Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilmişdir

Sentyabrın 23-də Naxçıvan şəhərində Cəmşid Naxçıvanski Muzeyi istifadəyə ­verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Ali Məclisin Sədri Azərbaycanın görkəmli hərb xadimi, Azərbaycan ilk milli atıcı diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin adını daşıyan muzeyin ­yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, muzeyin qurulmasında əməyi olanlara təşəkkürünü bildirərək demişdir: Xalqımız qəhrəmanlığı və şücaəti ilə seçilən görkəmli sərkərdələri ilə tanınır. Böyük hərb sənətinə malik olan Azərbaycanda bu sənəti inkişaf və davam etdirən Naxçıvanskilər nəslinin nümayəndələri olan generalların mühüm xidmətləri vardır. Onlar şərəfli döyüş yolu keçmiş, gələcək nəsillər üçün nümunəvi vətənpərvərlik irsi qoyub getmişlər. Cəmşid Naxçıvanski də bu nəslin yetirdiyi altı generaldan biri olmuşdur.

Ali Məclisin Sədri demişdir: Hər bir vətəndaşda vətənpərvərlik hissinin formalaşdırılması milli mənliyin inkişaf etdirilməsindən başlamalıdır. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən şəxs fəaliyyətini məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”. Şərəfli döyüş yolu keçmiş general Cəmşid Naxçıvanski Vətən məhəbbətini şəxsi maraqlarından üstün tutan, yüksək ali keyfiyyətlərə malik, zəngin mənəviyyatlı sərkərdə kimi qısa ömrünə keşməkeşli hərb tarixini sığdırmağı bacarmış, sıravi əsgərdən general rütbəsinədək yüksəlmişdir.

Qeyd olunmuşdur ki, həyatının məqsədini Vətənə xidmətdə görən Cəmşid Naxçıvanski bir-birinə zidd olan üç quruluşda yaşamasına baxmayaraq şərəfli zabit adına ləkə gətirmə­miş, təmsil etdiyi nəslin və xalqın ləyaqətini qorumuşdur. O, bu yolda bütün çətinliklərə sinə gərmiş, peşəkar sərkərdə bacarığı və sədaqəti göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak etməsi, 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə amansız divan tutan erməni quldur dəstələrinin komandanlıq etdiyi alay tərəfindən darmadağın edilməsi və qısa müddətdə orada əmin-amanlıq yaratması xalqının müstəqilliyini sevən sərkərdə kimi Cəmşid Naxçıvanskinin şöhrətini daha da artırmışdır. Azərbaycan hərb tarixində Cəmşid Naxçıvanski ilk milli atıcı diviziyasını yaratmış və ona komandanlıq etmişdir.

Ali Məclisin Sədri demişdir: Sovet hakimiyyəti illərində Azərbaycan xalqının repressiya qurbanı olmuş görkəmli nümayəndələrindən biri Cəmşid Naxçıvanski əsl bəraətini ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi tarixi yaddaşa və milli soykökə qayıdış siyasəti nəticəsində almışdır. Cəmşid Naxçıvanskinin adının və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı 23 iyun 1971-ci il və 8 avqust 1981-ci il tarixlərində imzalanan qərarlar görkəmli sərkərdənin irsinə ulu öndər Heydər Əliyevin böyük ehtiramıdır. Bu tarixi qərarlarla Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəb, Naxçıvan şəhərində isə Cəmşid Naxçıvanski Muzeyi  yaradılmış, bir məktəbə və küçəyə onun adı verilmişdir. 1982-ci ildən fəaliyyətə başlayan Cəmşid Naxçıvanski Muzeyi ötən müddət ərzində böyük sərkərdənin keçdiyi həyat yoluna aid tarixi sənədlərin, eksponatların qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və təbliğində mühüm rol oynamışdır.

“Bu gün açılışına toplaşdığımız bu tarixi bina 3 əsrin tarixi yaddaşını qorumaqla, xalqın azadlıq və müstəqillik epopeyasına 1918-ci ildən 1920-ci ilədək fəaliyyət göstərmiş Araz-Türk Respublikası hökumətinin fəaliyyətini də yazmışdır. Bu muzeydə Cəmşid Naxçıvanski ilə bərabər xalqımızın 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki milli azadlıq və istiqlaliyyət uğrundakı   mübarizəsində qəhrəmanlıq göstərən tarixi şəxsiyyətlərinin fəaliyyəti də əks olunur”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, Naxçıvan tarixinin, tanınmış hərb xadimlərinin irsinin qorunub saxlandığı Cəmşid Naxçıvanski Muzeyi xalqın tarixi yaddaş salnaməsi, eyni zamanda vətənpərvərlik təliminin, dövlətçilik ənənələrinin daşıyıcısı olan mədəniyyət mərkəzidir. Bu muzey həm də gələcək nəsillərin tərbiyəsi və ­vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyəti ilə seçilir. Buna görə də Cəmşid Naxçıvanski Muzeyi öz fəaliyyətini xalqımız qarşısında mühüm xidmətləri olan tanınmış şəxsiyyətlərin keçdiyi həyat yolu və Araz-Türk Respublikasının timsalında müstəqillik və dövlət quruculuğu tariximizi gənc nəslə təbliğ etməli, onların Vətənə məhəbbət ruhunda tərbiyəsinə öz töhfəsini verməlidir. Xalqımızın şanlı qəhrəmanlıq tarixi, ölkəmizin müstəqilliyi və suverenliyi yolunda misilsiz xidmət göstərən qəhrəmanları həmişə yaşayacaqlar!

Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev çıxış edərək demişdir ki, muxtar respublikamızda geniş vüsət almış abadlıq-quruculuq işləri mədəniyyət sahəsini də əhatə etmişdir. Qədim diyarımızda tarixi abidələr bərpa edilir, yeni muzeylər yaradılır, muzey fondları zənginləşdirilir. XX əsrin əvvəllərində Araz-Türk Respublikasının Naxçıvan şəhərindəki qərargahı, hazırda hərb tariximizdə xüsusi yeri olan Azərbaycanın görkəmli sərkərdəsi Cəmşid Naxçıvanski Muzeyinin binası XIX əsr tarix-mədəniyyət abidəsidir. Ötən əsrin 70-ci illərində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan tarixi-mədəni irsimizin qorunması, tarixi şəxsiyyətlərimizin adının əbədiləşdirilməsi, onların cəmiyyətə tanıdılması siyasəti bu gün uğurla davam etdirilir. Cəmşid Naxçıvanski Muzeyi binasının yenidən qurulması da Naxçıvanın tarixinə, mədəniyyətinə, görkəmli tarixi şəxsiyyətlərinə diqqət və qayğının ifadəsidir. Abasət Nuriyev göstərilən diqqətə görə muzeyin kollektivi və Naxçıvanskilərin tədqiqatçıları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirmişdir.

Sonra muzeyə baxış olmuşdur. Qeyd olunmuşdur ki, muzey 6 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Hazırda muzeyin fondunda 5400-ə yaxın eksponat vardır. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir. Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi, onun uşaqlıq və gənclik, həmçinin hərbi təhsil illəri, Birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu quruculuğunda, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri və repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı sənədlər, kitablar, fotoşəkillər və digər eksponatlar müxtəlif bölmələrdə mühafizə edilir. Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmədə isə tədqiqat materialları və tarixi sənədlər nümayiş etdirilir.

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinin, eləcə də Araz-Türk Respublikasının öyrənilməsi və tədqiq olunması, gənclərin, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının muzeyə ekskursiyalarının təşkili barədə tapşırıqlar vermişdir.

 

Turizm Departamenti üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tarixi binada fəaliyyət göstərəcəkdir. Sentyabrın 23-də bu münasibətlə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Turizm Departamenti üçün müasir iş şəraitinin yaradıldığını bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Bu gün muxtar respublikanın turizm potensialının artırılması istiqamətində lazımi işlər görülür. Tarixi abidələrin bərpası və milli dəyərlərimizin qorunub yaşadılması turizmin inkişafına mühüm töhfə verir. Muxtar respublikanın turizm potensialının tanıdılması və təbliği məqsədilə yaradılmış Turizm Departamentinin nəzdində Turizm-İnformasiya Mərkəzi, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi və Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. Turizm Departamenti və Milli Dəyərlər Muzeyi Naxçıvan şəhərinin qədim tarixi binasında, Turizm-İnformasiya Mərkəzi Zaviyə-Mədrəsə binasında, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi isə bərpa olunmuş qədim Buzxanada yerləşir. Bütün bunlar muxtar respublikada turizm potensialının düzgün təbliğinə hesab­lanmışdır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, muxtar respublikaya turist təşviqi daha da artırılmalıdır.

Ali Məclisin Sədri demişdir: 2019-cu ilin yanvar-avqust ayları ərzində dünyanın müxtəlif ölkələrindən muxtar respublikaya 250 minə yaxın turist gəlmişdir. Bunun bir hissəsi Turizm-İnformasiya Mərkəzinin apardığı işlər nəticəsində mümkün olmuşdur. Ona görə də muxtar respublikanın turizm potensialı, zəngin tarixi-mədəni irsi, mətbəxi və müasir inkişafı ilə bağlı informasiyalar internet üzərindən daha geniş yayılmalı və təbliğat işləri aparılmalıdır. Binada yaradılan şərait imkan verəcəkdir ki, bu vəzifələr uğurla yerinə yetirilsin. Çünki muxtar respublikaya turistlərin cəlbi digər sahələrin də inkişafına təsir edir. Eyni zamanda muxtar respublika barədə həqiqətlər, tariximiz, mədəniyyətimiz, milli dəyərlərimiz dünya ­ölkələrinə tanıdılır.

Ali Məclisin Sədri bir daha kollektivi təbrik etmiş və açılışı bildirən lenti kəsmişdir. Bildirilmişdir ki, binada Turizm Departamenti və “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş otaqları, eləcə də 50 yerlik iclas zalı yerləşir.

Ali Məclisin Sədri iclas zalında turizm şirkətləri üçün təlim və seminarların, eləcə də ali təhsil müəssisələrinin Turizm və otelçilik ixtisası tələbələrinin iştirakı ilə ­görüşlərin keçirilməsi, muxtar respublikanın turizm potensialı barədə internet saytlarında və sosial şəbəkələrdə təbliğat işlərinin aparılması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Həyətdə Möminə xatın və Nuh Peyğəmbərin məzarüstü türbələrini, Naxçıvan Muxtar Respublikasının turist marşrutları xəritəsini əks etdirən panolar quraşdırılmışdır. Turist marşrutları xəritəsində 3 müxtəlif istiqamət üzrə 24 daşınmaz tarix-mədəniyyət abidəsi, 4 su dəyirmanı, 2 müalicə mərkəzi, 2  istirahət  mərkəzi, 3 təbiət abidəsi, otel, çimərlik və muzey öz əksini tapmışdır.

Naxçıvan şəhərində Milli Dəyərlər Muzeyi fəaliyyətə başlamışdır

Ümummilli liderimiz Heydər Əliyev ­demişdir: “Biz milli dəyərlərimizi qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlərboyu böyük sınaqdan keçmiş bu dəyərlər ­ruhunda tərbiyələndirməliyik”.

Ulu öndərimiz ölkəmizə rəhbərliyi dövründə milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirmişdir. Bu gün müstəqil Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimiz qorunub yaşadılır. Sentyabrın 23-də Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Milli Dəyərlər Muzeyi də bu sahədə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeydə yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, muzey otaq və 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət Bayrağı, gerbi və Dövlət Himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlər müxtəlif guşələrdə sərgilənir.

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə və Mədəniyyət Nazirliyinə muzey fondunun zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar vermişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tariximizin, görkəmli şəxsiyyətlərimizin və milli dəyərlərimizin öyrənilməsi sahəsində görülən işlərə görə muxtar respublika ziyalıları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti