Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilmişdir

Yanvarın 28-də Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək demişdir ki, aqrar sahədə sistemli şəkildə həyata keçirilən kompleks islahatlar və göstərilən dövlət dəstəyi nəticəsində muxtar respublikada əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir. Ət-süd emalı müəssisələrinin yaradılması muxtar respublikanın bütün rayonlarında əhalinin əsas məşğulluq sahəsi olan heyvandarlığın inkişafına səbəb olmuşdur. 2019-cu ildə muxtar respublikada heyvandarlıq sahəsinə 9 milyon 982 min manatdan artıq kredit verilmişdir. Hazırda muxtar respublikada 115 min 620 baş iribuynuzlu, 704 min 57 baş xırdabuynuzlu heyvan, 1 milyon 307 min baş quş və 99 min 798 arı ailəsi saxlanılır. Yeni baytarlıq idarələri və məntəqələrinin tikilməsi, laboratoriyaların qurulması, süni mayalanmanın tətbiqi heyvandarlığın, arıçılığın və quşçuluğun inkişafına səbəb olmuşdur. Muxtar respublikada biotəhlükəsizliyin qorunması da diqqətdə saxlanılmış, Dövlət Baytarlıq Xidməti dərman və bioloji preparatlarla təchiz olunmuş, profilaktika məqsədilə peyvəndləmə, dezinfeksiya işləri aparılmış, epizootiya əleyhinə ardıcıl tədbirlər görülmüşdür.

Babək Rayon Baytarlıq İdarəsinin rəisi Cəlal Həsənov kollektiv adından minnətdar­lıq edərək demişdir: Muxtar respublikada hər bir sahədə olduğu kimi, baytarlıq xidmətində də əsaslı inkişafa nail olunmuşdur. Babək Rayon Baytarlıq İdarəsinin inzibati binasının istifadəyə verilməsi bu tədbirlərin davamıdır. Binada işçilər üçün nümunəvi iş şəraiti yaradılmış, həmçinin analizləri yüksək səviyyədə aparmaq üçün müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya qurulmuşdur. ­Hazırda rayon ərazisində epizootik vəziyyət tam sağlamdır. Yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəyik.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Babək Rayon Baytarlıq İdarəsinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyini təmin etmişdir. Kənd təsərrüfatının inkişafında əsas sahələrdən biri də baytarlıq təbabəti və baytarlıq xidmətinin təşkildir. Çünki bu sahədə lazımi şəraitin yaradılması, müasir avadanlıqların alınması, eləcə də kadrlarla təminat heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafına şərait yaradır.

Ali Məclisin Sədri demişdir: Muxtar respublikada baytarlığın inkişafı üçün lazımi tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar fəaliyyət göstərir. Həmçinin baytarlıq idarələri və məntəqələri üçün lazımi iş şəraiti yaradılır, süni mayalanmanın tətbiqi ilə bağlı tədbirlər görülür. Epizootik tədbirlərin görülməsi üçün dərmanlarla təminat vaxtında həyata keçirilir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada bu sahədə sabitlik vardır. Hər bir ölkənin müstəqil yaşaması üçün ərzaq təhlükəsizliyinin təmin olunması vacib məsələdir. Baytarlıq xidmətinin düzgün təşkili də həm əhalinin təsərrüfatının, əmlakının qorunmasına, həm də ərzaq təhlükəsizliyinin təmin olunmasına, insanların sağlamlığına,  onların keyfiyyətli heyvandar­lıq, quşçuluq və arıçılıq məhsulları ilə təminatına imkan verir. Hazırda ölkəmizdə bu məsələyə xüsusi diqqət yetirilir.

Qeyd olunmuşdur ki, kənd təsərrüfatının inkişafı bu gün qarşıda duran əsas vəzifələrdəndir. Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı rayonudur. Əhalinin 70 faizi kənd­lərdə yaşayır və bu sahə ilə məşğul olur. Bu da baytarlıq xidmətinin təşkilini zəruri edir. Çünki mal-qaranın normal artımı və sağlamlığı təmin olunmasa, bu sahəyə maraq da azalar, ərzaq təhlükəsizliyinin təmin olunmasında çətinliklər yaranar. Ona görə də baytarlıq xidmətinin təşkili qarşıda duran əsas vəzifələrdəndir. Bu vəzifələrin icrası üçün lazımi şərait yaradılmışdır. Babək rayonu muxtar respublikanın böyük yaşayış məntəqələrindəndir. Kənd təsərrüfatının əkinçilik, heyvandarlıq, arıçılıq, quşçuluq sahələri rayonda inkişaf etdirilir. Hazırda rayonda 15 mindən yuxarı iribuynuzlu, 143 minə yaxın xırdabuynuzlu heyvan, 330 minə yaxın quş, 15 minə yaxın arı ailəsi saxlanılır. Rayonda süni mayalanma işi də yaxşı təşkil olunmuşdur. Belə ki, təsərrüfatlarda saxlanan 15 mindən artıq iribuynuzlu heyvanın 9 faizi bir il ərzində süni mayalanma yolu ilə alınmış cins buzovlardır. Bu da göstərir ki, bir neçə il ərzində rayonda mal-qaranın cins tərkibi ­tamamilə dəyişiləcəkdir.

“Baytarlıq xidmətinin təşkili fədakarlıq və zəhmət tələb edir. Muxtar respublikada epizootik tədbirlərin vaxtında həyata keçirilməsinin nəticəsidir ki, heyvanlar arasında infeksion xəstəliklər yoxdur”, – deyən Ali Məclisin Sədri kollektivin timsalında muxtar respublikanın bütün baytarlıq təbabəti xidmətinin əməkdaşlarına təşəkkürünü bildirmiş, bundan sonra da Babək rayonunda heyvandarlığın, arıçılığın və quşçuluğun inkişafına xüsusi diqqət göstərilməsinin vacibliyini qeyd etmiş, kollektivə işlərində uğurlar ­arzulamışdır.

Sonra binaya baxış olmuşdur.

Məlumat verilmişdir ki, Babək Rayon Baytarlıq İdarəsi baytarlıq laboratoriyası, baytar sanitar ekspertiza laboratoriyası və 29 sahə baytar məntəqəsini əhatə edir. Bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Zirzəmidə parazitologiya, bakteriologiya və serologiya şöbələri, dərman və boyaq maddələrinin saxlanc otağı, yeməkxana, anbar və qazanxana vardır. Birinci mərtəbədə iş otaqları, ikinci mərtəbədə 2 baytar həkimi otağı, sahə baytar məntəqəsi və texniklər üçün otaqlar, süni mayalanma avadanlıqlarının saxlanc otağı, arxiv və 26 yerlik iclas zalı yerləşir.

Baytarlıq İdarəsi mikroskop, termostat, distilyator, sentrafuqa, sterilizator, analiz aparatları, maye azot tankı, süni mayalanma çantası və digər lazımi avadanlıqlarla təmin olunmuşdur.

Həyətdə abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış, suvarma və işıqlandırma sistemləri, eləcə də yandırma quyusu ­qurulmuşdur.

Ali Məclisin Sədri baytarlıq sahəsində Dövlət Proqramının hazırlanması və xidmətin təşkilində maarifləndirməyə diqqətin artırılması barədə aidiyyəti üzrə  tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti