ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi

haqqında

İyirminci əsr Azərbaycan rəsm sənətinin görkəmli nümayəndələrindən biri olan Bəhruz Kəngərli realist portret və mənzərə rəsm yaradıcılığının əsasını qoymuşdur. Teatr rəssamlığı, qrafika və sair janrlarda əsərlər yaradan Bəhruz Kəngərli milli rəssamlığın inkişafında özünəməxsus rol oynamışdır.

Bəhruz Kəngərli 30 il ömür yaşasa da, özündən sonra tematika rəngarəngliyi ilə seçilən 500-ə yaxın rəsm əsərlərindən ibarət zəngin irs qoyub getmiş, Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş etmişdir. Rəssamın yaradıcılığından qırmızı xətlə keçən “Qaçqın uşaqlar” portretlər seriyası 1918-1920-ci illər Azərbaycan mühitinin canlı salnaməsidir. Erməni zülmündən baş götürüb qaçan, didərgin ömrü yaşayan insanları, erməni millətçilərinin törətdikləri qırğınları, Azərbaycanlıların indiki ermənistan ərazisi adlandırlan tarixi torpaqlardan deportasiyasını Bəhruz Kəngərli realist sənətçi müşahidəsi və fırçası ilə əks etdirmiş, millətin faciəsini gələcək nəsillərə çatdıra bilmişdir.

Bəhruz Kəngərlinin yaşadığı dövrdə Naxçıvan şəhərində rəsm qalereyası və sərgi salonları olmadığından böyük sənətkar yaratdığı əsərləri tamaşaçılar üçün öz mənzilində nümayiş etdirmək məcburiyyətində qalırdı. Bu gün Bəhruz Kəngərlinin ədəbi irsi Azərbaycanın milli sərvəti kimi qorunub saxlanır və nümayiş etdirilir, Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyində Bəhruz Kəngərli realist üslubunun və portret yaradıcılığının onlarca davamçıları fəaliyyət göstərir. Rəssamın Naxçıvan şəhərindəki məzarüstü abidəsi və məzarının ətrafı da abadlaşdırılmışdır.

Muxtar Respublika Rəssamlar Birliyinin 1972-ci ildə fəaliyyət göstərən Sərgi Salonu 2000-ci ilin oktyabr ayında əsaslı təmir və yenidənqurma işlərindən sonra Muxtar Respublika rəssamlarının yaradıcılıq imkanlarını və axtarış istiqamətlərini nümayiş etdirən Mərkəzə çevrilmişdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq qərara alıram:

1.Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonu Bəhruz Kəngərli adına Sərgi Salonu adlandırılsın.

2.Naxçıvan Muxtar Respublikası Ali Məclisin Aparatı Bəhruz Kəngərlinin əsərlərindən ibarət kitab-albomun hazırlanıb çap olunmasını təmin etsin.

3.Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə tapşırılsın ki,Bəhruz Kəngərlinin yaradıcılığının öyrənilməsi, muzey fondlarında və şəxsi kolleksiyalarda saxlanan əsərlərinin toplanaraq Naxçıvan Muxtar Respublikası Dövlət Rəsm Qalereyasına verilməsi üçün tədbirlər görülsün.

4.Sərgi Salonu Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin balansına verilsin.

5.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 15 fevral 2001-ci il

№ 11-01/s