “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi-siyasi inkişafına xidmət olmuşdur”, – deyən ulu öndər Heydər Əliyevin böyük ideyaları, amalları bu gün də Azərbaycanın yoluna nur saçır, xalqımızı xoşbəxt gələcəyə səsləyir.

Bu gün Azərbaycanda əldə olunan nailiyyətlərin bir səbəbi var: o da inkişafın Heydər Əliyev modeli, Heydər Əliyev quruculuq xəttidir. Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli siyasi xadim kimi ölkəmizi inamla daha xoşbəxt gələcəyə aparır. Ölkə Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, ötən dövrdə Azərbaycan böyük inkişaf yolu keçmiş, sürətli tərəqqi yoluna qədəm qoymuşdur. İqtisadi, siyasi və hərbi sahədə güclü potensial yaradılmışdır. Görülən işlər nəticəsində iki il əvvəl Vətən müharibəsində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız 44 gün ərzində müzəffər ordumuz tərəfindən düşmən tapdağından azad olundu.

2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Sərəncamda da qeyd olunur ki, “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.

Ümummilli liderimiz Heydər Əliyev siyasi xətti Onun şah əsəri olan müstəqil və qüdrətli Azərbaycanın hər yerində görünür. Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlərdə ümummilli liderimizin əməlləri yaşayır. Dövlət başçısının da dediyi kimi: “Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bir fədakarlıq nümunəsidir. Onun mirası isə bugünkü müstəqil Azərbaycandır!”

Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti