Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgəncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ali Məclisin Sədri qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətini Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirmişdir.  Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Ali Məclisin Sədri “Sarsılmaz qardaşlıq – 2021” birgə döyüş atışlı taktiki təlimin uğurla başa çatması, eləcə də yeni vəzifəyə təyin olunması münasibətilə Yavuz Türkgənciyə və nümayəndə heyətinə təbriklərini çatdırmışdır. Ali Məclisin Sədri Azərbaycan-Türkiyə birgə təlimlərinin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulamış, göstərilən dəstəyə görə Türkiyə dövlətinə və Silahlı Qüvvələrinə ehtiramını ifadə etmişdir.

Türkiyə Respublikasının 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgənci səmimi qəbula görə nümayəndə heyəti adından minnətdarlığını bildirmiş, ikitərəfli əlaqələrimizdə ordu quruculuğu sahəsində görülən işləri yüksək dəyərləndirmişdir. Yavuz Türkgənci bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini və hər zaman Azərbaycanın yanında olacaqlarını bildirmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti