Naxçıvanda iftar süfrəsi açılıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir”.

Muxtar respublikada da Ramazan ayı, orucluq mərasimləri mənəvi dəyərlərimizə uyğun keçirilir. Bu müqəddəs ayın zənginlikləri yaşadılır, insanlar saf dini ideyalar ətrafında həmrəy olurlar.

Mayın 21-də Naxçıvan şəhərində iftar süfrəsi açılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək demişdir: Xalqımız həmişə milli-mənəvi dəyərlərinə sadiqliyi ilə seçilmişdir. İslam sivilizasiyasının tarixi-­mədəni mərkəzlərindən biri olan Naxçıvanda milli-dini mərasimlər, o cümlədən Ramazan ayı hər il böyük təntənə ilə keçirilir. Bu müqəddəs ayda xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi dərin ehtiramla yad olunur.

Ali Məclisin Sədri demişdir: Müqəddəs kitabımız olan “Qurani-Kərim”in nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini nurlandıran, onları sülhə, həmrəyliyə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda xeyirxah əməllərin, mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. Mübarək Ramazan günlərində gözəl ənənəyə çevrilən iftar süfrəsinin təşkil edilməsi də cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.

Ali Məclisin Sədri əziz gündə xeyirxah niyyətlərlə həmrəy olduğunu bildirmiş, bütün dua və diləklərin qəbul olunmasını arzulamışdır.

Mərasimdə “Qurani-Kərim”dən ayələr oxunmuş, dualar edilmişdir.

Hərbi hospitalda müalicə alan xəstələr üçün də iftar süfrəsi açılmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti