ÇapE-poçt

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin bərpası fondunun yaradılması haqqında

 

Qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Azərbaycanın tarixində Naxçıvanın özünəməxsus rolu, mövqeyi və yeri olmuşdur. Naxçıvan tarixi ipək yolu üzərində yerləşməklə Azərbaycan ərazisindəki qədim dövlətlərin tərkibində strateji əhəmiyyəti və geosiyasi mövqeyi ilə həmişə fərqlənmişdir.

Möhtərəm Prezidentimiz Heydər Əliyev məhz bu haqda belə demişdir: “Öz əlverişli coğrafi mövqeyi, təkrarolunmaz mədəniyyət və incəsənət abidələri, istedadlı alim və ədibləri ilə seçilən bu diyar dünyanın bir çox tarixçi, səyyah və alimlərinin diqqətini cəlb etmiş, onların əsərlərində dərin iz qoymuş və özünəməxsus yer tutmuşdur”.

Dünya sivilizasiyasına dəyərli töhfələr verən bu müqəddəs torpaq, qədim, orta əsrlər və yeni dövr tariximizin izlərini özündə əks etdirən nadir maddi mədəniyyət və bədii memarlıq abidələri ilə zəngindir. Məlumat kitablarında Naxçıvan Muxtar Respublikasında 450 - ə yaxın qədim abidənin tarixi və mövcud yeri dəqiq göstərilmişdir.

Eradan əvvəl II-I minilliyinə aid olan Oğlanqala və Govur qalaları, eradan əvvəl VIII əsrə aid olan Əshabül-Kəhf, eradan əvvəl V əsrə aid olan Daşqala mağarası, orta əsrlərə aid Külüs qalası, Fərhad evi, Buzxana, Xaraba Gilan abidələri, Əcəmi Naxçıvaninin ucaltdığı Yusif Küseyir türbəsi (1162) və Möminə Xatun (1186) məqbərəsi, Gülüstan (XII əsr) və Qarabağlar türbəsi kompleksləri (XIII və XIV əsrlər), Nəiminin məqbərəsi (XIV), İmamzadə məscid və məqbərə kompleksi (XVII), Aza körpüsü (1826-cı il), Xan evi (XIX əsr) kimi təkrarsız memarlıq nümunələri və arxeoloji abidələr bu diyarın tarixin səhfələrinə vurduğu özünütəsdiq möhrü və daş pasportudur.

Milli liderimiz Möhtərəm Heydər Əliyevin təbirincə desək : “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Tatixi abidələrimizin qorunması, mühafizəsi və onların yenidən bərpası təkcə dünənki tariximizə deyil, bütünlüklə gələcəyimizə olan diqqətin və qayğının mühüm əlamətidir. Azərbaycan Respublikasının müharibə şəraitində olması, keçid dövrünün çətinlikləri bu mühüm və tarixi əhəmiyyətli sahəyə dövlət tərəfindən maliyyə vəsaitinin ayrılmasına lazımi imkan vermir. Tarixi abidələrimizin taleyi isə bizdən onlara bu mövcud obyektiv çətinliklərə baxmayaraq qayğı, diqqət, mühafizə və bərpa tədbirləri tələb edir.

Yuxarıda göstərilənləri əsas tutaraq q ə r a r a   a l ı r a m :

1.Naxçıvan Muxtar Respublikasında tarixi abidələrin bərpası fondu yaradılsın.

2.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu məqsədlə Milli bangda xüsusi hesabın açılmasını təmin etsin.

3.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu fonda vəsait toplamaq məqsədilə Azərbaycandakı xarici şirkətlərin numayəndəliklərinə, dövlət təşkilatlarına, iş adamlarına və əhalinin bütün təbəqələrinə müraciətlər etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 07 dekabr 1999-cu il

№ 145-01/c