Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi keçirilib

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılışı münasibətilə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə mərasimə hazırlıq barədə raport vermişdir.

Ali Məclisin Sədri kursantları salamlamışdır.

Kursantlar orkestrin müşayiətilə Azərbaycanın Dövlət Himnini ifa etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılış mərasiminin Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbə ilə qeyd olunduğunu, Qələbənin qazanılmasında və torpaqlarımızın işğaldan azad edilməsində hərbi liseyin məzunlarının da qəhrəmanlıq göstərərək şəhid olduqlarını bildirmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Ali Məclisin Sədri demişdir: İkinci Qarabağ müharibəsi bir daha göstərdi ki, o ordu güclüdür ki, onun vətənpərvər və peşəkar şəxsi heyəti vardır. Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi də ölkəmizin iqtisadi qüdrəti və ordumuzun güclü maddi-texniki təminatı ilə yanaşı, həm də dövlət-xalq-ordu birliyi, əsgər və zabitlərimizin yüksək döyüş qabiliyyəti və vətənpərvərliyi nəticəsində qazanılmışdır. Təbii ki, bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin bəhrələridir. Ulu öndərimiz ötən əsrin 70-ci illərində Azərbaycanda hərbi təhsil sisteminin və milli hərbçi kadr hazırlığı işinin əsasını qoymuş, müstəqillik qazandıqdan sonra isə bu məsələnin vacibliyini önə çəkərək demişdir: “Əgər Azərbaycanın qüdrətli ordusunu yaratmaq istəyiriksə, bu ordu yalnız və yalnız təcrübəli, bilikli, səriştəli, hərbi təhsilə malik olan zabitlər, hərbi qulluqçular tərəfindən yarana bilər”.

Ali Məclisin Sədri demişdir: Dahi şəxsiyyətin müəyyənləşdirdiyi yolun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi qüdrətli Azərbaycan Ordusunu formalaşdırmışdır. Müstəqillik illərində ümummilli liderin qəbul etdiyi mühüm tarixi qərarlardan biri də Naxçıvanda hərbi məktəbin yaradılması olmuşdur. Əgər Sovetlər Birliyi dövründə yaradılan hərbi məktəb ölkəmizin gələcək müstəqilliyinə hesablanmışdırsa, 1998-ci ildə Naxçıvanda hərbi məktəbin yaradılması isə müstəqil ordu quruculuğu sahəsində atılan mühüm addım idi. Ötən dövrdə hərbi məktəb ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə böyük inkişaf yolu keçmişdir. Fəxr edirik ki, Heydər Əliyev adına Hərbi Lisey müstəqil dövlətimizin ordu quruculuğu işinə öz layiqli töhfəsini verir. 56 kursantla fəaliyyətə başlayan liseyin 3 mindən artıq məzunu olub. Hazırda onlardan 2 minə yaxını Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir.

Ali Məclisin Sədri kursantlara müraciətlə demişdir: Zabit peşəsi çətin və şərəfli peşədir. Ulu öndərimiz öyrədirdi ki, hərbi peşə insandan həm fiziki hazırlıq, həm nizam-intizam, həm dövlətə, Vətənə, ölkəyə, doğma torpağa əsl sədaqət, həm də böyük cəfakeşlik, zəhmətsevərlik, mərdlik, qəhrəmanlıq və mətinlik tələb edir. Göründüyü kimi, üzərinizə mühüm vəzifələr düşür. İlk növbədə, vətənpərvər olmalı, hərbi nizamnamənin tələblərini öyrənməli, silah və hərbi texnikadan istifadə vərdişlərinə yiyələnməlisiniz. Bu peşəni seçən hər bir gənc həm də Azərbaycan xalqı və dövləti qarşısında məsuliyyətini dərk etməli, tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmalı, ümummilli lider Heydər Əliyev siyasi xəttinə sədaqət ruhunda yetişməlidir. Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə və təminata malikdir. Gələcəkdə müasir hərbi hissələrdə xidmət edəcək, ailələriniz hərtərəfli sosial-məişət şəraiti ilə təmin olunacaqlar. Ona görə də hərtərəfli ali hərbi təhsil almaq, peşəkar zabit kimi yetişmək və göstərilən etimadı doğrultmaq qarşınızda duran əsas vəzifələrdir.

Ali Məclisin Sədri bu yolda kursantlara uğurlar arzulamış, hərbi liseyin 21-ci buraxılışı münasibətilə bütün kursant, zabit və müəllim heyətini, tədbir iştirakçılarını  təbrik etmişdir.

Heydər Əliyev adına Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov buraxılış mərasimində iştirakına görə Ali Məclisin Sədrinə liseyin kollektivi adından minnətdarlıq edərək demişdir: Bu gün ulu öndərimizin müqəddəs adını böyük qürur və ləyaqətlə daşıyan hərbi liseydə ənənəvi buraxılış mərasimidir. Bu dərs ilində  tədrisin və təlim-tərbiyənin yüksək keyfiyyətini təmin etmək məqsədilə kursantların fiziki, mənəvi-psixoloji cəhətdən tam hazır olmaları üçün müəllim-zabit heyəti tərəfindən qabaqcıl metodlar tətbiq olunmuşdur. Kursantlar il ərzində şəhər və muxtar respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında, bədii özfəaliyyət baxış - müsabiqələrində   müntəzəm    iştirak edərək layiqli yerlər tutmuşlar. Ötən buraxılış mərasimlərinin birində Ali Məclisin Sədri demişdir ki, bu torpaq böyük şücaətlər göstərən generallar, hərbi xadimlər yetirmişdir. Onların keçdiyi yol hər bir gənc üçün vətənpərvərlik nümunəsidir. İnanırıq ki, bu gün Heydər Əliyev adına Hərbi Liseyin müdavimləri olan kursantlar şərəfli zabit adını doğruldacaq, torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanacaqlar. Bu fikirləri özləri üçün əsas tapşırıq-vəzifə kimi qəbul edən məzunlarımız 2020-ci il 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən müharibəsində öz qanları və canları ilə tarix yazmış, orden və medallarla təltif olunmuşlar.

Heydər Əliyev adına Hərbi Liseyin məzunu Tahir Məhərrəmov göstərilən diqqət və qayğıya görə bütün kursantlar adından minnətdar­lıq edərək demişdir: “Bu gün biz kursantların həyatında çox əlamətdar gündür. Çünki biz Heydər Əliyevin adını daşıyan hərbi liseydən məzun oluruq. Qarşıdakı təhsil illərində də yüksək bilik və hərbi intizamımızla öndə gedəcəyik. Gələcəkdə qalib Azərbaycanımızın hansı guşəsində olmasından asılı olmayaraq, müzəffər ordumuzda layiqincə xidmət edəcək, Ali Baş Komandanın hər bir əmrinə hazır olacağıq”.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim etmiş, zabit, müəllim və kursantları mükafatlandırmışdır.

Kursant Elşad Abdullayev təhsil ocağının rəmzi kötüyünə xatirə birkasını vurmuşdur.

Orkestrin müşayiətilə “Hərbi lisey marşı” ifa edilmiş, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirmiş, liseydə yeni yaradılmış STEAM kabinəsinə baxmışdır.

Müəllim Səadət Hüseynli kollektiv adından minnətdarlıq edərək demişdir: “Ali Məclis Sədrinin qayğısı ilə liseydə STEAM kabinəsi yaradılmış və müxtəlif avadanlıqlarla təchiz olunmuşdur. Kursantlar bu avadanlıqlarla tanış olmaqla, 3D modelləşdirmə, mikrobit və arduino ilə işləmə proqramlarına yiyələnmişlər. Muxtar respublikanın təhsil müəssisələrində, o cümlədən liseyimizdə yeni texnologiyaların tətbiqi yüksəkixtisaslı kadrların hazırlanmasına şərait yaradır. Əmin edirik ki, yaradılan şəraitdən səmərəli istifadə edəcəyik”.

Kursantlar hazırladıqları minaaxtaran qurğu, ağıllı hərbi baza, xətt izləyən və kəşfiyyat robotları, qaz sensoru, elektron tank, su səviyyəsini ölçən qurğuların modellərini Ali Məclisin Sədrinə təqdim etmişlər.

Ali Məclisin Sədri demişdir: STEAM  kabinəsində artıq ilkin nümunələr hazırlanıb. Bu da imkan verəcək ki, gələcəkdə hərbi liseyi bitirən hər bir kursant yeni texnologiyalar barədə məlumatlı olsun və onları idarə etməyi bacarsın. Muxtar respublikada STEAM tədris metodu ilk olaraq pilot layihə kimi tətbiq olundu. Bunun yaxşı nəticəsi və şagirdlərin marağı nəzərə alınaraq  sərəncam imzalandı və muxtar respublikanın bütün ümumtəhsil məktəblərində tətbiqinə başlanıldı. Sərəncama əsasən Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaqdır. Artıq ümumtəhsil məktəblərindən hərbi liseyə qəbul olunan kursantlar yeni texnologiyalar haqqında məlumatlı olacaqlar. Burada isə tam formalaşdıqdan sonra təhsillərini ali hərbi məktəblərdə davam etdirəcəklər.

Daha sonra müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir: Kollektivin uğurlu fəaliyyətinin nəticəsidir ki, məzunlar Azərbaycan Silahlı Qüvvələrinin sıralarında zabitlər kimi xidmət edirlər. Onların hər bir nailiyyəti müəllimlərin sevincidir. Heydər Əliyev adına Hərbi Liseyin kursantları həmişə nailiyyətləri və qəhrəmanlıqları ilə seçilib. Bütün bunlar böyük zəhmət hesabına əldə olunub. Kursantlar həm müəllimləri, həm də dövlətimiz üçün qürur mənbəyidir.

Ali Məclisin Sədri valideynlərlə də görüşərək vətənpərvər övladlar yetişdirdikləri üçün onlara təşəkkürünü bildirmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti