Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib

 

 

 

 

 

 

 

 

 

 

Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarının biznes planları tərtib olunmuş, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilmişdir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması isə bu sahəyə marağı daha da artırmışdır.

 

 

 

 

 

 

 

 

 

 

Görülən işlərin davamı olaraq noyabrın 2-də “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmişdir.

 

 

 

 

 

 

 

 

 

 

Festivalın açılışından sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov çıxış edərək muxtar respublikada ailə təsərrüfatlarının inkişafı üçün görülən işlərdən danışmış, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.

Məlumat verilmişdir ki, festivalda Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından, eləcə də Naxçıvan şəhərindən, ümumilikdə, 408 ailə təsərrüfatı tərəfindən 556 növdə qablaşdırılmış məhsul çıxarılmışdır. Naxçıvan qovurması, xaması, qaymağı, müxtəlif növ mürəbbə və şirniyyatları, pendiri, qatığı, alanası, miyanpuru, sucuğu, cəvizi, badamı, qovudu, müxtəlif çeşidli meyvə şirələri, sirkələri, şərabları və araqları, ət və balıq məhsulları, eləcə də turşular, kompotlar, milli mətbəximizə aid çörək çeşidləri və digər məhsullar festival iştirakçılarına təqdim edilirdi.

 

 

 

 

 

 

 

 

 

 

Muxtar respublikanın ərazisi yabanı tərəvəz və dərman bitkiləri ilə zəngindir. Tarixən həmin sərvətlərdən məişətdə və xalq təbabətində geniş istifadə olunmuşdur. Bu gün də kəndlərdə yabanı tərəvəz və dərman bitkilərinin istehsalı sahəsində ixtisaslaşmış ailə təsərrüfatları vardır. Festivalda bu sahə ilə məşğul olan ailə təsərrüfatlarının dərman bitkilərindən hazırladıqları məhsullar da yer alırdı.

Ali Məclisin Sədri festivalda Gənclər Fondunun hazırladığı “Ailəmdən alıcıya” stendinə baxmışdır. Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev məlumat vermişdir ki, gənclər öz ideyaları əsasında ailə təsərrüfatlarında hazırlanmış məhsulların qablaşdırılmasına və təqdimatına köməklik göstərir, məhsulların satışı həyata keçirilir. Fondun “Mənim ikinci peşəm” layihəsi çərçivəsində isə gənclərin hazırladıqları əl işlərindən ibarət sərgi-satış təşkil olunmuş və alıcı istəyinə uyğun olaraq məhsullar hədiyyəlik paketlənmişdir. Gənclərin hazırladıqları “Kənddən al” mobil tətbiqetməsinin məqsədi isə muxtar respublikada fəaliyyət göstərən aktiv ailə təsərrüfatçılarının fəaliyyətinə dəstək vermək, məhsulların daha rahat üsulla alıcıya çatdırılması və satıcı-alıcı münasibətlərinin operativləşdirilməsidir. Tətbiqetmə 3 əsas bölmədən ibarətdir. Birinci bölmədə muxtar respublikada fəaliyyət göstərən 73 aktiv ailə təsərrüfatçısının məhsulları, ikinci bölmədə “Özünüməşğulluq” proqramı çərçivəsində ailələrin hazırladıqları məhsullar, üçüncü bölmədə isə istedadlı gənc və qadınların əl işlərindən ibarət məhsullar yerləşdirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

Zəngin təbiəti, təmiz havası və suyu, ekoloji saf məhsulları Naxçıvanda meyvəqurutma sahəsində ailə təsərrüfatlarının formalaşmasına əlverişli şərait yaradır. Yerli meyvələrin qurudulması, onlardan müxtəlif mürəbbə və şirələrin hazırlanması  ənənəsi bu gün də yaşadılır. Festivalda ailə təsərrüfatları tərəfindən qablaşdırılmış alça, göycə, ərik, tut və digər meyvə quruları, eləcə də meyvə şirələri də keyfiyyəti ilə alıcıları cəlb edirdi.

Naxçıvanda heyvandarlıq və maldarlığın inkişafı ət və süd məhsulları istehsalının geniş yayılmasına səbəb olmuşdur. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması ailə təsərrüfatlarında istehsal olunan bu məhsulların həcmini və keyfiyyətini artırmışdır. Festivalda ailə təsərrüfatlarında istehsal edilən müxtəlif ət və ət məhsulları, qaymaq, xama, qatıq, şor, qurut və digər ənənəvi süd məhsulları keyfiyyəti ilə seçilirdi.

 

 

 

 

 

 

 

 

 

 

Dövlət proqramlarının qəbul olunması muxtar respublikada meyvəçiliyin və üzümçülüyün inkişafına geniş imkanlar açmışdır. Bu sahə üzrə ixtisaslaşan ailə təsərrüfatları artıq meyvə ilə yanaşı, tut, alma, armud, göycə, alça, şaftalı araqları, müxtəlif növ şərablar, sirkələr və doşablar da istehsal edir. Festivalda bu məhsullara böyük tələbat var idi.

Bu gün muxtar respublikada istehsal olunan keyfiyyətli məhsullar, eləcə də Naxçıvan mətbəxinin nümunələri ölkəmizdə və dünyada brend məhsul kimi qəbul olunur. Xüsusilə ailə təsərrüfatlarında fəsillərə uyğun mətbəx nümunələrimizin hazırlanaraq qablaşdırılması və satışa çıxarılması böyük maraq doğurur. Festival iştirakçılarına kiçik həcmli taralarda qablaşdırılmış “Naxçıvan qovurması” təqdim edilmişdir.

Naxçıvan şəhər sakini Zakirə İsmayılova minnətdarlıq edərək demişdir: “Festivallar Naxçıvan şəhər sakinlərinin böyük razılığı ilə qarşılanır. Muxtar respublikamızda istehsal olunan təbii məhsulları rahat şəkildə ala bilirik. Şəhərimiz böyüyür, inkişaf edir, hər gün daha da abadlaşır. Mənzillərimizdə daimi elektrik, qaz, su və istilik vardır. Görülən işlər, yaradılan şərait insanlar üçündür. Dövlətimizlə fəxr edirik”.

Festivalda iştirak edən Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Günay Muradlı demişdir: “Naxçıvan kimi strateji yerdə belə əmin-amanlığa, firavanlığa və inkişafa nail olmaq böyük zəhmət tələb edir. Adət-ənənələrə sadiqlik, dəyərlərimizin yaşadılması, festivalların keçirilməsi və ailə təsərrüfatlarına qayğı nümunə gücündədir. Mən media nümayəndəsi olaraq bütün bunlardan qürur duyuram. Müasir və daim inkişaf edən Naxçıvanın tanıdılması və təbliğində səylərimi əsirgəməyəcəyəm”.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının sahibləri ilə söhbət etmiş, məhsullardan almışdır.

Ailə təsərrüfatı sahiblərindən Şəfəq Əliyeva, “Əmək” ordenli Faiq Babayev, həmçinin Müqabil Zamanov, Bəhruz İsmayılov, Çiçək Bayramova, Xəlil Fərəcov, Leyla Qasımova, Qəzənfər Qurbanov və Tofiq Abutalıbov göstərilən qayğı nəticəsində ailə təsərrüfatlarının xeyli genişləndiyini bildirmiş, yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

Şahbuz rayonunun Ayrınc kəndindən olan ailə təsərrüfatı sahibi, “Tərəqqi” medallı Sürəyyə Quliyeva demişdir: “Geniş təsərrüfatım vardır. Taxılçılıqla məşğulam. Bununla yanaşı, bostan-tərəvəz məhsulları da əkirəm. Meyvə və üzüm bağlarımız var. Göstərilən qayğının nəticəsidir ki, təsərrüfatımız bütün kənd təsərrüfatı texnikaları ilə təmin olunub. Ötən il Ali Məclis Sədrinin qayğısı ilə kombayn almışıq. Öz təsərrüfatımla yanaşı, digər təsərrüfatlarda da biçin aparırıq. Ailəmizin qazancı və dolanışığı təmin olunub. Bütün bunlara görə minnətdarlıq edirik. Söz veririk ki, daha çox çalışacaq, ölkəmizin inkişafına töhfə verəcəyik”.

Festivalda xalq sənətkarlarının, istedadlı qadınların və məhkumların da əl işlərinin sərgi-satışı təşkil olunmuşdur.

Dekorati-tətbiqi sənətlə məşğul olan Xuraman Səfərova və ağac üzərində oyma ustası Afət Əhmədova onlara yaradılan şəraitə görə minnətdarlıq etmiş, xatirə şəkilləri çəkdirmişlər.

Festivalda “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təsərrüfatlarında yetişdirilən məhsullar da nümayiş olunmuş, əkinçiliklə məşğul olan ailə təsərrüfatı sahibləri ilə söhbətlər aparılmışdır.

Naxçıvanda festivalların təşkili həm də turistlərin böyük marağına səbəb olur. Xaricdən və ölkəmizin digər bölgələrindən gələn turistlər festivala böyük maraq göstərmişlər.

Ali Məclisin Sədri ailə təsərrüfatlarının inkişafının mühüm əhəmiyyətə malik olduğunu bildirmiş, göstərilən qayğı nəticəsində ilbəil istehsal olunan məhsulların çeşidinin artdığını qeyd etmiş, bundan sonra da müvafiq dövlət qurumları tərəfindən ailə təsərrüfatlarına dəstək göstərilməsi  barədə tapşırıqlar vermişdir.

Festival noyabrın 3-də də davam edəcək, iştirakçılar arasında “Aktiv ailə təsərrüfatı” nominasiyası üzrə müsabiqə keçiriləcəkdir.

Festivalda Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış etmiş, iaşə xidməti təşkil olunmuşdur.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti