“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında

 

Bu gün muxtar respublikada iqtisadiyyatın çoxşaxəli inkişafı sığorta işi sahəsində də fəaliyyətin təkmilləşdirilməsini zərurətə çevirmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin təşkilati-hüquqi formasının və strukturunun mövcud tələblərə uyğunlaşdırılması, eləcə də iqtisadiyyatının tərkib hissəsi olan sığorta sisteminin imkanlarından geniş və səmərəli istifadə edilməsi qarşıda duran əsas vəzifələrdəndir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada sığorta fəaliyyətinin təkmilləşdirilməsi və səmərəli təşkil edilməsi məqsədilə  qərara alıram:

1. Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti yaradılsın.

2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

3. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin strukturu” təsdiq edilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 22 aprel 2020-ci il

№ 9-VI FR

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

2020-ci il  22 aprel tarixli 9-VI FR nömrəli Fərmanı

ilə təsdiq edilmişdir

 

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta  Xidməti” publik hüquqi şəxsin

N İ Z A M N A M Ə S İ

 

1. Ümumi müddəalar

1.1. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi (bundan sonra - Xidmət) muxtar respublikada sığorta bazarında icbari, könüllü və təkrar sığorta əməliyyatları aparılması sahəsində fəaliyyət göstərir.

1.2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, bu Nizamnaməni, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları və muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Xidmət ümumdövlət əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.

1.5. Xidmət öz fəaliyyətini həyata keçirmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada struktur qurumlar (idarələr) yarada bilər. İdarə hüquqi şəxs deyildir və Xidmətin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir.

1.6. Xidmətin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.

1.7. Qanuna uyğun olaraq Xidmətin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Xidmət məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

1.8. Xidmət Naxçıvan şəhərində yerləşir.

2. Xidmətin fəaliyyət istiqamətləri

2.1. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəyyən etdiyi hallarda sığorta işinin təşkilində və formalaşmasında iştirak etmək;

2.1.2. hüquqi və fiziki şəxslərə müxtəlif növ sığorta və təkrar sığorta xidməti göstərmək;

2.1.3. sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi, bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar fəaliyyət göstərmək;

2.1.4. sığorta bazarının inkişafını təmin etmək;

2.1.5. sığorta qanunvericiliyi ilə yol verilən digər fəaliyyət növləri ilə məşğul olmaq;

2.1.6. Xidmətin Nizamnaməsində müəyyən edilən digər istiqamətlərdə fəaliyyət göstərmək.

3. Xidmətin vəzifələri və hüquqları

3.1. Xidmət, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. muxtar respublikada sığorta işini təşkil etmək, sığorta müqavilələri bağlamaq, eləcə də sığorta işinin təşkili ilə bağlı proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

3.1.2. qanunvericiliklə müəyyən olunmuş hallarda normativ xarakterli akt qəbul etmək;

3.1.3. qanunvericiliklə nəzərdə tutulan hallarda və qaydada hüquqmüəyyənedici sənədlər vermək;

3.1.4. mədaxil və məxaric balansını tərtib etmək, maliyyə fəaliyyətini tənzimləmək üçün ehtiyat və başqa fondların yaradılması üzrə tədbirləri müəyyən etmək;

3.1.5. sığorta ehtiyatlarını və digər sərbəst vəsaitlərini investisiyaya yönəltmək, depozitə qoymaq və yaxud başqa şəkildə yerləşdirmək, qarşısıalınma tədbirlərini həyata keçirmək;

3.1.6. aparılmış sığorta növlərinin maliyyə nəticələrini təhlil etmək, sığorta şərtlərinin təkmilləşdirilməsi üçün iş aparmaq;

3.1.7. sığorta risklərinin qiymətləndirilməsi, sığorta hadisələrinin araşdırılması, həmçinin zərərlərin tənzimlənməsi üzrə hüquqi, texniki və təşkilati yardım göstərmək;

3.1.8. sığorta ilə bağlı məsələlər, o cümlədən zərərlərin qarşısının alınması üzrə məsləhət xidmətləri göstərmək;

3.1.9. müştərilərin sənədlərinin hüquqi ekspertizasını, habelə zərərlərin tənzimlənməsi zamanı hüquqi ekspertiza keçirmək;

3.1.10. dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətini əlaqələndirmək;

3.1.11. sığorta fəaliyyəti ilə bağlı elektron xidmətləri qanunvericiliyə uyğun olaraq təşkil etmək;

3.1.12. Xidmətin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq  baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.13. kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək,

3.1.14. Xidmət  əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

3.1.15. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.16. Xidmətin vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.17. dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

3.1.18. Xidmətin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.19. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

3.1.20. qabaqcıl təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

3.1.21. sığorta sektorunda peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

3.1.22. Xidmətin Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Xidmətin aşağıdakı hüquqları vardır:

3.2.1. müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması və ya ləğv edilməsi haqqında aidiyyəti üzrə təklif vermək;

3.2.2. icbari və könüllü sığorta müqavilələrinin bağlanmasının genişləndirilməsi məqsədilə sığorta vasitəçilərinin xidmətindən istifadəni inkişaf etdirmək;

3.2.3. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

3.2.4. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.2.5. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

3.2.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

3.2.7. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

3.2.8. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.9. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

3.2.10.  Xidmətin Nizamnaməsi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

4. Xidmətin idarə olunması

4.1. Xidmətin fəaliyyətinə Naxçıvan Muxtar  Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Direktor rəhbərlik edir. Direktor Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə cavabdehdir.

4.2. Direktorun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Direktorun müavini, Direktorun ona həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.

4.3. Direktor aşağıdakı vəzifələri yerinə yetirir:

4.3.1. Xidmətin fəaliyyətini təşkil edir və Xidməti təmsil edir;

4.3.2. sığorta bazarının inkişafı və genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təkliflər verir;

4.3.3. Xidmətin fəaliyyətinə dair illik hesabatı hazırlayaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə təqdim edir;

4.3.4. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Xidmətin Aparatının və strukturuna daxil olan qurumların xərclər smetasını təsdiq edir;

4.3.5. Xidmətin əmlakından bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasını təmin edir;

4.3.6. Xidmətin strateji məqsədlərinin və planlarının, habelə büdcəsinin icrasına nəzarət edir;

4.3.7. Xidmətin fəaliyyət istiqamətləri üzrə dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;

4.3.8. Xidmətin işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasını, vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

4.3.9. Xidmətin fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

4.3.10. Xidmətin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

4.3.11. bu Nizamnamə ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində Xidmətin adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;

4.3.12. Xidmətin Aparatının və strukturuna daxil olan qurumların rəhbərlərini (Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şəxslər istisna olmaqla), digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

4.3.13. Xidmətin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

4.3.14. Xidmətin fəaliyyət istiqamətləri üzrə işçi qruplar yaradır;

4.3.15. Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

4.3.16. Xidmətdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

4.3.17. Bu Nizamnamə ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

5. Xidmətin nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

5.1. Xidmətin nizamnamə fondunun məbləği 5 950 000 (beş milyon doqquz yüz əlli min) manatdır.

5.2. Xidmətin əmlakı təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.

5.3. Xidmət öz əmlakından yalnız Nizamnaməsində müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Xidmət balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərini müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirir.

5.4. Xidmət qanunla nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra fəaliyyətindən əldə edilmiş vəsait üzərində müstəqil sərəncam vermək hüququna malikdir.

6. Xidmətdə uçot və hesabat

6.1. Xidmət qanunvericiliklə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib və təqdim edir.

6.2. Xidmət qanunvericiliyə uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

6.3. Xidmət strukturuna daxil olan qurumların maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin edir.

6.4. Xidmət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir.

7. Xidmətin ləğvi və yenidən təşkili

Xidmətin ləğvini və yenidən təşkilini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirir.