Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilmişdir

Dekabrın 21-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası keçirilmişdir.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:

1. 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının ­yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin təsdiq edilməsi

5. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı

6. Naxçıvan Muxtar Respublikasının qanunlarında dəyişikliklər edilməsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2019-cu ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları haqqında məruzə etmişdir. (Ali Məclis Sədrinin məruzəsi qəzetin bugünkü nömrəsində dərc olunur)

Məruzədən sonra Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış etmişlər.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri Səbuhi Məmmədov çıxış etmiş, “Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əli Quliyev Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi barədə çıxış etmiş, sessiyada “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuşdur.

Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd olunmuşdur ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunmuş və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edilmişdir.

Gündəlikdə duran beşinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmiş və qərar qəbul edilmişdir.

Sessiyada altıncı məsələnin müzakirəsi zamanı diqqətə çatdırılmışdır ki, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsində müvafiq dəyişikliklər edilməsi ilə bağlı Qanun layihəsi hazırlanmışdır. Həmçinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən publik hüquqi şəxslərə sahibkar­lıq fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti verilmiş və Qanunun mətnində əsasən texniki xarakter daşıyan dəqiqləşmələr aparılmışdır. Müvafiq olaraq “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Qanun layihəsi hazırlanmışdır.

Hər iki məsələ ilə əlaqədar qanun layihələri oxunmuş, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul edilmişdir.

Ali Məclisin Sədri 2019-cu ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirmiş, Ali Məclisin deputatlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki ordu, birləşmə və hissələrinin şəxsi heyətlərini və onların ailələrini, şəhid ailələrini və müharibə veteranlarını, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, 2020-ci ildə uğurlar arzulamışdır.

Bununla da beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci sessiyası öz işini başa çatdırmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

 

 

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onbirinci

sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun

 

M Ə R U Z Ə S İ


Hörmətli deputatlar və sessiya iştirakçıları!

Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sabitlik, inkişaf və yüksək rifah vardır. Sosial-iqtisadi islahatların əhatə dairəsinin genişlənməsi bütün sahələrdə inkişafı təmin etmişdir.

Ölkə Prezidenti cənab İlham Əliyevin  2019-cu ildə imzaladığı müvafiq Fərman və Sərəncamlara əsasən muxtar respublikanın rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidən qurulması, Ordubad Su Elektrik Stansiyasının tikintisi, çoxmənzilli binaların dam örtüklərinin təmiri və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, Şərur Sənaye Məhəlləsinin yaradılması, əhalinin içməli suya tələbatının ödənilməsi və əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün subartezian quyularının layihələndirilməsi, əkin sahələrində müasir suvarma sistemlərinin quraşdırılması, Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması, Süni Mayalanma Mərkəzinin yaradılması, əlil və şəhid ailə­lərinin mənzillə təminatının davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasına, ümumilikdə, 77 milyon manatdan artıq vəsaitin ayrılması muxtar respublikanın inkişaf dinamikasına daha bir töhfə kimi mühüm əhəmiyyətə malik olmuşdur.

2019-cu ildə muxtar respublikada ərzaq, enerji və müdafiə təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər davam etdirilmiş, makroiqtisadi göstəricilər artmışdır. Başa çatmaqda olan il muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında əlamətdar hadisələrlə yadda qalmış, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyi qeyd olunmuş, bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunmuşdur.

Mövcud potensialdan istifadə edilməklə yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxşaxəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, sosial layihələrin uğurla həyata keçirilməsinə şərait yaratmışdır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ötən dövründə ümumi daxili məhsulun həcmi 1,5 faiz artaraq 2 milyard 839 milyon manatdan çox olmuşdur. Onun bir nəfərə düşən həcmi 6202 manat təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 1,6 faiz çoxdur. Ümumi daxili məhsulun 58 faizdən çoxu istehsalın payına düşmüşdür.

Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər  muxtar respublikanın istehsal sahələrinin genişlənməsinə və iqtisadiyyatın çoxsahəli inkişafına səbəb olmuşdur. Cari ilin ötən dövründə sahibkarlara 24 milyon 546 min manat kredit verilmiş, 72 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, 37 hüquqi və 3459 fiziki şəxs dövlət qeydiyyatına alınmışdır. Sahibkarlığın hazırkı inkişaf səviyyəsinin nəticəsidir ki, bu gün muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir.

Muxtar respublikada təbii xammal ehtiyatlarının böyük potensiala malik olması emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsinə və sənayenin inkişafına da əhəmiyyətli təsir göstərmiş, istehsal edilən sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olmuşdur.

Kənd təsərrüfatının dinamik inkişafı ərzaq təhlükəsizliyini təmin etməklə yanaşı, aqrar  sənaye müəssisələrinin xammalla təmin olunmasında da mühüm rol oynayır. Məhsul istehsalçılarına güzəştli kreditlərin verilməsi, texnika və gübrə ilə təchizatın yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi, hazır məhsulun satışı və saxlanılması üçün əlverişli şəraitin təmin edilməsi kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmış, 2019-cu ilin məhsulu üçün muxtar respublikada 62 min 970 hektar sahədə əkin aparılmışdır. Strateji əhəmiyyəti nəzərə alınaraq əkilmiş sahələrin 33 min 308 hektarında taxıl səpini aparılmış, 102 min 984 ton məhsul yığılmışdır.

Tələbata uyğun olaraq kartofçuluğun da inkişafında müsbət dinamika saxlanılmış, tütünçülüyün dirçəldilməsi üçün tədbirlər görülmüş, muxtar respublika üzrə 3228 hektar sahədə kartof, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 50,5 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il əvvəlki müvafiq göstəricilərlə müqayisədə çoxdur.

Muxtar respublikanın təbii coğrafi şəraiti meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üçün geniş imkanlar yaradır. 2019-cu ildə 6 min 246 hektar sahədə tərəvəz, 2 min 778 hektar sahədə bostan əkinləri həyata keçirilmiş, yeni meyvə bağlarının salınması davam etdirilmişdir.

Aqrar sahənin inkişafını şərtləndirən ən başlıca amillərdən biri də müasir kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarının muxtar respublikaya alınıb gətirilməsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2019-cu ilin ötən dövründə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 319 müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq, 2020-ci ildə əkinlərə verilməsi üçün 6 min ton karbamit gübrəsi alınmış, məhsul istehsalçılarına il ərzində 7 min 174 ton mineral gübrə verilmişdir.

Kənd təsərrüfatına yararlı torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsində mütərəqqi suvarma sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. 2019-cu ildə də bu tədbirlər davam etdirilmiş, 520 hektar torpaq sahəsində qapalı suvarma şəbəkəsi qurulmuşdur.

Əhalinin ərzaq məhsulları ilə təminatında heyvandarlığın xüsusi çəkiyə malik olmasını nəzərə alaraq bu sahənin inkişafı da diqqətdə saxlanılmışdır. Heyvandarlığın inkişafı ilə əlaqədar cari ilin ötən dövründə fermerlərə 9 milyon 468 min manatdan çox kredit verilmişdir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaqla məhsuldarlığın yüksəldilməsi üçün əsaslı tədbirlər həyata keçirilmiş, Babək rayonunda Süni Mayalanma Mərkəzinin tikintisi davam etdirilmişdir.

Kənd təsərrüfatının inkişafında arıçılıq da mühüm əhəmiyyətə malikdir. “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı”nın icrası cari ildə də davam etdirilmiş, ötən dövr ərzində arıçılıqla məşğul olanlara 601 min manat kredit verilmişdir. Muxtar respublikada “Arıçılıq məhsulları – bal” festivalının ardıcıl olaraq keçirilməsi bu sahəyə marağın artmasına və istehsal olunan məhsulların satışına müsbət təsir göstərmişdir. Artıq ikinci ildir ki, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi bu sahəyə marağı artırmış, 2019-cu ilin sonuna muxtar respublikada arı ailələrinin sayı 99 min 798-ə çatdırılmışdır.

Aqrar sektorun inkişafında ailə təsərrüfatlarının xüsusi rolu nəzərə alınaraq 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilmiş və Tədbirlər Planı təsdiq olunmuşdur. Ötən dövrdə bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmiş, muxtar respublikada fəaliyyət göstərən ailə təsərrüfatlarının birgə koordinasiyasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ailə təsərrüfatları İctimai Birliyi yaradılmış, 87 ailə təsərrüfatına 820 min manata yaxın güzəştli kredit verilmiş, ailə təsərrüfatları tərəfindən istehsal olunmuş məhsulların satışına dəstək göstərilməsi məqsədilə “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmişdir.

Görülən tədbirlər kənd təsərrüfatının inkişafına öz təsirini göstərmiş, muxtar respublikada 507 milyon 641 min manatdan artıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz çoxdur.

Son illər ətraf mühitin mühafizəsi sahəsində görülən işlər muxtar respublika ərazisində əlverişli ekoloji şəraitin qorunub saxlanılmasına zəmin yaratmışdır. Xüsusilə yaşıllıq sahələrinin ilbəil genişləndirilməsi yeni meyvə bağlarının salınması və ailə təsərrüfatlarında bağçılığa marağın artırılması muxtar respublikada tingçilik təsərrüfatlarının inkişafını zərurətə çevirmişdir. Müxtəlif meyvə və həmişəyaşıl tinglərə, gül və bəzək kollarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi məqsədilə Yaşıllaşdırma xidməti üçün yeni kompleks tikilmiş və “İqlim otağı” fəaliyyətə başlamışdır. Bu il 583 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 323 mindən çox ağac və gül kolu əkilmişdir.

Ekoloji tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Sədərək Rayon Su Monitorinq Laboratoriyası yaradılmışdır.

Əsas kapitala investisiya qoyuluşlarının həcmi tikinti-quruculuq işlərinin genişlənməsinə, kəndlə şəhər arasındakı fərqin ortadan qaldırılmasına, rayonların tarazlı inkişafına mühüm təsir göstərir.

Şəhər və rayon mərkəzlərində, kəndlərdə istifadəyə verilən sosial obyektlər, tikilən inzibati binalar, yaradılan istehsal sahələri insanların məskunlaşmasını, rahatlığını təmin etmiş, Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binası yenidən qurulmuş, Şahbuz Rayon Dövlət Arxivi və Kəngərli Rayon Dövlət Sığorta Agentliyi üçün müasir iş şəraiti yaradılmış, 10 kənd və 11 xidmət mərkəzi, Kəngərli, Sədərək və Babək rayonlarının hər birində bir yaşayış binası tikilərək istifadəyə verilmişdir. Naxçıvan şəhərində iki yaşayış binasının və “Gənclər şəhərciyi” yaşayış kompleksinin, Şərur, Ordubad və Şahbuz rayonlarının hər birində bir yaşayış binasının, Sədərək gömrük-keçid məntəqəsi üçün müasir kompleksin tikintisi davam etdirilmişdir.

Muxtar respublikada əhalinin içməli su təminatının yaxşılaşdırılması aparılan quruculuq işlərinin əsasını təşkil edir. Cari ilin ötən dövründə Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun tikintisi, Cəlilkənddə içməli su şəbəkəsinin çəkilişi davam etdirilmiş, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin çəkilişi başa çatdırılmışdır.

Blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada bütün nəqliyyat sahələrində infrastrukturun yenilənməsi tədbirləri davam etdirilir. Quruculuq işləri aparılan hər bir yaşayış məntəqəsində abad və rahat yollar salınır. Bu ilin ötən dövründə muxtar respublikada 93,9 kilometr uzunluğunda yeni asfalt yol salınmış, 3 körpünün tikintisi, 3 körpünün isə əsaslı təmiri başa çatdırılmışdır.

Cari dövrdə Şahbuz şəhərində aviakassa binası tikilərək istifadəyə verilmiş, Naxçıvan Beynəlxalq Hava Limanında yeni uçuş-enmə zolağının qurulması davam etdirilmişdir. Həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının qəbul etdiyi qərara əsasən avqust ayının 15-dən etibarən Naxçıvan Muxtar Respublikasının Türkiyə üzərindən birbaşa hava dəhlizi açılmışdır. Dəmir yolu təsərrüfatında da infrastruktur tədbirləri davam etdirilmiş, Naxçıvan stansiyasında polis şöbəsi üçün inzibati binanın və Culfa stansiyasında İstismar Vaqon Deposunun təmiri sexinin tikintisi, inzibati binasının yenidən qurulması davam etdirilmiş, yeni manevr teplovozu muxtar respublikaya gətirilmişdir.

Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsini yüksəltmək məqsədilə cari ilin yanvar ayından Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutunda gecə reysləri fəaliyyətə başlamış, sərnişin avtobuslarına tətbiq olunan gömrük nəzarəti sadələşdirilmiş və nəticədə, sərnişinlərin mənzil başına daha tez və rahat şəkildə çatması təmin edilmişdir.

Muxtar respublikada rabitə və yeni texnologiyaların tətbiqi sahəsində həyata keçirilən tədbirlər diqqətdə saxlanılmış, 2019-cu ilin ötən dövründə Culfa rayonunda 28 yeni nəsil telefon stansiyasının quraşdırılması davam etdirilmiş, yaşayış məntəqələrində 8 yeni nəsil avtomat telefon stansiyası istifadəyə verilmiş, muxtar respublika ərazisində, ümumilikdə, 97 min metr fiber-optik, 143 min metrə yaxın rabitə xətləri çəkilmişdir. Ötən dövr ərzində muxtar respublikanın ­tikinti-quraşdırma işləri həyata keçirilən yaşayış məntəqələrində 6 yeni poçt bölməsi yaradılmış, 3 poçt bölməsi isə yeni bina ilə təmin olunmuşdur.

Son illər muxtar respublikada qazanılmış ən yüksək nailiyyətlərdən biri də enerji təhlükəsizliyinin təmin edilməsidir. Bu sahənin inkişaf etdirilməsi istiqamətində aparılan tədbirlər cari ildə də davam etdirilmiş, Kəngərli rayonunun Qabıllı kəndində 2 meqavat gücündə Günəş Elektrik Stansiyası, Babək Rayon Elektrik Şəbəkəsinin inzibati binası və yarımstansiyası istifadəyə verilmiş, Ordubad rayonunda Ordubad Su Elektrik Stansiyasının, Şərur rayonunda  yarımstansiyanın, Kəngərli rayonunun Qabıllı kəndində 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir. Hazırda tikintisi davam edən 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası fəaliyyətə başladıqdan sonra muxtar respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcəkdir.

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin Maye-Qaz Anbarı və Qazdoldurma Stansiyasının tikintisi başa çatdırılmış, Şərur rayonunda maye qaz doldurma, Culfa şəhərində yanacaqdoldurma stansiyalarının tikintisi davam etdirilmişdir.

Görülən işlər əhalinin məşğulluq səviyyəsini artırmış, cari ilin ötən dövründə muxtar respublika üzrə 3250 yeni iş yeri açılmışdır.

Muxtar respublikanın iqtisadi inkişafında əsas prioritetlərdən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən sistemli tədbirlər, xüsusilə ixracın stimullaşdırılması, istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və  xarici bazarlarda tanınmasına şərait yaratmışdır. 2019-cu ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 494 milyon 574 min ABŞ dolları təşkil etmişdir. Ticarət əməliyyatlarının 86,0 faizi, yaxud 425 milyon 539 min ABŞ dolları ixracın payına düşmüş, müsbət saldo yaranmışdır.

2019-cu ildə muxtar respublikanın maliyyə sektorunda da tədbirlər diqqətdə saxlanmış, dövriyyədə olan nağd pul kütləsinin azaldılması, nağdsız əməliyyatların həcminin artırılması, elektron ödəniş sistemlərinin geniş tətbiqi üçün tədbirlər görülmüşdür. 2019-cu il dekabr ayının əvvəlinə fiziki və hüquqi şəxslər üçün 84 min 509 bank hesabı açılmışdır ki, bunun da 74 min 487-si, yaxud 88 faizdən çoxu işlək hesablardır. Ticarət və xidmət müəssisələrində olan 1278 POS-terminal vasitəsilə nağdsız ödənişlərin aparılması təmin edilmişdir.

İqtisadiyyatın inkişafının əsas hərəkətverici qüvvəsi insan kapitalı və onun yaratdığı yeniliklərdir. Digər tərəfdən isə iqtisadi inkişafın nəticəsi təhsil infrastrukturunun yenilənməsində, müasir informasiya texnologiyalarının tətbiqində, tədris vasitələri ilə təchizatın və məktəb binalarının istifadəyə verilməsində özünü göstərir. Bu il Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin binasının, Naxçıvan şəhərində 1140 şagird yerlik 5 nömrəli, Şərur rayonunun Muğanlı kəndində 224 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması, Şərur rayonunun ­Kərimbəyli kəndində 270, Xələc kəndində 360, Yeni Havuş və Xətai kəndləri üçün 120, Babək rayonunun Kültəpə kəndində 360, Gülşən­abad kəndində 144, Ordubad rayonunun Dəstə kəndində 900, Şahbuz rayonunun Türkeş kəndində 66 şagird yerlik məktəb binalarının və Naxçıvan şəhərində 200 yerlik uşaq bağçasının tikintisi başa çatdırılmışdır.

Şərur rayonunun Muğancıq Mehrab, Ordubad rayonunun Vənənd, Kəngərli rayonunun Böyükdüz kəndlərində məktəb binalarının yenidən qurulması, eyni zamanda Vənənd kəndində uşaq musiqi məktəbinin tikintisi davam etdirilmişdir.

Təhsilin inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, 2019-cu ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən  1720-si ali, 244-ü orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Ali məktəblərə qəbul olanlardan 1192-si ixtisas seçimi zamanı muxtar respublikanın ali təhsil müəssisələrinə üstünlük vermişlər. Qəbul imtahanlarının nəticələrinə əsasən 281 nəfər 500-dən yuxarı bal toplamışdır. Yüksək nəticə ilə tələbə adını qazananlardan 4-ü Prezident təqaüdünə layiq görülmüşdür.

Tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi və vətəndaşların sağlamlığının etibarlı təminatı bu gün qarşıda duran əsas vəzifələrdəndir. Səhiyyə xidmətlərinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə artıq 2018-ci ildən muxtar respublikanın Sədərək, bu ildən isə Şərur, Kəngərli, Şahbuz və Ordubad rayonlarında icbari tibbi sığortanın tətbiqinə başlanmışdır. Şərur rayonunun Kərimbəyli və Muğanlı, Babək rayonunun Kültəpə, Ordubad rayonunun Dəstə kəndlərində həkim ambulatoriyalarının, Babək rayonunun Gülşənabad, Şahbuz rayonunun Türkeş, Şərur rayonunun Alışar və Yeni Havuş-Xətai kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Şərur Rayon Uşaq Xəstəxanasının, Xələc kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması, Şərur Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatdırılmışdır. Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyalarının tikintisi, Kəngərli rayonunun Böyükdüz kəndində həkim ambulatoriyasının yenidən qurulması, Naxçıvan “Duzdağ” Fizioterapiya Mərkəzində inzibati binanın tikintisi davam etdirilmişdir. İnfra­struktur quruculuğu ilə yanaşı, səhiyyə müəssisələrinə 10 təcili tibbi yardım avtomobili  verilmiş, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində ən müasir angioqrafiya aparatı quraşdırılmışdır.

Muxtar respublikanın inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Bu məqsədlə yeni məscidlər tikilir, tarixi abidələr və ziyarətgahlar bərpa edilir. Bu il Ordubad rayonunun Anaqut və Dırnıs kəndləri üçün yeni məscid istifadəyə verilmiş, Ərəfsə kəndində tarixi körpünün bərpası başa çatdırılmışdır. Hazırda Naxçıvan şəhərində məscid tikintisi, Yusif Küseyir oğlu türbəsinin, Kəngərli rayonunda Şahtaxtı ­hamamının bərpası davam etdirilir.

Cari ildə Şahbuz Rayon Mədəniyyət Sarayının tikintisi, Naxçıvan şəhərində Cəmşid Naxçıvanski Muzeyinin və Turizm Departamentinin inzibati binasının yenidən qurulması başa çatdırılmış, Milli Dəyərlər Muzeyi yaradılmış, Şərur Rayon Mədəniyyət Sarayının tikintisi isə davam etdirilmişdir.

Turizmin kompleks şəkildə və davamlı inkişafını nəzərdə tutan tədbirlərin həyata keçirilməsi muxtar respublikaya gələn turistlərin sayını ildən-ilə artırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın və Ali Məclis Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 29 noyabr 2018-ci il tarixli Sərəncamının icrası görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaratmaqdadır. Hesabat ili ərzində bu istiqamətdə bir sıra tədbirlər görülmüş, Naxçıvan şəhərində “Saat Meydanı” turistik istirahət mərkəzi istifadəyə verilmiş, Culfa rayonunda Darıdağ arsenli su müalicə kompleksinin, Naxçıvan şəhərində “Sahil Parkı”nın yaradılması davam etdirilmişdir. Turizmin inkişafı sahəsində görülən işlərin və yaradılan şəraitin nəticəsidir ki, 2019-cu ilin ötən dövründə muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 416 minə yaxın turist gəlmişdir. Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı “Vanderlast” isə Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil etmişdir.

Bədən tərbiyəsi və idman gənclərin fiziki inkişafında və asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır. Müasir idman infrastrukturu və bu sahəyə göstərilən qayğı Naxçıvanı beynəlxalq idman mərkəzinə çevirmiş, 2019-cu ildə muxtar respublikada  1 ölkə və 5 beynəlxalq səviyyəli idman tədbiri keçirilmişdir.

Muxtar respublikada 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 9 nəfərə, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 3 nəfərə və hərbi xidmət vəzifəsini yerinə yetirərkən sağlamlığını itirmiş 3 nəfərə, ümumilikdə, 17 ailəyə yeni fərdi ev və mənzillər verilmişdir. Bununla yanaşı, 1941-1945-ci illər müharibəsində sağlamlığını itirmiş 2 nəfər, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 22 nəfər, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş 9 nəfər və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 2 nəfər, ümumilikdə, 35 nəfər minik avtomobilləri ilə təmin edilmişdir.

2019-cu ildə Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər davam etdirilmiş, muxtar respublikanın müdafiə potensialı daha da möhkəmləndirilmişdir. Muxtar respublikadakı ordu, birləşmə və hissələrdə yeni xidmət və yaşayış kompleksləri istifadəyə verilmişdir.

Kəngərli rayonundakı hərbi hissədə zabit­-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binası və park, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 15-ci Sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilmiş, Şərur rayonunda Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin və 3 saylı Sərhəd zastavasının tikintisi davam etdirilir.

Daxili işlər orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbi yaradılmış, məktəb üçün müasir kompleks istifadəyə verilmişdir.

Əhali arasında hüquq maarifi və profilaktik  tədbirlərin gücləndirilməsinin nəticəsidir ki, cinayətkarlıq üzrə göstəricilərin aşağı səviyyədə olması qorunub saxlanılmışdır.

Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin təmin edilməsi muxtar respublikada məşkunlaşmanın və əhali rifahının yaxşılaşmasına öz təsirini göstərmiş, muxtar respublika əhalisinin sayı artaraq 460 min nəfərə yaxın olmuşdur.

2019-cu ildə muxtar respublikanın kütləvi informasiya vasitələrinin fəaliyyətinin təşkili sahəsində mühüm işlər görülmüş, teleradio və qəzetlərin maddi-texniki bazalarının gücləndirilməsi diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmış, Naxçıvan Dövlət Televiziyasında yeni studiya qurulmuş, müasir çəkiliş və yayım avadanlıqları alınmışdır.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının xarici ölkələrlə əlaqələri də genişlənmişdir. 2019-cu ildə müxtəlif səviyyəli 44 xarici nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər etmişdir.

Bundan başqa, muxtar respublikanın nümayəndə heyətləri 46 dəfə xarici səfərlərdə olmuş, müxtəlif elmi, mədəni, iqtisadi, səhiyyə, idman və digər tədbirlərdə iştirak etmişlər.

2019-cu ildə muxtar respublikanın sosial­-iqtisadi inkişafında və qazanılan nailiyyətlərdə xidməti olanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkə Prezidentinin sərəncamları ilə muxtar respublika sakinlərindən 132-si müxtəlif orden, medal və fəxri adlarla təltif olunmuş, 11 nəfər Prezident mükafatına layiq görülmüş, 2 nəfərə ali hərbi və 1 nəfərə ali xüsusi rütbə verilmişdir. Həmçinin 22 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları, 14 nəfər Naxçıvan Muxtar Respublikasının nişanları ilə təltif edilmiş, 1 nəfər Naxçıvan Muxtar Respublikasının mükafatına, 3 gənc isə xüsusi aylıq təqaüdə layiq görülmüşdür.

Hörmətli sessiya iştirakçıları!

Əldə olunan nəticələr onu deməyə əsas verir ki, 2020-ci ildə də Naxçıvan Muxtar Respublikasında inkişaf davamlı xarakter alacaq, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət muxtar respublikada uğurlu nəticələrin qazanılmasına imkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Şadam ki, Naxçıvanda bütün istiqamətlər üzrə işlər yaxşı gedir. Əminəm ki, bu dinamika gələn il də təmin ediləcək. Əminəm ki, muxtar respublika əhalisinin sosial rifahının yaxşılaşdırılması, respublika qarşısında duran bütün vəzifələrin icrası üçün bütün qüvvələr səfərbər ediləcək və 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır”.