Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin və mükafatların təqdimatı olub

Ulu öndər Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluş tarixidir. “Mənim üçün xalqın mənə göstərdiyi etimaddan və etibardan yüksək mükafat yoxdur”, – deyən ümummilli liderimizin müəyyənləşdirdiyi inkişaf strategiyası bütün sahələrdə kompleks islahatların həyata keçirilməsinə səbəb olmuşdur. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da dahi şəxsiyyətin yolunun uğurla davam etdirilməsi yüksək inkişaf göstəriciləri – sabitlik, rifah və insan amilinə verilən dəyərlə xarakterizə olunur. Öz sahələrində fərqlənənlərin əməyinin qiymətləndirilməsi də bu tədbirlərin davamıdır.

İyunun 9-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının və Prezident mükafatlarının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları və mükafat alanları təbrik edərək demişdir: Təltif olunmaq fərqlənmək deməkdir. O şəxslər fərqlənir ki, onlar başqalarından daha çox səy göstərir, çalışır və öz işlərini nümunə səviyyəsinə yüksəldirlər. Təltiflər və Prezident mükafatları əlamətdar bir gündə təqdim olunur. 1993-cü il iyunun 9-da ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının, o cümlədən ziyalıların tələbi ilə Naxçıvandan Bakıya qayıtmış, iyunun 15-də isə Azərbaycan Ali Sovetinin Sədri seçilmişdir. Bununla da 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Belə bir əlamətdar gündə təltif və mükafatların təqdim olunması ölkəmizdə uğurla davam etdirilən Heydər Əliyev siyasətinin bəhrəsidir. Bu gün Azərbaycan inkişaf edir. Ölkəmizdə sabitlik və rifah var, fərqlənənlərin əməyi qiymətləndirilir. Bu nümunəni əsas götürən hər bir şəxs isə dövlətinə, xalqına və işinə sədaqətli olur, öz vəzifələrini layiqincə yerinə yetirir.

Ali Məclisin Sədri təltif olunanları qarşıdan gələn 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik etmişdir.

Sonra Ali Məclisin Sədri medalları və Azərbaycan Respublikası Prezidentinin mükafatlarını təqdim etmişdir.

Prezident mükafatına layiq görülən Vüsal Rzayev, Cahangir Qurbanov, İbad Nəbiyev, Ceyhun Süleymanlı əməklərinə verilən  yüksək qiymətə görə  dövlətimizə minnətdarlıq  etmişlər. Prezident mükafatçıları bütün sahələrdə əldə edilən nailiyyətlərin uğurla həyata keçirilən Heydər Əliyev siyasi xəttinin nəticəsi olduğunu vurğulamış,  bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi naminə səylə çalışacaqlarına söz vermişlər.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti