Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri

Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanma

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfərə gəlib.

Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qarşıladı.


AZƏRTAC





Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Dövlətimizin başçısı abidənin önünə gül dəstəsi qoydu, ulu öndərin xatirəsini ehtiramla yad etdi.


AZƏRTAC






Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib.

Dövlətimizin başçısına yeni uçuş-enmə zolağı ilə bağlı görülən işlər barədə məlumat verildi.

Qeyd edildi ki, zolağın ümumi uzunluğu 3300, eni 60 metrdir. Yükgötürmə qabiliyyəti 400 ton olan zolağın salınması zamanı yerli iqlim şəraiti və beynəlxalq tələblər nəzərə alınıb. Uçuş-enmə zolağının naviqasiya və işıqlandırma sistemləri müasir səviyyədə qurulub. Ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, çətin hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşu üçün avtomatlaşdırılmış meteoroloji radiolokator quraşdırılıb, radiorabitə vasitələri tamamilə yenilənib. Bu da yerli və beynəlxalq dəhlizlər üzrə hava şəraiti haqqında məlumatların operativ və dəqiq ötürülməsinə imkan verəcək.

AZƏRTAC


Prezident İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun

hərbi aerodromunun açılışında iştirak edib











Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, ərazidə Start Komanda, Təhlükəsizlik Baxış, Texniki Nəzarət Məntəqələri, aviasiya texnikalarının saxlanması üçün anqarlar yaradılıb. Buradakı şərait bir daha təsdiqləyir ki, Silahlı Qüvvələrin idarə edilməsi sistemi kompleks şəkildə davam etdirilir və bu məsələdə Naxçıvan Muxtar Respublikasının müdafiəsi diqqət mərkəzində saxlanılır. Dövlətin muxtar respublikaya göstərdiyi güclü dəstək faktı Naxçıvanı özünü xarici təhdidlərdən tam müdafiə etmək iqtidarında olan bölgəyə çevirib. Təsadüfi deyil ki, 1992-ci ildə erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra - 2018-ci ildə ordumuzun nəzarəti altına keçib. Əlahiddə Ümumqoşun Ordunun əks-həmləsi nəticəsində “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilib, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bütün bunlar isə mətin ordumuzun qəhrəmanlığı sayəsində mümkün olub.

AZƏRTAC


“ASAN xidmət” mərkəzinin binasının tikintisi ilə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirdi ki, inşasına ötən il başlanan Mərkəzin tikintisi sürətlə davam edir.

Qeyd edək ki, dövlətimizin başçısının 2012-ci ilin iyulunda imzaladığı Fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması müstəqillik tariximizdə informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin istifadə olunduğu əsl yenilikdir. “ASAN xidmət”in əhəmiyyətini artıran həm də bu brendin ideya mərkəzində Azərbaycan vətəndaşlarının dayanmasıdır.

Hazırda ölkədə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakıda, digərləri isə regionlardadır. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox, “ASAN Kommunal” mərkəzlərində isə 55 növ xidmət göstərilir. İndiyədək “ASAN xidmət” mərkəzlərinə 7 milyondan çox vətəndaşın 43 milyondan artıq müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

AZƏRTAC


Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət











Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan şəhər  qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.

Dövlətimizin başçısı məzarların üzərinə gül dəstəsi qoyub.

Vətən müharibəsi başlayan kimi Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq “dəmir yumruğ”un parlaq qələbəsinin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər. Bu, Vətəni sevmək nümunəsi idi, məhz bu sevgi bütün maneələri qəhrəmanlıqla dəf etdi. Ordumuzun igidliyi sayəsində Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq Qələbəsinə çevrildi və bu savaşda biz bir xalq olaraq birləşdik, bizim igid övladlarımız vahid milli ideya uğrunda canlarından keçdi. Xalqımız şəhidlər versə də ruhdan düşmədi, böyük Qələbənin timsalında həmrəyliyimiz, Vətən eşqimiz qalib gəldi.

***

Sonra Prezident İlham Əliyev babası Əlirza Əliyevin məzarının üzərinə də gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıb.

AZƏRTAC


Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Naxçıvan filialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev filialda yaradılan şəraitlə tanış oldu.

Qeyd edək ki, Azərbaycan xalçaçılıq sənəti tarixində Naxçıvan xalçaçılıq məktəbinin də özünəməxsus yeri və rolu var. Zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxış və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirib. Tarixən Naxçıvanda xalqımızın qədim mədəniyyətini, məşğuliyyətini və həyat tərzini özündə əks etdirən dəyərli xalça nümunələri yaradılıb, bu sənət nəsildən-nəslə ötürülərək yaşadılıb. Bu gün də muxtar respublikada xalçaçılıq sənətinin inkişafına xüsusi diqqət yetirilir, xalq yaradıcılığı növlərindən biri kimi yaşadılır və təbliğ olunur. Xalçaçılığı inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələri yaradılır. Dövlətimizin başçısının 2018-ci ilin fevralında imzaladığı “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Naxçıvan Xalça İstehsalı Emalatxanası, Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsi fəaliyyətə başlayıb. 2019-cu ildə burada 27 ton, ötən il 55 ton olmaqla, ümumilikdə 82 ton yun tədarük edilib. “Azərxalça” ASC-nin Naxçıvan filialında 60-dan çox insan işlə təmin olunub.

AZƏRTAC


Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub












Mayın 10-da Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev açılışda iştirak edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Dövlətimizin başçısı hospitalda yaradılan şəraitlə tanış oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Prezident İlham Əliyevə hospital barədə məlumat verdi.

Bildirildi ki, 2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeçiliyinə verilən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün tikilmiş yeni bina 5 mərtəbəlidir. Müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir. Bina mərkəzləşdirilmiş istilik, tibbi tullantıların yandırılması üçün qurğu, əməliyyatxanalarda bakterioloji süzgəcli havalandırma, soyutma, elektrik və su sistemləri ilə təchiz olunub.

AZƏRTAC


Naxçıvanda Süni Mayalanma Mərkəzi istifadəyə verilib











Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına Mərkəzdə görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında yaradılan yeni müəssisələrdən biri də Süni Mayalanma Mərkəzidir. Dövlətimizin başçısının 2018-ci ilin fevralında imzaladığı “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” və 2019-cu ilin noyabrında imzaladığı “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən yaradılan mərkəzin tikintisi 2 hektar ərazidə aparılıb. Burada inzibati bina, karantin binası, baytarlıq klinikası, laboratoriya otağı, toxumalma sahəsi, tövlə, yem anbarı, açıq havada yemsaxlama sahəsi yaradılıb. Mərkəzin fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılmasına da geniş imkanlar açıb. Bu da Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafının da daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir. Muxtar respublikada aqrar sahənin inkişafı istiqamətində aparılan islahatlar kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq, eləcə də emal sənayesinin inkişafına səbəb olub. Burada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir.

AZƏRTAC


“Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə barədə məlumat verdi.

Bildirildi ki, layihə üzrə içməli su mənbəyi kimi 5 subartezian quyusu qazılıb, Sutəmizləyici Qurğular Kompleksi inşa olunub, subartezian quyularından kompleksə təzyiqli boru xətti çəkilib. Kompleksə sutəmizləyici qurğu, nasos stansiyası xam və təmiz su anbarları daxildir. Sutəmizləyici qurğu gün ərzində 11 min kubmetr su təmizləmə gücünə malikdir. İş prosesi tam avtomatlaşdırılıb. Su anbarlarının səviyyəsinə, suyun sərfinə, təzyiqinə, elektrik keçiriciliyinə və bulanıqlığına idarəetmə otağında quraşdırılmış kompüterlə nəzarət olunur. Subartezian quyularından kompleksə daxil olan su ozon qurğusu vasitəsilə dezinfeksiya olunaraq xam su anbarlarına ötürülür, mexaniki süzgəclərdə təmizlənib anbarlara yığılır, sonra paylayıcı su anbarına vurulur, şəbəkənin bir hissəsinə isə öz axını ilə verilir. Beləliklə, layihənin icrası sayəsində Ordubad şəhərində və Şəhriyar qəsəbəsində ümumilikdə 13 min 500 sakin beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin olunacaq.

Prezident İlham Əliyev Ordubad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Dövlətimizin başçısı daha sonra ictimaiyyət nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti görüşdə çıxış etdi.

İctimaiyyət nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:

- Sizi təbrik edirəm, Ordubad şəhərinin içməli su ilə təmin edilməsi istiqamətində önəmli addımlar atıldı. Artıq Ordubad şəhərinə də təmiz içməli su verilir. Artıq bir müddətdir ki, şəhərin və Şəhriyar qəsəbəsinin sakinləri bu sudan istifadə edirlər. Çox əlamətdar hadisədir. Bütün ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da içməli su ilə təminat həmişə problemli idi. Son illər görülmüş işlər nəticəsində demək olar ki, ölkə üzrə bütün əksər şəhərlərdə bu layihələr icra edilib. Bir neçə şəhər qalıb ki, orada da yaxın gələcəkdə içməli su və kanalizasiya layihələri icra ediləcək.

Şadam ki, Naxçıvan Muxtar Respublikasında artıq bir neçə şəhər içməli su və kanalizasiya şəbəkəsi ilə təmin edilib - Naxçıvan şəhəri, Şərur, Şahbuz, Culfa, indi də Ordubad şəhəri. Növbəti mərhələdə daha üç şəhərdə – Kəngərli, Babək və Sədərəkdə də içməli su layihələri icra ediləcək. Beləliklə, içməli su ilə təminat artıq 100 faiz təşkil ediləcək. Necə ki, vaxtilə təbii qazla və elektrik enerjisi ilə təminat 100 faizə çatdı, bir neçə ildən sonra Naxçıvan Muxtar Respublikasında içməli su layihələri də 100 faiz həll olunacaq. Yollar da infrastruktur layihələri arasında xüsusi yer tutan layihələrdir. Bu gün artıq yeni çəkilmiş Culfa-Ordubad yolu ilə Ordubad şəhərinə gəldim. Yol şəbəkəsinin qurulması istiqamətində də demək olar ki, bütün şəhərlərarası layihələr başa çatıb. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm.

Bu gün ölkəmizin həyatında xüsusi bir gündür - Ulu Öndərin doğum günüdür. Bu gün Naxçıvanda olmağımın, əlbəttə ki, səbəbi var. Tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdür və bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim. Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır - təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin. Sizi bir daha təbrik edirəm.

Sakinlər: Sağ olun.

Sonra ictimaiyyətin adından Cəbi Quliyev çıxış edərək Naxçıvanda davamlı inkişafın təmin edildiyini vurğuladı və buna görə Naxçıvan ictimaiyyəti adından Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirdi. O, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin dövlət-xalq birliyinin əyani ifadəsi olduğunu dedi. Vurğuladı ki, bu qələbə nəqliyyat dəhlizinin açılması hesabına Naxçıvan Muxtar Respublikasının 30 illik blokadasına son qoyacaq. O da bildirildi ki, ölkəmizdə həyata keçirilən inkişaf strategiyası muxtar respublikanı da əhatə edib, Naxçıvan özünün ərzaq, enerji, müdafiə və informasiya təhlükəsizliyinə nail olub. Belə ki, muxtar respublikada ordu quruculuğuna xüsusi diqqət yetirilib. Yeni hərbi obyektlər istifadəyə verilib, ordu hissə və birləşmələrinin maddi-texniki bazası möhkəmləndirilib, şəxsi heyətin döyüş qabiliyyəti artırılıb. Prezident İlham Əliyevin bu səfəri zamanı istifadəyə verilən obyektlər də ölkəmizdə insan amilinə verilən yüksək dəyərin ifadəsidir və Naxçıvanın daha da inkişafında mühüm rol oynayacaq.

Qeyd edək ki, uzun illərdir mənfur qonşularımızın fitnəkarlığı ucbatından blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasında sosial layihələrin icrası bir an belə səngiməyib. “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də bu qəbildəndir.

***

Daha sonra dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Ordubad şəhərindəki büstü önünə gül dəstəsi qoydu.

AZƏRTAC


Culfa-Ordubad magistral avtomobil yolu açılıb











Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, uzunluğu 50 kilometr olan Culfa-Ordubad magistral avtomobil yolunun 39 kilometri 2 zolaqlı, 11 kilometri isə 4 zolaqlıdır. Magistral yolda 4 yeni körpü tikilib, 6 körpü isə yenidən qurulub. Yolun üzərində 101 su keçidi quraşdırılıb, suaparıcı kanallar çəkilib.

Qeyd edək ki, müasir yol infrastrukturunun yaradılması Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Çünki rahat və abad yol dayanıqlı iqtisadi inkişafı təmin edən əsas amildir. Son illərdə muxtar respublikada müasir standartlara uyğun avtomobil yolları salınıb, mövcud yol-nəqliyyat kompleksi təkmilləşdirilib, yeni körpülər tikilib.

Xatırladaq ki, Culfa-Ordubad magistral yolunun inşası Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən inşa olunub.

AZƏRTAC


Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanışlıq











Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, son illərdə yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına imkan yaradıb. Bunun nəticəsidir ki, muxtar respublikada enerji təhlükəsizliyi tam təmin edilib, bir zamanlar yalnız idxal hesabına elektrik enerjisinə olan tələbatını ödəyən Naxçıvanda daxili istehsal hesabına ixrac potensialı yaranıb, bütün yaşayış məntəqələri fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilib. Araz çayı üzərində tikilən Ordubad Su Elektrik Stansiyasının gücü 36 meqavatdır. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunub. Hidroqovşağın əsas qurğularının tərkibinə elektrik stansiyası, tənzimləyici bənd, suqəbuledici qurğu, çökdürmə və yükləmə hovuzları, derivasiya kanalı daxildir. Bəndin uzunluğu 235 metr, hündürlüyü 12 metrdir. Derivasiya kanalının bir hissəsində işlər artıq tamamlanıb. Tənzimləyici bənddə isə ümumi işlərin 80 faizi yekunlaşıb. Su elektrik stansiyasında orta illik elektrik enerjisi istehsalı 190 milyon kilovat-saat nəzərdə tutulur.

AZƏRTAC


Ordubad dəmir yolu stansiyası ilə tanışlıq











Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə tanış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri dəmir yolu sistemini də əhatə edib, sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmir yolu infrastrukturu, hərtərəfli iş və xidmət şəraiti yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi dəmir yolu nəqliyyatından istifadə edənlərin sayını artırıb. Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati binalar tikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub. Stansiyanın 2-ci qəbul-göndərmə yolu, sərnişin platformaları da yenilənib.

AZƏRTAC


Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri mayın 10-da başa çatıb.

Dövlətimizin başçısını Naxçıvan Beynəlxalq Hava Limanında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yola saldı.


AZƏRTAC







Prezident İlham Əliyevin  Azərbaycan Televiziyasına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib.

Müxbir: Salam cənab Prezident, xoş gördük Sizi. Cənab Prezident, bu gün Siz Naxçıvan Muxtar Respublikasına səfər etdiniz və bir sıra sosial-iqtisadi obyektlərin açılışında iştirak etdiniz. Təəssüratlarınızı bilmək istərdim.

Prezident İlham Əliyev: Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu, mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm.

Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. Bu gün bir neçə infrastruktur layihəsinin açılışında iştirak etmişəm, o cümlədən Ordubad şəhərində içməli su və kanalizasiya layihəsinin istifadəyə verilməsini qeyd etmişik. Yollarla, elektrik təchizatı, qazlaşdırma ilə bağlı – bütün istiqamətlər üzrə muxtar respublikada görülən işlər məni çox sevindirir. Təkcə onu demək kifayətdir ki, qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb. Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpaolunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir.

Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır və Naxçıvanda olan hər bir insan bunu görür. Yollar çox keyfiyyətlə tikilir, mən bu yolların açılışlarında iştirak etmişəm, bəzi yollar çoxdan istismara verilib, amma buna baxmayaraq keyfiyyət də yerindədir. İçməli su layihələri bütün şəhərləri əhatə edir. İndi üç şəhərdə bu layihələr icra ediləcək və beləliklə, bu məsələ də tamamilə öz həllini tapacaq.

Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir. Bu gün Süni Mayalanma Mərkəzinin açılışında olduq. Bildirməliyəm ki, ölkəmizdə cəmi iki mərkəz var – biri Göygöldə, biri də Naxçıvanda. Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki, digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir. Yəni, bütün bunlar inkişafın təzahürüdür.

Eyni zamanda, bu gün “ASAN xidmət” Mərkəzinin tikintisi ilə tanış oldum. Bu da ictimai xidmətlər sahəsində çox önəmli bir təsisatdır və ölkəmizdə hazırda 7 mərkəz tikilir, o cümlədən Naxçıvanda. Onlar istifadəyə veriləndən sonra “ASAN xidmət” mərkəzlərinin sayı 27-yə çatacaq. Ölkəmizdə hazırda DOST mərkəzləri yaradılır. Artıq göstəriş vermişəm ki, Naxçıvanda da DOST Mərkəzi yaradılsın. Bu da sosial təminat və pensiya təminatı sahələrində bizim növbəti uğurlu addımımızdır, milli brendimizdir.

Naxçıvanın çox böyük turizm potensialı var. Bu gün yeni uçuş-enmə zolağının açılışını qeyd etdik və biz turistlərin Naxçıvana gəlməsini stimullaşdırmalıyıq. Əlbəttə, pandemiya ilə əlaqədar bütövlükdə turizm sektoru tənəzzülə uğrayıb. Amma əminəm ki, pandemiyadan sonra Naxçıvana gəlmək istəyən xarici qonaqların sayı daha da artacaq.

Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır.

- Cənab Prezident, bu gün, eyni zamanda, hərbi aerodromun və hərbi hospitalın açılışı oldu. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunmasında bu iki obyektin fəaliyyətə başlamasını necə qiymətləndirirsiniz?

- Əlbəttə, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda demək olar ki, bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür. Eyni zamanda, hərbi aerodromun açılması Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində xüsusi yer tutur.

Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika deyə bilərəm ki, bəlkə də bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır.

Günnüt əməliyyatı, biz də dediyim kimi, bunun üstünü vurmaq istəmədik. Amma ondan sonra Ermənistanın artıq devrilmiş hakimiyyətinin jurnalist nümayəndələri gedib bizim yeni postlarımızı çəkib, bunu internetdə qoyubdur, paylaşıbdır və ondan sonra Ermənistanda hay-küy qalxdı. Onda mən dedim ki, daha biz də niyə gizlətməliyik? Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə tapşırıq verdim ki, siz də məlumat verin, çəkiliş qrupu göndərin və çəkiliş qrupu getdi, həmin o yüksəklikləri gördü. Yəni, Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda, mən onu da bildirməliyəm, yəni, artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır.

- Cənab Prezident, bu gün Siz, eyni zamanda, Ordubad dəmir yolu stansiyasında yaradılan şəraitlə də tanış oldunuz. Adını elə Siz özünüz qoyduğunuz Zəngəzur dəhlizinin həyata keçirilməsində bu stansiyanın rolu necədir? Ümumiyyətlə, işlərin gedişi ilə bağlı nə deyə bilərsiniz?

- Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.

Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatda bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır.

O ki qaldı, Ermənistan ərazisində olan hissəyə, bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın.

- Cənab Prezident, bu gün ölkəmizin həyatında çox tarixi və əlamətdar bir gündür. Bu gün Ulu Öndərin doğum günüdür. Siz bu gün səhər Ulu Öndərin məzarını ziyarət etmisiniz. Burada – Naxçıvanda isə babanızın məzarını ziyarət etmisiniz. İstərdik hisslərinizi bölüşəsiniz.

- Bilirsiniz, tarixi Zəfərdən sonra bu, atamın birinci doğum günüdür. Ona görə mən hesab etdim ki, ənənəvi olaraq onun məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Hesab edirəm ki, bu səfərin çox böyük rəmzi mənası var. Qeyd etdiyim kimi mən 15-ci dəfədir ki, Naxçıvana gəlirəm. Amma ilk dəfə mayın 10-da Naxçıvandayam. Bu doğum günündə mütləq burada olmalıydım.

Babam Əlirza Əliyevin məzarını ziyarət etdim. Əlirza Əliyev və mənim nənəm İzzət xanım Azərbaycan xalqına Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etmişlər. Heydər Əliyev nəinki Azərbaycan hüdudları çərçivəsində, dünya miqyasında böyük hörmət qazanmış və müstəsna xidmətləri olmuş şəxsiyyətdir. Heydər Əliyev həyatda nə əldə edibsə öz biliyi, bacarığı, zəkası və fədakarlığı nəticəsində əldə edib və bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib. Məhz onun rəhbərliyi ilə Azərbaycan 1970-ci illərdə ayağa qalxdı, ən geridə qalmış müttəfiq sovet respublikasından ən qabaqcıl respublikaya ucaldı. Onun rəhbərliyi ilə, bax, burada - Naxçıvanda naxçıvanlılar erməni işğalının qabağını ala bildilər. Çünki mənfur düşmənin niyyətləri də, məhz siyasəti də o idi ki, Naxçıvanı da işğal etsinlər. Bu, artıq onların növbəti işğal planı çərçivəsində idi. Bu təhlükə var idi, bu təhlükə çox ciddi idi. Azərbaycana o vaxt heç kim kömək etmirdi. Azərbaycanın ordusu yox idi, Silahlı Qüvvələri yox idi. Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas hissəsi ilə əlaqəni itirmişdi. Ermənilər Naxçıvanı blokadaya almışdılar. Üç tərəfdən Naxçıvan Ermənistanla əhatə olunur. Belə bir vəziyyətdə Naxçıvanı qorumaq, müdafiə etmək və düşməni yerinə oturtmaq Ulu Öndərin müstəsna xidmətlərindən biridir.

Əlavə olaraq deməliyəm, o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü bütün imkanları səfərbər etmişdi ki, Naxçıvanda Heydər Əliyevi devirsinlər, öz marionetlərini gətirsinlər və faktiki olaraq Naxçıvanı da ermənilərə bağışlasınlar. Onlar buna da hazır idilər, təki Heydər Əliyev amili Azərbaycan siyasətindən götürülsün.

Ancaq Ulu Öndərin qətiyyəti, cəsarəti, siyasi müdrikliyi, naxçıvanlıların fədakarlığı bütün bu planları – ermənilərin və AXC-Müsavat cütlüyünün planlarını alt-üst etmişdir və Naxçıvanı Heydər Əliyev qorumuşdur, necə ki, ondan sonra Azərbaycanı böyük bəlalardan qoruya bildi. 1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax, o vaxt qoyulmuşdur.

Bu gün burada olmağımın xüsusi rəmzi mənası var. Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir.

- Cənab Prezident, növbəti sual Dağlıq Qarabağla bağlıdır. Bəzi ölkələr və xarici dairələr deyirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır. Siz dəfələrlə qeyd edibsiniz ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunubdur. Bu cür bəyanatlara Sizin münasibətinizi bilmək istərdim.

- Mən bir daha demək istəyirəm, müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış Qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır.

Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda, müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər.

Münaqişə həll olunub, bu, bir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olmuş tərəflər və bu məsələ ilə məşğul olmaq istəyən, - bilmirəm nəyə görə, - ölkələr bunu nəzərə alsınlar. Çünki bəzən buradan dünyanın o başında yerləşən ölkələr bizim münaqişə ilə bağlı, yaxud da ki, Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verirlər. Bu, qəbuledilməzdir. Məsələn, mən Kanadanı misal gətirə bilərəm. Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun.

Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun. Yoxsa Fransa Senatının sədri gəlir İrəvana, orada bəyanat verir ki, Fransa Senatı Dağlıq Qarabağı tanıyacaq. Biz Fransanın hökumət orqanlarına bu məsələ ilə müraciət edəndə, öz etirazımızı bildirəndə bizə deyirlər ki, fikir verməyin, bu, qanunvericilik orqanıdır, hakimiyyətin mövqeyini əks etdirmir. Yaxşı, bəs Xarici İşlər Nazirliyi, o da hökumətin mövqeyini əks etdirmir? Bu nə bəyanatlardır? Getsinlər, öz işləri ilə məşğul olsunlar. Bu Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır. Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm. Jurnalistlərə, xarici jurnalistlərə deməliyəm, xarici siyasətçilərə deməliyəm. Mən deyəcəyəm, mən susmayacağam. Amma onlar da öz işləri ilə məşğul olsunlar. Özləri problemlər içində çabalayırlar. Min cür problemləri var.

Azərbaycanda bütün proseslər müsbət istiqamətdə gedir. Ona görə bir daha demək istəyirəm ki, əgər bütün ölkələr öz işləri ilə məşğul olsalar və bizim işimizə müdaxilə etməyə cəhd göstərməsələr, işlər yaxşı gedəcək və bizim münasibətlərimizdə heç bir problem olmayacaq.

O ki qaldı, bəzi siyasətçilər Dağlıq Qarabağın – deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə desin. Ona görə məsləhət görürəm ki, bizi əsəbiləşdirməmək və münasibətlərimizi gərginləşdirməmək üçün nə status haqqında, nə münaqişə haqqında hər hansı bir açıqlama verilməsin. Veriləcəksə, cavablarını alacaqlar.

- Cənab Prezident, mayın 8-də - Şuşanın işğalı günü Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələri Şuşanın qaytarılması ilə bağlı bəyanatlar verdilər və revanşist fikirlər səsləndirdilər. Siz dəfələrlə qeyd etmisiniz ki, əgər onlar revanşist addımlar haqqında düşünsələr, darmadağın ediləcəklər. Bu bəyanata münasibətinizi bilmək istərdik.

- Mənim sözüm yerindədir. Əgər onlar bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar. Onlar uzun illər dırnaqarası “müzəffər və güclü” ordusu ilə öyünürdülər. Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir.

- Cənab Prezident, suallarımızı cavablandırdığınız üçün çox sağ olun.

AZƏRTAC