Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türk Tarix Qurumunun sədri Birol Çətin ilə görüşmüşdür.

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə Türk Tarix Qurumu arasında imzalanan əməkdaşlıq protokolunun əhəmiyyətini vurğulamış, ortaq türk tarixinin yazılmasının vacibliyini diqqətə çatdırmışdır. Qədim türk torpağı olan Naxçıvanın tarixinin Nuh Peyğəmbərlə bağlı olduğunu bildirən Ali Məclisin Sədri Anadolunun türkləşməsində və İslam dininin o ərazilərdə yayılmasında Naxçıvanın rolundan danışmışdır.

Ali Məclisin Sədri müstəqillik illərində Naxçıvan tarixinin öyrənilməsi sahəsində görülən işlərdən bəhs etmiş, Naxçıvanşünaslığın mühüm elmi nailiyyətlərlə zənginləşdirildiyini qeyd etmiş, birgə əməkdaşlığın faydalı olacağına əminliyini bildirmişdir.

Türk Tarix Qurumunun sədri Birol Çətin Naxçıvanda olmaqdan məmnunluğunu ifadə etmiş, rəhbərlik etdiyi qurumun gördüyü işlər, aparılan arxeoloji qazıntılar barədə məlumat vermişdir. Naxçıvandan olan alimlərin iştirakı ilə arxeoloji qazıntıların aparılmasında, beynəlxalq konfransların keçirilməsində maraqlı olduqlarını bildirən Birol Çətin birgə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti