Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə taktiki-xüsusi təlim keçirilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərində Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanlarının birgə taktiki-xüsusi təlimi keçirilir.

İyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təlimi izləmişdir.

Təlimdən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev "BAYRAQDAR-TB2" silahlı pilotsuz uçuş aparatının təqdimata hazırlığı barədə raport verdikdən sonra uçuşa hazır olan "BAYRAQDAR-TB2" silahlı pilotsuz uçuş aparatına və döyüş raketlərinə, aparatın saxlanma imkanlarına baxış keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasında pilotsuz uçuş aparatı sistemləri kursunu müvəffəqiyyətlə bitirən zabit və gizir heyəti ilə görüşmüş, xatirə şəkli çəkdirilmişdir.

Pilotsuz uçuş aparatının taktiki-texniki xassələri haqqında məlumat verilərək bildirilmişdir ki, aparatın kompleksinə müxtəlif növ idarəolunan raketlər daxildir. "BAYRAQDAR-TB2" silahlı pilotsuz uçuş aparatının uçuşlarını təmin edən qüllə, antennaların taktiki-texniki xassələri haqqında məlumat verilmiş, silahlı pilotsuz uçuş aparatının uçuşa hazırlanması və uçuşu, "BAYRAQDAR-TB2" silahlı pilotsuz uçuş aparatının praktiki uçuşların idarəedilməsi izlənilmiş, yerüstü nəzarət və idarəetmə stansiyası təqdim olunmuşdur.

Ali Məclisin Sədri qoşunların idarə edilməsini təmin edən rabitə vasitələrinə və döyüş raketlərinin saxlanılma anbarına baxmış, ultraqısa və qısa dalğalı radiostansiyalar dəsti, döyüşü idarəetmə qrupunun iş yeri, kompleks və mobil rabitə stansiyaları, döyüşü idarəetmə və komanda-qərargah maşınları ilə tanış olmuşdur.

Daha sonra Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahında Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanları ilə birgə keçirilən taktiki-xüsusi təliminin praktiki fəaliyyətlərinin icrasını izləmişdir.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev təlimin praktiki fəaliyyətlərinin icrasının hazırlığı barədə raport vermiş, döyüşü idarəetmə mərkəzi haqqında məlumat vermişdir.

Ali Məclisin Sədri zabit heyətini salamlamışdır.

Bildirilmişdir ki, mərkəz fasiləsiz olaraq cari vəziyyəti izləmək, ordu komandanını və qoşunları əməliyyat şəraiti ilə məlumatlandırmaq, əmr və sərəncamlar əsasında qoşunları istiqamətləndirmək, qoşunların və düşmən bölmələrinin fəaliyyətlərini real zamanda izləmək məqsədi ilə yaradılmışdır.

Taktiki-xüsusi təliminin planı ilə tanışlıq zamanı bildirilmişdir ki, təlimin keçirilməsində məqsəd vahid rabitə sistemi çərçivəsində idarəetmə orqanları arasında qarşılıqlı əlaqəni yaratmaq, müxtəlif vasitələrdən istifadə etməklə informasiya mübadiləsini müxtəlif səviyyəli qərargahlar arasında təmin etmək, silahlanmada olan pilotsuz uçuş aparatlarının və texniki kəşfiyyat vasitələrinin görüntülərinin vahid informasiya şəbəkəsinə inteqrasiyasını təmin etmək, idarəetmə və silah sistemləri arasında qarşılıqlı əlaqənin təşkili üsullarını təkmilləşdirməkdən ibarətdir.

Planla tanışlıqdan sonra təlimə start verilmişdir.

Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun daxili şəbəkəsində yaradılmış videokonfransda təlimə cəlb olunan birləşmə və hissə komandirləri iştirak etmiş, əvvəlcədən göndərilmiş döyüş sərəncamına uyğun olaraq yaranmış vəziyyəti məruzə etmişlər.

Təlim mərkəzində düşmənin artilleriya batareyasını təqlid edən batareya atəş mövqeyini tutaraq ön xətt bölmələrimizə atəş zərbələri endirmişdir. Düşmənin bu fəaliyyəti "BAYRAQDAR-TB2" pilotsuz uçuş aparatından izlənilərək, artilleriya batareyasının koordinatları döyüşü idarəetmə mərkəzindən məhv edilməsi üçün aidiyyəti üzrə artilleriya bölmələrinə ötürülmüşdür. Hərəkətdə olan düşmən kolonunu aşkar edən xüsusi təyinatlı qrupumuz pilotsuz uçuş aparatı ilə əlaqə yaradaraq “Pusqu”nun icrası üçün qrupun istiqamətləndirilməsini, yaxınlaşan düşmənin tərkibini, kolonun düzülüş ardıcıllığını, yaxınlıqda olan düşmənin digər bölmələrinin fəaliyyətini öyrənmişdir. Eyni zamanda ərazidən uzaqlaşmaq üçün coğrafi analiz sistemindən istifadə etməklə qrupa doğru hərəkət edən helikopterlə xüsusi təyinatlı qrup arasında qarşılıqlı əlaqə yaradılmışdır.

Əlahiddə Ümumqoşun Orduda ərazinin, hava şəraitinin və relyefin planlaşdırma zamanı əməliyyatlara təsirini qiymətləndirmək, qoşunların idarəedilməsi və fəaliyyətlərinə nəzarətin təşkili məqsədi ilə Coğrafi Analiz Sistemindən istifadəyə başlanmışdır.

Türkiyənin «PİRİREİS» informasiya texnologiyaları şirkətinin texniki müdiri Adil Yoltay coğrafi analiz sistemi haqqında məlumat verərək bildirmişdir ki, sistem dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və digər problemlərin həllinə əsaslanan, qərarvermə müddətlərində istifadəçilərə kömək etmək üçün irihəcmli coğrafi məlumatların toplanılması, saxlanılması, işlənilməsi, yenilənməsi, obyektlərin təhlili, sorğulanması və əks etdirilməsi funksiyalarını yerinə yetirən təchizat, proqram təminatı, coğrafi məlumat mənbələrinin məcmusudur. Coğrafi Analiz Sistemi obyektləri yüksək görüntü keyfiyyəti ilə və dəqiq koordinatlarla, üçölçülü formatda təqdim edən, istifadəsi asan, sürətli, eləcə də təhlükəsiz sistemdir. Naxçıvan Muxtar Respublikasının istənilən ərazisindəki bitki örtüyünün inkişafı və vəziyyəti, bölgənin daha sıx və yaşıl bitki sahəsi, su hövzələrinin səviyyəsi, bitki sahələrindəki rütubətin səviyyəsi Coğrafi Analiz Sistemində əks etdirilmişdir.

Ali Məclisin Sədri Coğrafi Analiz Sisteminin yaradılmasına görə heyətə təşəkkür etmişdir.

Sonra “Qarabağlar Dağ” təlim mərkəzində keçirilən artilleriya batareyasının taktiki təlimində atəş mövqeyini tutmaq üçün hərəkətdə olan batareyanın düşmənin artilleriya atəşinə məruz qaldıqda göstərəcəyi praktik fəaliyyəti izlənilmişdir. Düşmənin müdafiə dərinliyimizə sızıb keçmiş kəşfiyyat diversiya qrupunun Daxili Qoşunların Əlahiddə Əməliyyat Briqadasının bölmələrinin pilotsuz uçuş aparatının köməyi ilə aşkar və məhv edilməsi üçün qarşılıqlı əlaqədə fəaliyyəti icra olunmuşdur.

Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə planına uyğun olaraq sərhədi pozmağa cəhd edən qrupun zərərsizləşdirilməsi üzrə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bölmələrinin fəaliyyəti müşahidə edilmişdir. Sərhəd pozuntusu barədə məlumat alındığı andan sərhəd bölgəsində pilotsuz uçuş aparatı ilə sərhəd pozucularının yeri aşkar edilmiş, koordinatları müəyyən edildikdən sonra məlumat “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandanlığına ötürülmüşdür. “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası komandirinin qəbul etdiyi qərara əsasən çevik hərəkət taborunun aidiyyəti üzrə bölməsi helikopter vasitəsi ilə əraziyə endirilərək sərhəd pozucularını zərərsizləşdirmişdir.

Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev döyüşü idarəetmə mərkəzinin təkmilləşdirilməsi istiqamətində planlaşdırılan tədbirlər haqqında məlumat vermişdir.

Sonra Ali Məclisin Sədri qərar qəbul edilmə, görüntü izləmə otaqlarına baxmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti