Muxtar respublikada taxıl biçini mütəşəkkil aparılır

Torpaq və su ehtiyatlarından səmərəli istifadə ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas amildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən bu sahədə mühüm tədbirlər görülür. Qapalı suvarma şəbəkələrinin qurulması uzun illər əkilməyən torpaqların əkin dövriyyəsinə qatılmasına şərait yaratmışdır. Bu da kənd təsərrüfatının, xüsusilə strateji ərzaq məhsulu olan taxılçılığın inkişafına imkan verir.

İyunun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Araz” Elm-İstehsalat Birliyinin əkin sahələrində olmuş, muxtar respublikada taxıl biçininin gedişi ilə maraqlanmışdır.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat vermişdir ki, bu ilin məhsulu üçün muxtar respublikada 32 min 721 hektar sahədə taxıl biçini aparılacaqdır ki, onun da 20 min 930 hektarı buğda, 11 min 791 hektarı isə arpa əkinləridir. Əkinlərin 3040 hektarı dəmyə sahələrdir. Bu günə qədər muxtar respublika üzrə 16 min 100 hektar sahədə biçin aparılmışdır. Məhsuldarlıq 30 sentnerdir. Ali Məclis Sədrinin tapşırığına əsasən buğdanın hər kiloqramı 45, arpa və qarğıdalının isə hər kiloqramı 40 qəpikdən qəbul edilərək dəyəri yerində ödənilir. Taxıl biçininin optimal müddətdə keyfiyyətlə başa çatdırılması üçün 99 taxılbiçən kombayn, 276 qoşqu, 308 kipvuran, 85 özüboşaldan avtomaşın, 653 traktor, 43 toxumtəmizləyən aqreqat saz vəziyyətə gətirilmişdir. Taxıl biçinində iştirak edən kombayn, maşın və mexanizmlərin davamlı işləməsi təmin edilmiş, zəruri ehtiyat hissələri alınmış, texniki xidmət təşkil olunmuşdur. Həmçinin taxıl zəmilərində Fövqəladə Hallar Nazirliyinin 12 yanğınsöndürmə qrupu xidmət aparır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muxtar respublikada ötən ilin payız əkinlərində əsas yeri taxılçılıq tutub. Çünki taxılçılıq ölkənin sabitliyinə birbaşa xidmət edən ən vacib sahədir. Bu sahəyə hər il diqqət artırılır, muxtar respublikaya yeni buğda sortları, texnikalar gətirilir, qapalı suvarma sistemləri qurulur, əhaliyə subsidiyalar verilir. Yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada taxılçılıq sahəsində ciddi irəliləyiş vardır. Muxtar respublika üzrə əkilən 32 min hektara yaxın taxıl sahəsinin bu günə qədər 50 faizi biçilmişdir. Məhsuldarlıq 30 sentner təşkil edir.

“Torpağın quruluşu, eyni zamanda gübrə, toxum, su təminatı eyni olan ərazilərdə məhsuldarlığın fərqli olması aqrotexniki qaydalara düzgün əməl olunmamasının və məsuliyyətsizliyin nəticəsidir”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi bu məsələyə xüsusi diqqət yetirməli, məhsuldarlıq artırılmalı, əkin zamanı aqrotexniki qaydalara əməl olunmalı, məhsuldar toxumlardan istifadə edilməlidir. Biçində iştirak edən kombaynların iş əmsalı yüksəkdir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti taxılçılıq rayonlarının texnika təminatını bundan sonra da diqqətdə saxlamalı, müvafiq tədbirlər həyata keçirilməli, əhali maarifləndirilməlidir. Muxtar respublikada rayonlaşmış toxum sortlarından bir neçə ildir, istifadə olunur və nəticələri də vardır. Çalışıb ona nail olmaq lazımdır ki, taxıl sahələrinin hektarı yox, məhsuldarlığı artırılsın. Bunun üçün də imkanlar mövcuddur. Hətta 15-20 il bundan sonra üçün də muxtar respublikanın texnika problemi həll olunmuşdur.

Ali Məclisin Sədri kənd təsərrüfatı işçilərinə qarşıda duran vəzifələrin həyata keçirilməsində uğurlar arzulamış, birgə fəaliyyətin yaxşı nəticə verdiyini, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edildiyini, bu işləri daha da genişləndirməklə ixrac imkanlarını da artırmağın mümkün olduğunu bildirmişdir.

Baxış zamanı məlumat verilmişdir ki, “Araz” Elm-İstehsalat Birliyi üçün 87 hektar əkin sahəsi ayrılmışdır. Bu ilin məhsulu üçün 55 hektar sahədə taxıl  əkini keçirilmişdir ki, bunun da 45 hektarını buğda, 10 hektarını isə arpa təşkil edir. Birliyin əkin sahələrində “Qobustan”, “Əhmədağa”, “Konya”, “Fatimə” və “Bayraqdar” buğda, “Qarabağ-22”, “Qarabağ-33” arpa toxum sortlarından istifadə olunmuşdur.

Ali Məclisin Sədri  biçin zamanı yanğın təhlükəsizliyinə ciddi nəzarət olunması, əkin kvotasının hazırlanması, muxtar respublikanın iqlim şəraitinə uyğun toxumların alınması və toxum bankının yaradılması  ilə bağlı tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti