NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı
Sidqinin 150 illik yubileyinin keçirilməsi və xatirəsinin
əbədiləşdirilməsi haqqında
2004-cü il mart ayının 22-də Azərbaycan maarifçilik hərəkatının və ədəbiyyatının inkişafında böyük xidmətləri olan Məhəmməd Tağı Sidqinin 150 illik yubileyi tamam olur.
1854-cü ildə Ordubadda anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini Molla Məhəmməd Tağı adlı axundun məktəbində almış və sonra təhsilini Hüseyn Soltan mədrəsəsində davam etdirməklə klassik şərq poeziyasını və fəlsəfəsini öyrənmişdir. Maarifçilik fəaliyyəti dövründə məktəbdarlıq, ədəbiyyat, teatr və mətbuat sahələrində əvəzsiz xidmətlər göstərən Məhəmməd Tağı Sidqi təkcə Azərbaycanda deyil, Yaxın Şərq ölkələrində də tanınmışdır.
Məhəmməd Tağı Sidqinin 1892-ci ildə Ordubadda açdığı “Əxtər” (“Ulduz”) və 1894-cü ildə Naxçıvanda yaratdığı “Tərbiyə” məktəbləri Azərbaycanda milli və dünyəvi məktəbin genişlənməsinə, maarifçilik hərakatının inkişafında mühüm töhfələri vermişdir. Burada tədris olunan fənlər, keçirilən ədəbi-maarifçi tədbirlə, xüsusən Sidqinin hazırladığı “Əxlaq nümunələri”, “Qızlara hədiyyə”, “Müxtəsər coğrafiya risaləsi” kimi mükəmməl elmi-pedaqoji dəyərə malik olan dərsliklər ictimai mühitin tədricən maarifləşməsinə, yeni nəslin formalaşmasına təsir göstərmişdir. Azərbaycanın görkəmli mütəfəkkirləri, yazıçı, şair və tədqiqatçıları olan Hüsyn Cavid, Əziz Şərif, Əliqulu Qəmküsar, Rza Təhmasib, Əli Səbri və başqaları Məhəmməd Tağı Sidqinin məhşur “Tərbiyə” məktəbində yetişmişlər. Təsadüfi deyil ki, Cəlil Məmmədquluzadə bu məktəbi “böyüklər üçün darül-ürfan”-yəni akademiya adlandırmışdır.
Məhəmməd Tağı Sidqi Azərbaycan maarifçi-realist ədəbiyyatının yaradıcılarından biri kimi də tanınmışdır. Ədibin qələmindən çıxmış “Mədəniyyət məsnəviləri”adlı iri həcmli poetik mənzumə, “Heykəli-insana bir nəzər” ədəbi-fəlsəfi əsəri, maarifçi öyüdnamələr, “Kəblə Nəsr”, “İki tərbiyə üsulu”, “Ədəbli uşaq”, “Məktəbə gedən uşaq”, “Məktəbə davam edən uşaq”, “Analar bəzəyi” hekayələri, 300-dən çox şeri maarifçi ədəbiyyatın dirçəlməsində xüsusi əhəmiyyətə malik olmuşdur. Bu qiymətli ədəbi irsin bir çox nümunələrindən bu gün də məktəb dərsliklərində istifadə edilir.
Naxçıvan teatrının ilk yaradıcılarından olan Məhəmməd Tağı Sidqi bu teatrın inkişafı məsələləri ilə yaxından məşğul olmuşdur. 1894-1899-cu illərdə “Dram Cəmiyyəti” üzvləri ilə birlikdə M.F.Axundovun “Hekayəti-molla İbrahimxəlil kimyagər”, ”Sərgüzəşti-mərd-xəsis”, “Sərgüzəşti-vəzirixani-Lənkəran” komediyalarının Naxçıvan xanı Rəhim xanın evində tamaşaya qoyulmasına nail olan Məhəmməd Tağı Sidqi M.F.Axuvdovun “Hekayəti müsyo Jordan-həkimi-nəbatat və dərviş Məstəli şah-cadüküni-məşhur” komediyasına rejissorluq etmişdir. Böyük pedaqoq və maarifçi bu yolla milli teatrın imkanlarını xalqın maariflənməsinə, ictimai-mədəni tərəqqiyə cəlb etmişdir. O, Avropa, rus, və Şərq mətbuatı ənənələrini öyrənib tətbiq etmiş, geniş içtimai və maarifçilik fəaliyyəti göstərmişdir.
Azərbaycanın ümummilli lideri Möhtərəm Heydər Əliyev Naxçıvan mühitinin formalaşmasında Məhəmməd Tağı Sidqinin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin böyük rolu olmuşdur”
Məhəmməd Tağı Sidqinin Azərbaycan realist ədəbiyyatının inkişafında müstəsna rolunu, məktəb, teatr və mətbuat sahəsindəki xidmətlərini nəzərə alaraq qərara alıram:
1.Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 150 illik yubileyi Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilsin.
2.Naxçıvan Dövlət Kukla Teatrına Məhəmməd Tağı Sidqinin adı verilsin.
3. Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinin keçirilməsi üçün hazırlanmış tədbirlər planı təsdiq edilsin (Tədbirlər planı əlavə olunur)
4.Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
5.Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 11 mart 2004-ci il
№ 128-01/S
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2004-cü il 11mart tarixli 128-01/S
nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
Məhəmməd Tağı Sidqinin 150 illik yubileyinə
həsr olunmuş
Tədbirlər planı
S/№ |
Tədbirlər |
İcraçı |
Məhsul şəxs |
İcra müddəti |
1. |
Məhəmməd Tağı Sidqinin 150 illiyinə həsr edilmiş yubiley tədbirinin keçirilməsi
|
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi |
Zahid Əzimov |
2004-cü il |
2. |
AMEA-nın Naxçıvan bölməsində, Naxçıvan Dövlət Universiteti və Müəllimlər İnstitutunda M.T. Sidqinin 150 illik yubileyinə həsr olunmuş elmi simpoziumların keçirilməsi. |
AMEA-nın Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti və Müəllimlər İnstitutu |
İsmayıl Hacıyev, İsa Həbibbəyli, SadıqVəliyev |
Mart-May 2004-cü il |
3. |
Naxçıvan şəhəri Azadlıq prospekti 3-də yerləşən kino teatrın əsaslı şəkildə bərpa olunması və M.T. Sidqi adına Naxçıvan Dövlət Kukla teatrının yeni binaya köçürülməsi |
Naxçıvan Muxtar Respublikası Dövlət Tikinti və Memarlıq Komitəsi, Mədəniyyət Nazirliyi |
Asəf Məmmədov, Vüqar Səfərov, Nizami Həmzəyev |
Aprel-Sentyabr, 2004-cü il |
4. |
Naxçıvan şəhərində M.T.Sidqinin adını daşıyan küçənin və məzarının abadlaşdırılması |
Naxçıvan şəhər İcra hakimiyyəti |
Vüqar Səfərov |
Mart, 2004-cü il |
5. |
Ümumitəhsil məktəblərində M.T.Sidqinin 150 illik yubileyi ilə əlaqədar tədbirlərin keçirilməsi |
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi |
Həmzə Cəfərov |
Mart-May 2004-cü il |
6. |
C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat muzeyində, M.T.Sidqi adına Naxçıvan şəhərindəki 4 və Ordubad şəhərindəki 1 nömrəli orta məktəblərdə M.T.Sidqinin həyat və fəaliyyətinin əks etdirən guşələrin yaradılması |
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil Nazirlikləri |
Nizami Həmzəyev, Həmzə Cəfərov |
Aprel, 2004-cü il |
7. |
M.T.Sidqinin seçilmiş əsərlərinin toplanıb çap olunması |
Naxçıvan Dövlət Universiteti |
İsa Həbibbəyli
|
Sentyabr, 2004-cü il |
8. |
“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisitik jurnalın bir nömrəsinin Məhəmməd Tağı Sidqiyə həsr olunması |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi |
Fərqanə Kazımova |
Aprel, 2004-cü il |
9. |
Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələrində M.T.Sidqinin ədəbi, elmi və pedaqoji fəaliyyətinin araşdırılaraq işıqlandırılması |
Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verlişləri Komitəsi,“Şərq qapısı” qəzeti |
Hüseyn Əsgərov |
Mart-Oktyabr 2004-cü il |