Naxçıvanda yüksək bal toplamış məzunlarla görüş olub

 

 

 

 

 

 

 

 

 

 

Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunlarla görüş keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş bütün məzunları, onların valideynlərini və təhsil ictimaiyyətini təbrik etmiş, gələcək təhsildə gənclərə uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov demişdir ki, 2021-2022-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 19-u “Qızıl”, 22-si “Gümüş” nişana, 64-ü fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 55-i fərqlənmə attestatına layiq görülmüşdür. Buraxılış və qəbul imtahanlarının nəticələrinə əsasən ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 1573-ü, yaxud 56 faizi 200 baldan yuxarı nəticə göstərmişdir. Hazırda məzunların ali təhsil müəssisələrinə ixtisas seçimi aparılır. Muxtar respublika üzrə 254 məzun 500-dən yuxarı bal toplamışdır. Rəhman Məmmədov muxtar respublika təhsilinin inkişafına göstərilən diqqət və qayğıya görə bütün təhsil işçiləri adından minnətdarlıq etmişdir.

Valideyn Lətifə Zeynalova çıxış edərək valideynlər, qəbul imtahanlarında 692 bal toplayan muxtar respublika birincisi, məktəbi “Qızıl” nişanla bitirmiş Nərmin Vəliyeva isə məzunlar adından minnətdarlıq etmişlər. Nərmin Vəliyeva söz vermişdir ki, harada təhsil almalarından, harada yaşamalarından asılı olmayaraq ümummilli liderimiz Heydər Əliyev ideyalarının davamçıları olacaq, Naxçıvan gəncliyinin adını daim zirvələrdə tutacaq, ölkəmizin çiçəklənməsinə öz töhfələrini verəcəklər.

Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayan məzunlara mükafat təqdim olunmuşdur.

Ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan məzunlardan Nigar Kərimova, Ülviyə Axundova, Arzu Hüseynova, Mayıl Səfərli, Hüseyn Paşazadə və Vüsal Hüseynli göstərilən qayğıya görə minnətdarlıq etmiş, ixtisaslı kadr kimi yetişəcəklərinə söz vermişlər.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti