Şəhidə ehtiram ən ali vətənpərvərlikdir

O ordu qalib və güclüdür ki, onun müzəffər Ali Baş Komandanı, vətənpərvər və peşəkar şəxsi heyəti vardır. Vətən müharibəsində qazandığımız tarixi qələbənin əsasında da məhz bu amillər dayanır. Ötən əsrin 70-ci illərindən ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan milli hərbi kadr hazırlığı və ordu quruculuğu strategiyası bu gün Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İqtisadi və siyasi qüdrətini günbəgün artıran Azərbaycanda dövlət-xalq-ordu birliyi, möhkəm həmrəylik və güclü iradə vardır. Vətən müharibəsində qazanılan tarixi qələbə həm də milli ruhun, xalq-lider birliyinin daha bir ifadəsi oldu. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan xalqı öz birliyini göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”.

Dekabrın 28-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali  Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak etmişdir.

Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər.

Şəhid olan hərbi qulluqçumuz Gülməmmədov Amin Mais oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.

Şəhidimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Ali Məclisin Sədri şəhidimizin xatirəsinə ehtiramını bildirdi.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.

Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazəsinin önündən keçildi.

Şəhidin cənazəsi doğulduğu kəndə yola salındı.

Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşdü, onlara başsağlığı verdi.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti