Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Muxtar respublikanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, günəş elektrik stansiyaları tikilərək istifadəyə verilir. Hazırda Naxçıvan Muxtar Respublikasında elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir.

Fevralın 22-də Kəngərli rayonunun Qabıllı kəndində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev çıxış edərək demişdir ki, muxtar respublikanın elektroenergetika sektoru davamlı inkişaf mərhələsindədir. Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə də mühüm əhəmiyyətə malikdir.  Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının qurulması bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Namiq Paşayev göstərilən qayğıya görə muxtar respublika energetikləri adından minnətdarlıq etmişdir.

İsveçrənin “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kalerami çıxış edərək demişdir: “Bu gün Naxçıvan Muxtar Respublikası regionda enerji sahəsində lider mövqedədir. Xüsusilə muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə olunur. Bu işdə qarşılıqlı əməkdaşlıqdan “Pure Energy Development” SARL Şirkətinin kollektivi böyük məmnunluq duyur. Naxçıvan Muxtar Respublikasının qəlbimdə dərin yeri vardır. Gələcəkdə də muxtar respublika ilə əməkdaşlığı davam etdirəcəyik. Günəş elektrik stansiyasının qurulmasında göstərilən dəstəyə və səmərəli əməkdaşlığa görə minnətdarlıq edirik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanda elektroenergetika sahəsində qəbul olunan dövlət proqramlarının icrası və yeni elektrik stansiyalarının tikilməsi sahəsində görülən işlərin tərkib hissəsidir. Artıq muxtar respublikada enerji təhlükəsizliyi təmin edilib. Ucuz enerji istehsal edən sahələrə üstünlük verməklə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin gəlirlərini artırmaq və bu sahəni daha da müasirləşdirmək qarşıda duran əsas vəzifədir.

Qeyd olunmuşdur ki, muxtar respublikada elektrik stansiyaları qurularkən yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Çünki inkişaf edən dünyada yeni texnologiyaların tətbiqi və bu sahə üzrə mütəxəssislərin hazırlanması mühüm şərtdir. Muxtar respublikada da bu amil əsas götürülür. Ona görə də yeni texnologiyalar tətbiq olunmaqla yanaşı, həm də onları idarə edəcək mütəxəssislər hazırlanmalıdır. Bu gün muxtar respublikada üçüncü Günəş Elektrik Stansiyası istifadəyə verilir. 20 meqavatlıq birinci Günəş Elektrik Stansiyası 2015-ci ilin dekabrında ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. 2 meqavatlıq ikinci Günəş Elektrik Stansiyasının 2017-ci ilin sentyabr ayında açılışı olmuşdur. Bu gün isə 2 meqavatlıq Kəngərli Günəş Elektrik Stansiyası istifadəyə verilir.

Ali Məclisin Sədri bu münasibətlə istifadəçiləri və kollektivi təbrik edərək demişdir: Qurulan yeni Günəş Elektrik Stansiyası səmərəli istismar olunmalıdır. Stansiyada dünyada qəbul olunmuş son model müasir panellər quraşdırılıb. Şüşə tipli bu panellərin elektrik verilişi alüminium panellərə nisbətən daha yüksəkdir. Eyni zamanda bu panellər imkan verir ki, stansiya qurularkən daha az torpaq sahəsindən istifadə olunsun. 4,7 hektar ərazidə qurulmuş rentabelli Günəş Elektrik Stansiyası muxtar respublikamızın inkişafına, dayanıqlı elektrik enerjisi təminatına və yeni mütəxəssislərin hazırlanmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri Günəş Elektrik Stansiyasının qurulmasında əməyi olanlara, xüsusilə “Pure Energy Development” SARL Şirkətinin icraçı direktoru Mişel Kaleramiyə və şirkətin kollektivinə təşəkkürünü bildirmişdir.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, yeni Günəş Elektrik Stansiyası kənd təsərrüfatı üçün yararsız ərazidə qurulub. 2 meqavat gücündəki Günəş Elektrik Stansiyasının tikintisi Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti  ilə İsveçrənin “Pure Energy Development” SARL Şirkəti arasında 2018-ci ildə imzalanmış müqavilə əsasında həyata keçirilmişdir. İl ərzində 3 milyon kilovat-saat  elektrik enerjisi  istehsal  ediləcək stansiyada tikinti-quraşdırma  işləri  qısa müddətdə və yüksək  keyfiyyətlə  aparılmış, 7452 “şüşə-şüşə” tipli  günəş  panelləri, hər birinin gücü 50 kilovat olan 41 invertor, içərisində kommutasiya  aparatları və digər  elektrik avadanlıqları  qoyulmuş 2 ədəd 35/0,4 kilovoltluq transformator  yarımstansiyası quraşdırılmış və idarəetmə binası tikilmişdir.

Stansiyada yeraltı aşağı və yüksəkgərginlikli xətlər, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilmişdir. İdarəetmə binası 35 kilovoltluq kommutasiya avadanlıqları ilə təmin edilmişdir. Yaxınlıqda  yerləşən  110/35/10  kilovoltluq  “Qıvraq” yarımstansiyasına qoşulmaq ücün 2 kilometr uzunluğunda 35 kilovoltluq elektrik xətti çəkilmiş, ərazi çəpərlənmiş, siqnalizasiya  və  videomüşahidə  qurğuları  ilə  təmin  olunmuşdur. Quraşdırılan yeni meteoroloji stansiya ərazidə hava şəraitinə, yağıntının və rütubətin miqdarına nəzarət etməyə imkan verir. Bununla da Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik stansiyalarının  qoyuluş gücü 24 meqavata, illik istehsal gücü isə 36 milyon kilovat-saata çatdırılmışdır.

 

Günəş panelləri ilə işləyən subartezian

quyusu qazılmışdır

 

 

 

 

 

 

 

 

 

 

Kəngərli rayonunun Qabıllı kəndində günəş panelləri ilə işləyən yeni subartezian quyusu qazılmışdır.

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov subartezian quyusuna baxmışdır.

Məlumat verilmişdir ki, 60 metr dərinliyi olan subartezian quyusunun günlük su verimi 8,5 tondur. Su nasosunun elektrik təminatı quraşdırılan 2 günəş paneli vasitəsilə həyata keçirilir. Bu da Günəş Elektrik Stansiyasının yaxınlığında salınmış badam bağının və yaşıllıq zolağının su təminatının ödənilməsinə imkan verəcəkdir.

Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov Günəş Elektrik Stansiyasının və subartezian quyusunun istifadəyə verilməsinə görə rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri qurulanlardan səmərəli istifadə olunması, yaşıllıqların artırılması, subartezian quyularının elektrik təminatında günəş panellərindən istifadə imkanlarının araşdırılması və tətbiqi barədə tapşırıqlar vermişdir.

 

Qıvraq qəsəbəsində yeni istirahət parkı salınır

 

 

 

 

 

 

 

 

 

 

2004-cü ildə  yaradılan Kəngərli rayonu ötən 15 ildə böyük inkişaf yolu keçmişdir. Rayon mərkəzi Qıvraq qəsəbəsində və  bütün kənd yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri aparılmışdır. Tikilən yeni sosial obyektlər, müasir inzibati və yaşayış binaları ilə yanaşı, rayon əhalisinin asudə vaxtının mənalı təşkili də diqqətdə saxlanılır, yeni istirahət parkları salınır.

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qıvraq qəsəbəsində tikilən yeni istirahət parkına baxmışdır.

Məlumat verilmişdir ki, 3 min 500 kvadratmetr sahəni əhatə edən parkda torpaq işləri aparılmış, 1500 həmişəyaşıl ağac əkilmişdir.  Parkın su təminatı yaxınlıqda bərpa olunan kəhriz vasitəsilə həyata keçiriləcəkdir.

Ali Məclisin Sədri parkda sakinlərin istirahəti üçün lazımi şəraitin yaradılması barədə müvafiq tapşırıqlar vermişdir.

 

Kəngərli rayonunun Yurdçu kəndində qapalı suvarma şəbəkəsi qurulur

 

 

 

 

 

 

 

 

 

 

Muxtar respublikada meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsinin genişlənməsi torpaqlardan səmərəli istifadəyə imkan verir. Son illər qurulan qapalı suvarma şəbəkələri yeni torpaq sahələrini əkin dövriyyəsinə qatmışdır. Hazırda Kəngərli rayonunun Yurdçu kəndi ərazisində qapalı suvarma şəbəkəsi qurulur.

Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov qapalı suvarma şəbəkəsinin tikintisi ilə maraqlanmışdır.

Bildirilmişdir ki, qapalı suvarma şəbəkəsi 56 hektar ərazini əhatə edir. Ərazidə min metrlik ana xəttin tikintisi başa çatdırılmışdır. Burada uzunluğu 5200 metr olan paylayıcı suvarma şəbəkəsi çəkiləcək və 56 hidrant qoyulacaqdır. Arpaçay sol sahil kanalından qidalanan “Qıvraq-1” nasos stansiyası vasitəsilə su ərazidəki hovuza vurulacaq və özaxımı ilə şəbəkəyə paylanacaqdır.

Ali Məclisin Sədri yaxınlıqdakı 40 hektardan artıq ərazinin də layihələndirilməsi və qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti