ÇapE-poçt

 

NAXÇIVAN MUXTARRESPUBLİKASINI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

Naxçıvan Muxtar Respublikası Arxiv

İdarəsinin yaradılması haqqında

 

Naxçıvan Muxtar Respublikasının arxiv xidməti təşkilatları sırasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Arxivlər İdarəsi və 6 rayon arxivi daxildir. Elmin, mədəniyyətin və ictimai həyatın ən müxtəlif sahələrini özündə əks etdirən həmin arxivlərdə 1566 fond üzrə 424 mindən çox kağız əsaslı idarəçilik işləri, 19 fond üzrə elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin 2 minə qədər işdən ibarət elm və texniki sənədləri, 84 minə yaxın foto, 5 minə yaxın kino sənədləri mühafizə olunur.

Azərbaycan xalqının əvəzsiz mənəvi sərvəti olan arxiv sənədlərinə müntəzəm müraciət olunur. Dövlət hakimiyyəti orqanlarının, idarə və müəssisələrin informasiyaya olan gündəlik tələbatı ödənilir, respublikamızın və xarici ölkələrin tədqiqatçıları öz elmi tədqiqatlarında, monoqrafiya və dərsliklərin yazılmasında arxivlərin sənədlərindən geniş istifadə edirlər. Bu sənədlər əsasında radio və televiziya verilişləri hazırlanır, dövri mətbuatda materiallar dərc edilir, vətandaşların sosial-hüquqi xarakterli ərizə və sorğuları icra olunur.

Arxiv fondu yeni materiallarla daim zənginləşən mühüm bir mənbədir. Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikasının tarixinin müxtəlif mərhələlərinə aid minlərlə iş və sənəd müntəzəm olaraq dövlət arxivlərinə qəbul edilir, ictimai elmlərin, xüsusi ilə tarix elminin tədqiqat bazasını daha genişləndirir.

Bununla yanaşı, qeyd olunmalıdır ki, arxiv xidmətinin statusu və strukturu müstəqil ölkəmizdə gedən quruculuq işinin tələblərinə tam cavab vermir. Arxiv işi sahəsində indiyə qədər vahid informasiya bazasının yaradılmaması, elektron informasiya daşıyıcılarının imkanlarından lazımınca istifadə olunmaması, arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının müasir standartlara uyğun gəlməməsi bu sahədə problemlər yaradır. Problemlərin bir qismi də arxiv binalarının çatışmazlığı və ya yararsız vəziyyətdə olması, arxiv işinin bəzi sahələrində pərakəndəlik hallarının meydana çıxması, müəssisə, idarə və təşkilatlarda kargüzarlıq və arxiv işinin lazımi səviyyədə olmaması ilə bağlıdır.

Tariximizin ilk mənbələr əsasında öyrənilib yazılmasında, idarə və müəssisələrin, habelə vətandaşların informasiya olan gündəlik tələbatının ödənilməsində arxiv fondunun böyük əhəmiyyətini nəzərə alaraq, Muxtar Respublikada arxiv işinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram.

1.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Arxiv İdarəsinin bazasında Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi yaradılsın.

2.Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:

- Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin Əsasnaməsinin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclsinin Sədrinə təqdim etsin;

- Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi aparatının işçilərinin say həddini təsdiq etsin;

- arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının yaxşılaşdırılması, arxiv xidmətinin lazımi binalarla təmin olunması, mövcud arxiv binalarında təmir və bərpa işlərinin aparılması məqsədi ilə lazımi tədbirlər görsün;

bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3.Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                        VASİF TALIBOV

Naxçıvan şəhəri, 06 dekabr 2002-ci il.

№ 73-11 FR