Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat

Şərur rayonunun Muğancıq-Mehrab, Muğancıq-Müslüm və Məmmədsabir kəndlərində

kompleks quruculuq işləri aparılıb

Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışına hesablanıb. “Azərbaycanda həyata keçirilən ­siyasətin mərkəzində vətəndaş dayanır”, – deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu sahədə görülən işlər Şərur rayonunun da hərtərəfli inkişafına səbəb olmuşdur. Rayonun yaşayış məntəqələrində tikinti-quruculuq və abadlıq tədbirləri geniş vüsət almışdır.

 

Muğancıq-Mehrab kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

Mayın 18-də Muğancıq-Mehrab kənd tam orta məktəbinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, yaradılan şəraitlə tanış ­olmuşdur.

Bildirilmişdir ki, 224 şagird yerlik ikimərtəbəli məktəbdə 16 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı yerləşir. Məktəbin kitabxana fondunda 905-i dərslik və 2760-ı bədii ədəbiyyat olmaqla, 3665 kitab vardır. Burada ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşələr yaradılmışdır.

 

Kompüter otağında şagirdlərin informasiya texnologiyalarının sirlərinə yiyələnmələri üçün bütün imkanlar yaradılmış, məktəbdə internetə çıxışı olan 18 kompüter və 3 elektron lövhə quraşdırılmışdır.

İdman zalında yaradılan şərait, eləcə də məktəbin həyətində açıq idman qurğularının istifadəyə verilməsi şagirdlərin fiziki tərbiyəsində mühüm rol oynayacaqdır. Hərbi kabinə isə dərslərin lazımi səviyyədə keçilməsinə, gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşması və hərb sənətinə marağın artırılmasına imkan verəcəkdir.

Elektron lövhə sinfində “Muxtariyyətin 95 ili” filmi nümayiş olunmuşdur.

Sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşmüşdür.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, təhsilin inkişafı, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Elektron təhsilin təşkili, interaktiv və nümunəvi dərslərin keçilməsi muxtar respublika təhsilinin inkişafında mühüm rol oynayır. Bunun nəticəsidir ki, tədrisin dayanmasına baxmayaraq, şagirdlərin dərslərindən geri qalmaması, müəllimlər tərəfindən fənlər üzrə onlayn dərslərin tədrisi mümkün olmuşdur. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən Fəaliyyət Proqramında bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi və yaradılan şəraitdən səmərəli istifadə, innovasiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı əsas prioritet sahə kimi müəyyənləşdirilmişdir. Hazırda Şərur rayon Şəhriyar, Qarabürc, Babək rayon Nəcəfəlidizə, Ordubad şəhər 1 nömrəli və Nüsnüs, Culfa rayon Camaldın kənd tam orta məktəblərində, Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar tərbiyə müəssisələrinin fəaliyyəti üçün inzibati binada  tikinti və yenidənqurma işləri aparılır. Rəhman Məmmədov göstərilən qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq etmişdir.

Muğancıq-Mehrab kənd tam orta məktəbinin müəllimi Türkanə Musayeva demişdir: “Muxtar respublikamızda şagirdlərin təhsil almaları üçün hərtərəfli şərait yaradılmışdır. Bu, müəllimləri daha da ruhlandırır, səylə çalışmağa sövq edir.  Kəndimiz müasirləşən kəndlər sırasına qoşulmuş, tamamilə yenidən qurulmuşdur. Aparılan quruculuq işlərinin nəticəsi kimi kollektivin istifadəsinə nümunəvi tədris şəraiti olan müasir məktəb binası verilir. Yaradılan şərait imkan verəcəkdir ki, şagirdlərimizin bilikli, vətənpərvər və milli dəyərlər ruhunda tərbiyə olunması istiqamətində səmərəli fəaliyyət göstərək. Ona görə də kollektivimiz adından minnətdarlığımızı bildirir və əmin edirik ki, gənc nəslin təlim-tərbiyəsində səylə çalışacağıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muğancıq-Mehrab kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir” fikrini xatırladaraq demişdir: Ulu öndərimiz bu vəzifələri əsas tutaraq tövsiyə edirdi ki, orta məktəbi bitirən hər bir gənc mütləq özünə peşə seçməli, peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsilini davam etdirməlidir. Ümumtəhsil məktəblərində yaradılan şərait gənclərə peşə seçmək və gələcəkdə o peşə üzrə təhsillərini davam etdirməyə imkan verir. Bu gün istifadəyə verilən və müasir maddi-texniki bazaya malik olan Muğancıq-Mehrab kənd tam orta məktəbində də şagirdlərin hərtərəfli təhsil alması, eləcə də peşə seçməsi üçün lazımi şərait vardır. Məktəbdə elektron lövhələr, kompüter sinfi, laboratoriyalar, kitabxana, fənn kabinələri və digər zəruri tədris avadanlıqları kollektivin istifadəsinə verilir. Həmçinin məktəbdə bütün ixtisaslar üzrə müəllimlər fəaliyyət göstərir.

Ali Məclisin Sədri demişdir: Son 5 ildə məktəbin məzunlarının 70 faizi, ötən tədris ilində isə məktəbi bitirən 3 məzunun hər biri ali məktəblərə qəbul olmuş, onlardan ikisi 500-700 arasında bal toplamışdır. Qazanılan nailiyyətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, məktəbin 1 müəllimi “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 müəllimi isə “İlin müəllimi” adına layiq görülmüşdür. Kollektiv bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməli, hər bir gənc hərtərəfli təhsil almalı, peşə öyrənməli, ailəsi və ölkəmiz üçün yararlı vətəndaşa çevrilməlidir. Müəllimlər təhsilli, vətənpərvər və peşə sahibi olan gənc­lərin yetişdirilməsinə diqqəti artırmalı, keçilən dərsləri şagirdlərə qavramaq yolu ilə öyrətməlidirlər. Dövlətimiz tərəfindən bu işlərin görülməsində məqsəd ondan ibarətdir ki, məktəbi bitirən hər bir gənc gələcəkdə ölkəmizin inkişafına öz töhfəsini vermiş olsun.

Ali Məclisin Sədri qarşıda qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamışdır.

Məktəbin həyətində bufet və fərdi qazanxana tikilmiş, geniş abadlıq işləri aparılmış, yaşıllıq salınmış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir.


Muğancıq-Mehrab Kənd Mərkəzinin açılışı olub

 

 

 

 

 

 

 

 

 

 

Mayın 18-də Muğancıq-Mehrab Kənd Mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, binada Muğancıq­-Mehrab və Muğancıq-Müslüm kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, klub, arxiv, kitabxana və 44 yerlik zal yerləşir. Kitabxana fondunda 3572 kitab vardır.

Rabitə evində poçt bölməsinin fəaliyyəti üçün bütün tədbirlər görülmüş, eyni zamanda 192 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 78 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 206 üzvü vardır ki, onların da 40-ı gənc, 57-si isə qadındır.

Kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Xəstəliklərə qarşı vaxtında dərmanların vurulması, dezinfeksiya işlərinin aparılması sağlam heyvandarlıq məhsullarının istehsalına imkan verir.

Ali Məclisin Sədri heyvandarlığın inkişafında süni mayalanmanın əhəmiyyətini qeyd etmiş, kənddə camışçılıq və  qoyunçuluq təsərrüfatlarının genişləndirilməsi barədə tapşı­rıqlar vermişdir.

Mərkəzdə  feldşer-mama məntəqəsi üçün 4 otaq ayrılmışdır. Məntəqəyə ginekoloji müayinə masası, mama müayinə alət dəsti, təcili yardım çantası, qlükometr, soyuducu və digər tibbi ləvazimatlar qoyulmuşdur.

Ali Məclisin Sədri tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Binada fərdi istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.

 

Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolu yenidən qurulub

 

 

 

 

 

 

 

 

 

 

Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının göstəricisidir. Ona görə də Naxçıvan Muxtar Respublikasında avtomobil yolları yenidən qurulur, bütün kəndlərdə müasir yol şəbəkələri yaradılır.

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolunun açılışını etmişdir.

Bildirilmişdir ki, 3270 metr uzunluğundakı avtomobil yolu yenidən qurulmuş, asfalt  örtük salınmışdır. Eyni zamanda 5200 metr uzunluğundakı kənddaxili yollar təmir olunmuşdur. Tikinti işləri aparılarkən yolun üzərində 147 su keçidi qoyulmuş, 2716 metr beton kanal çəkilmişdir.

 

Xidmət mərkəzi sakinlərin rahatlığının təminatıdır

Mayın 18-də Muğancıq-Mehrab kəndində xidmət mərkəzinin də açılışı olmuşdur.

Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilmişdir ki,    6 nəfərin işlə təmin olunduğu mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir.

Ali Məclisin Sədri xidmət mərkəzində yerli istehsal və ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muğancıq-Mehrab və Muğancıq­-Müslüm kəndlərində aparılan abadlıq işləri əlamətdar hadisədir. Bu kəndlərdə 1830-dan artıq əhali yaşayır. Kənddə uşaqların yaxşı təhsil alması üçün müasir məktəb, dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzi, əhalinin gündəlik mallara olan tələbatının ödənilməsi üçün xidmət mərkəzi istifadəyə verilmişdir. Eyni zamanda qaz, elektrik və rabitə sistemi də yenidən qurulmuşdur. Kəndlərdə, əsasən, arıçılıq, maldar­lıq və tərəvəzçilik inkişaf edib. Yaradılan şərait imkan verir ki, kənd əhalisi bol məhsul istehsal edərək bazara çıxarsın, o cümlədən dövlətin qəbul məntəqələrinə təhvil versinlər. Həmçinin kənddə yeni evlər tikilir, insanların yaşayış şəraiti yaxşı­laşdırılır. Bütün bunlar da ölkəmizin bu kəndlərin timsalında ümumi inkişafının göstəricisidir. Bu gün təkcə şəhər və rayon mərkəzləri deyil, kəndlərimiz də abadlaşır, inkişaf edir. Kənd və şəhər arasındakı fərq ortadan qaldırılır, məktəblər müasir tələblər səviyyəsində qurulur. Ötən il Muğancıq-Mehrab kənd tam orta məktəbinin 3 məzunu olub və onların hər biri ali məktəblərə qəbul olunub, ikisi yüksək nəticə göstərib. Kəndin əsas inkişaf göstəricilərindən biri də məktəblə valideynlər arasında olan əlaqədir. Çünki təhsil sahəsində uğura yalnız məktəb kollektivinin və ailənin birgə tələbkarlığı, eləcə də şagird çalışqanlığı nəticəsində nail olmaq mümkündür.

Ali Məclisin Sədri demişdir: Yaradılan şəraitdən lazımi səviyyədə istifadə olunmalı, tikilənlər qorunmalı, torpaqlar əkilməli, maldarlıq, heyvandarlıq, quşçuluq, arıçılıq inkişaf etdirilməlidir. Təsərrüfatların inkişafı üçün dövlətimiz tərəfindən lazımi dəstək göstərilir, kreditlər verilir. Sakinlər bu imkanlardan səmərəli istifadə etməli, təsərrüfatlarını inkişaf etdirərək yaşayışlarını daha da yaxşılaşdırmalıdırlar. Muxtar respublika uzun illərdir, blokada vəziyyətində yaşayır. Lakin dünyada pandemiya olmasına baxmayaraq, muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər problemlərin yaranmasına imkan vermədi. Bu gün əhali rahat yaşayır, təsərrüfatlar inkişaf etdirilir. Gözlənilməz hadisələrin qarşısının vaxtında alınması və onlara hazır olmaq üçün bundan sonra da bütün imkanlarımız səfərbər edilməli, hər bir sakin ölkəmizin inkişafına töhfə verməlidir.

Ali Məclisin Sədri bir daha aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik etmiş, qarşıya qoyulan vəzifələrin icrasında onlara uğurlar arzulamışdır.

Kənd sakini Feyzulla Abbasov demişdir: “Dünya böyük bir problemlə qarşılaşmasına baxmayaraq, ölkəmizdə və muxtar respublikada quruculuq işləri öz axarı ilə davam edir. Bu gün bizim də kəndimizdə müasir tələblərə cavab verən məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yeni çəkilmiş yolun istifadəyə verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanır. Kəndimizdə Sovetlər Birliyi dövründə oxuduğumuz ali məktəblərdən daha üstün orta məktəb inşa edilmişdir. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və arıçılıqdı. Günnüt yaylasının düşmən tapdağından azad olunması arıçılar üçün geniş imkanlar açıb. Bizə göstərilən qayğı, kəndimizdə görülən işlər saymaqla bitməz. Bir sözlə, kəndimiz şəhər görkəmi almışdır. Bütün bunlara görə minnətdarlıq edirik”.

* * *

Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərində rabitə, elektrik, qaz və su xətləri də yenilənmiş, 760 metr fiber-optik, 1940 metr yeraltı və 4990 metr hava rabitə xətləri çəkilmiş, 2200 metr elektrik xətti və 2 transformator təmir olunmuşdur. Həmçinin kənd­lərdə yeni tikililərə 570 metr qaz xətti çəkilmiş və mövcud 2723 metr qaz xəttində təmir işləri aparılmışdır.

 

 

 

 

 

 

 

Məmmədsabirdə yeni kənd mərkəzi inşa olunub

 

 

 

 

 

 

 

 

 

 

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir Kənd Mərkəzinin açılışını etmişdir.

Bildirilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, ­bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, arxiv, zal və statistika işçisi üçün otaqlar var.

Kənd kitabxanasında 3137 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Məmmədsabir  kənd ərazi ilk təşkilatının 123 üzvü vardır. Onlardan 34-ü gənclər, 39-u isə qadınlardır. Binada 50 yerlik iclas zalının istifadəyə verilməsi mədəni-kütləvi və maarifləndirici tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

Rabitə evində poçt bölməsi fəaliyyətə başlamışdır. Burada 256 nömrə tutumlu yeni nəsil ATS qurulmuş, genişzolaqlı və sürətli internetə çıxış imkanı yaradılmışdır. Hazırda kənddə 120 internet istifadəçisi vardır.

Bina istilik sistemi ilə təchiz olunmuş, həyətdə abadlıq işləri aparılmışdır.

 

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib

 

 

 

 

 

 

 

 

 

 

Sakinlərin sağlamlığının etibarlı təminatı qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, kənd yaşayış məntəqələrində tibb müəssisələri tikilərək istifadəyə verilir.

Mayın 18-də Məmmədsabir kəndində ­həkim ambulatoriyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Həkim ambulatoriyasında 8 otaq – baş ­həkim, stomatoloq, palata, doğuş, peyvənd, aptek, qeydiyyat və manipulyasiya otaqları vardır. Tibb ocağı ən müasir müayinə və müalicə avadanlıqları,  stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar, elektroterapiya və ultrasəslə müalicə, ultrayüksəktezlikli cərəyanla müalicə aparatları, parafinəritmə qazanı və solyuks lampası ilə təmin olunmuşdur.

Ali Məclisin Sədri səhiyyə maarifinin əhəmiyyətini vurğulamış, peyvəndlərin vaxtlı-vaxtında vurulması və hamilə qadınlara patronaj  xidmətinin təşkili ilə bağlı tapşırıqlar vermişdir.

 

Xidmət mərkəzində 4 kənd sakini  işlə təmin olunub

Muxtar respublikamızın kənd yaşayış məntəqələrində müasir xidmət obyektlərinin tikintisi mühüm əhəmiyyət daşıyır.

Həmin gün Məmmədsabir kəndində xidmət mərkəzi istifadəyə verilmişdir.

Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar fəaliyyət göstərir. Mərkəzdə 4 sakin işlə təmin olunmuşdur. İşlə təmin olunanlar ­minnətdarlıq etmişlər.

Sonra sakinlərlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kəndində aparılan quruculuq işləri münasibətilə sakinləri təbrik edərək demişdir: Bu gündən etibarən Məmmədsabir kəndi muxtar respublikanın abad kəndləri sırasına qoşulur. Kənddə yol, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi və rabitə sistemi müasir səviyyədə qurularaq sakinlərin istifadəsinə verilir. Münbit torpaqlara malik olan kənd muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Eyni zamanda sakinlər öz ailə büdcələrini yaxşılaşdırırlar. Dövlət bu tədbirləri ona görə görür ki, kəndlərimizdə məskunlaşma artsın, torpaqlardan səmərəli istifadə olunsun. Məmmədsabir kəndində aparılan geniş quruculuq işləri bunu bir daha təsdiq edir. Ona görə də sakinlər yaradılan şəraitdən istifadə edərək təsərrüfatlarını genişləndirməli, pay torpaqları ilə yanaşı, bələdiyyə mülkiyyətində olan torpaqlar da icarəyə götürülüb əkilməlidir. Çünki dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, kənddə yaşayan insanlar rahat yaşasın, torpaqlardan səmərəli istifadə olunsun və ölkəmiz inkişaf etsin.

Məmmədsabir kənd sakinləri adından minnətdarlıq edən Əhməd Əliyev demişdir: “Bu gün kəndimizdə yeni həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri insanların istifadəsinə verilir. Bu tikililər kəndimizin simasını tamamilə dəyişmişdir. Kənddəki elektrik xətləri yenilənmiş, qaz xətlərində təmir-bərpa işləri aparılmış, yola asfalt örtük salınmışdır. Artıq kənddə əhalinin böyük əksəriyyəti internetdən istifadə edir. Kəndimizin su arxı yenidən qurulmuşdur. Bu da əkin sahələrinin suvarılması üçün çox böyük köməklikdir.  Bunların hamısı biz sakinlərin rahat və firavan yaşayışı üçündür. Məmmədsabir kəndinin insanları çox zəhmətkeş, torpağa bağlıdırlar. Bundan sonra da torpaqlarımızı əkib-becərəcək, qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyacağıq”.

* * *

Məmmədsabir kəndində rabitə, elektrik, qaz və su xətləri yenilənmiş, 1100 metr ­fiber-optik, 7691 metr rabitə xətti çəkilmişdir. Eyni zamanda kənddə 450 metr hava elektrik xətti çəkilmiş, 1 transformator yarımstansiyasında və 6985 metr qaz xəttində təmir işləri aparılmış, 3200 metr kənddaxili arxlar təmizlənmiş, içməli və suvarma su təminatı yaxşılaşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti