Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşmüşdür.

Ali Məclisin Sədri Naxçıvanda keçirilən “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında özəl sektorun rolunun artırılması” mövzusundakı tədbirə görə qonağa təşəkkürünü bildirmişdir. Azərbaycan ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasındakı əlaqələrə və həyata keçirilən layihələrə diqqəti çəkən Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası barədə ətraflı məlumat vermiş, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə muxtar respublikada özəlləşdirmə ilə bağlı qərar qəbul etmiş, ötən dövrdə bu proses uğurla başa çatdırılmışdır.

Muxtar respublikada ailə təsərrüfatlarının fəaliyyətindən, eləcə də artan ixrac potensialından danışan Ali Məclisin Sədri kənd təsərrüfatında maarifləndirmənin və mütərəqqi metodların tətbiqinin əhəmiyyətini vurğulamış, keçirilən tədbirin bu baxımdan faydalı olacağına əminliyini ifadə etmişdir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Naxçıvanda özəl sektorun inkişafının və sahibkar­ların fəaliyyətinə verilən dəstəyin, bunun tərkib hissəsi kimi aqrar sahəyə göstərilən diqqətin nümunə olduğunu bildirmişdir.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak göstərilən diqqətə görə minnətdarlıq etmişdir. Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində böyük potensialın olduğunu bildirən qonaq təmsil etdiyi təşkilatın muxtar respublika ilə əməkdaşlığa mühüm önəm verdiyini vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti