Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü Şərur rayonunun Kərimbəyli kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikası 95 illik yubileyini sosial-iqtisadi sahədə qazanılan yüksək nailiyyətlərlə qeyd edir. Həyata keçirilən çoxşaxəli quruculuq tədbirləri yaşayış məntəqələrini abadlığa, inkişaf və tərəqqiyə qovuşdurub. Yüksək iqtisadi potensiala malik olan muxtar respublikada dövlət proqramlarının və infrastruktur layihələrinin uğurla həyata keçirilməsi əhalinin rahat yaşayışını təmin edib. Bütün bunlar muxtariyyətimizi daha da möhkəmləndirmiş, digər yaşayış məntəqələri kimi, Şərur rayonu da müasirliyə qovuşmuşdur.

Fevralın 7-də – Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ərəfəsində Şərur rayonunun Kərimbəyli kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.


Kərimbəyli kənd tam orta məktəbinin açılışı olmuşdur

Fevralın 7-də Kərimbəyli kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 270 şagird yerlik məktəbdə 2-si  elektron lövhəli olmaqla, 18 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər, psixoloq otaqları, kitabxana və idman zalı vardır. Gənclərin kompüter biliklərinin möhkəmləndirilməsi müasir tədris prosesində qarşıda duran əsas vəzifələrdəndir. Məktəbin kompüter otağında internetə çıxışı olan 19 kompüter quraşdırılıb ki, bu da informatika dərslərinin tədris proqramına uyğun keçirilməsinə imkan verəcəkdir.

Kərimbəyli kənd tam orta məktəbinin kitabxanasında 1567-si dərslik və 2790-ı bədii ədəbiyyat olmaqla, 4357 kitab, eləcə də “Oxunması zəruri olan kitablar”dan ibarət guşə vardır. Həmçinin burada “Naxçıvan Muxtar Respublikası-95”, “Cəlil Məmmədquluzadə-150” və “İmadəddin Nəsimi-650” guşələri də  yaradılmışdır.

Kimya müəllimi Şəfa Əliyeva müasir laboratoriyaların istifadəyə verilməsinin dəqiq elmlərin tədris proqramına uyğun keçirilməsinə şərait yaratdığını bildirmişdir.

Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün lazımi şərait yaradılıb. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədilə məktəbdə hərbi kabinə də fəaliyyət göstərir. Bildirilmişdir ki, məktəbin şagirdlərindən 2-si Heydər Əliyev adına Hərbi Liseydə, 2-si isə ali hərbi məktəblərdə təhsil alır.

Ali Məclisin Sədri idman dərslərinin və şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin düzgün təşkilinin əhəmiyyətini vurğulamışdır. Qeyd olunmuşdur ki, muxtar respublikada dəqiq elmlərin və şahmatın tədrisinə diqqətin artırılması uğurlu nəticələrin qazanılmasına imkan verir. Dövlət İmtahan Mərkəzinin ötən ilin buraxılış imtahanları ilə bağlı hazırladığı məlumatlarda Naxçıvan Muxtar Respublikasının nəticələri ölkə üzrə ümumi statistik göstəricilərindən yüksəkdir.

Ali Məclisin Sədri kimya-biologiya və fizika fənlərinin tədrisinə xüsusi diqqət yetirilməsi, Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən elektron dərsliklərdən istifadə olunması ilə bağlı tapşırıqlar ­vermişdir.

Məktəbə baxış zamanı Naxçıvan Dövlət Xalça Muzeyi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında keçirilən interaktiv dərs izlənilmişdir.

Sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşmüşdür.

Kərimbəyli kənd tam orta məktəbinin direktoru Zeynəb Həsənova  çıxış edərək demişdir ki, Kərimbəyli kəndində kompleks quruculuq və abadlıq işləri aparılmışdır. Bu gün müəllim və şagirdlərin istifadəsinə verilən, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan müasir məktəbdə şagirdlər hərtərəfli təhsil alacaqlar. Yeni məktəb binasında yaradılanlar tədrisin daha yüksək səviyyədə təşkilinə hesablanıb. Muxtar respublikada təhsilin inkişafı üçün həyata keçirilən tədbirlər və təhsil işçilərinin sosial qayğılarının daim diqqətdə saxlanılması məsuliyyətimizi artırır. Zeynəb Həsənova gənc nəslin təlim-tərbiyəsində, əsl vətəndaş kimi yetişməsində bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişdir.

Məktəbin müəllimi Səmrah Cəfərli demişdir: Naxçıvanın muxtariyyət tarixinin 95 ili tamam olur. Tarixin heç bir dövründə Naxçıvan indiki qədər abad olmamış və inkişaf etməmişdir. Göstərilən diqqət və qayğı sayəsində muxtar respublikamızın bütün şəhər və rayonları, o cümlədən kəndlərimizin siması dəyişmiş və müasirləşmişdir. İndi ucqar dağ kəndinin infrastruktur təminatı baxımından paytaxt Naxçıvan şəhərindən heç də geridə qalmaması  yaşayış məntəqələrinə və insan amilinə verilən dəyərin ifadəsidir. Kərimbəyli kəndi də müasir kəndlər sırasına qoşulur. Məktəbimizdə yaradılan şərait şagirdlərimizin daha yaxşı təhsil almalarına geniş imkan açmaqla yanaşı, həm də müəllimləri daha yaxşı işləməyə ruhlandırır. Səmrah Cəfərli təhsilə göstərdiyi diqqət və qayğıya, eləcə də yaradılan şəraitə görə müəllim, şagird və valideynlər adın­dan Ali Məclisin Sədrinə minnətdarlıq ­etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kərimbəyli kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək demişdir: Kərimbəyli kənd tam orta məktəbi müasir tədrisin tələbləri səviyyəsində qurulub. Məktəbdə lazımi şərait yaradılıb, kompüter otağı, elektron lövhəli siniflər, laboratoriyalar və idman zalı istifadəyə verilib. Eyni zamanda məktəbdə bütün fənləri tədris edəcək müəllim kollektivi vardır. Bütün bunlar ölkəmizdəki inkişafın nəticəsidir. Əgər ölkəmizdəki inkişaf və sabitlik olmasaydı, təhsil sahəsində bu işləri həyata keçirmək də mümkün olmayacaqdı. Bu gün ölkəmizdə digər sahələrlə yanaşı, təhsil də inkişaf etdirilir, məktəb quruculuğuna diqqət göstərilir.

Ali Məclisin Sədri demişdir: Ölkə üçün təhsil vacib sahədir. Müdriklər deyirdi ki, bir ölkənin gələcəyini bilmək üçün onun gəncliyinə nəzər salmaq lazımdır. Sağlam gənclik isə məktəbdə hazırlanır. Ümummilli liderimiz Heydər Əliyev tövsiyə edirdi ki, “Gənc nəslin təhsilinə ciddi fikir versək, onda gələcəyimiz üçün böyük işlər görmüş olarıq”. Ulu öndərin bu fikirləri təhsilin ölkə həyatında nə qədər böyük rola malik olduğunu təsdiq edir. Bu gün Azərbaycan müharibə şəraitindədir, torpaqlarımız işğal olunub. Ordu quruculuğu sahəsində tədbirlər görülür. Lakin bununla yanaşı, ölkəmizin gələcəyinin hazırlanması sahəsində də tədbirlər görülür, təhsilin inkişafına ciddi diqqət yetirilir. Təhsil dövlətin himayəsindədir. Kərimbəyli kəndində müasir şəraiti olan məktəb binasının istifadəyə verilməsi də ölkəmizdə təhsilin inkişafına göstərilən qayğının nəticəsidir.

Ali Məclisin Sədri demişdir: Kərimbəyli kənd tam orta məktəbinin nailiyyətləri vardır. Şagirdlərin ali və hərbi məktəblərə qəbul olması, eləcə də yüksək bal toplamaları məktəbdəki tədrisin səviyyəsinin göstəricisidir.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə kollektivə təşəkkür etmiş, yaradılan şəraitdən düzgün istifadə ediləcəyinə, ölkəmiz üçün yararlı və peşə sahibi olan gənclər yetişdiriləcəyinə əminliyini bildirmişdir.

Binanın həyətində şəhid Nüsrət İsmayılovun büstü qoyulmuş,   müəllimlər və şagirdlər üçün bufet, fərdi qazanxana tikilmiş, açıq idman qurğuları  quraşdırılmış, yaşıllıq salınmışdır.

 

 

 

Kərimbəyli Kənd Mərkəzi istifadəyə verilmişdir

 

 

 

 

 

 

 

 

 

 

Fevralın 7-də Kərimbəyli Kənd Mərkəzinin açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.


Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, statistika otağı, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 54 yerlik zal yerləşir. Kitabxanada 5789 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası Kərimbəyli kənd ərazi ilk təşkilatının 124 üzvü vardır. Onlardan 34-ü gənc, 33-ü isə qadındır.

Yeni Azərbaycan Partiyası Kərimbəyli kənd ərazi ilk təşkilatının sədr müavini Bəhlul Musayev minnətdarlıq etmişdir.

Rabitə evində quraşdırılan 384 yerlik ATSKərimbəyli kəndində 241 abonentə xidmət edir. Kənddə 106 abonent internetdən istifadə edir. Poçt bölməsində müvafiq xidmətlərlə yanaşı, həm də sakinlərin təqaüdləri ödənilir.

Kənd mərkəzində baytarlıq xidmətinin təşkili üçün yaradılan şərait mütəmadi olaraq baytarlıq müşahidələrinin aparılmasına, dezinfeksiya və dezinseksiya tədbirlərinin vaxtında həyata keçirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri kənddəki ailə təsərrüfatlarının qeydiyyata alınması və onların fəaliyyətinin dəstəklənməsi, baytarlıq müşahidələrinin aparılması və lazımi tədbirlərin görülməsi barədə tapşırıqlar vermişdir.

Binada fərdi qazanxana quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, yaşıllıq sahəsi salınmış, müasir suvarma və işıqlandırma sistemi çəkilmişdir.


Kərimbəyli kənd həkim ambulatoriyasında əhaliyə

müasir səhiyyə xidməti göstəriləcək

 

 

 

 

 

 

 

 

 

 

Fevralın 7-də Kərimbəyli kəndində həkim ambulatoriyası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, tibbi xidmətin təşkili ilə ­maraqlanmışdır.

Məlumat verilmişdir ki, lazımi tibbi avadanlıqlarla təchiz edilmiş ambulatoriya 8 otaqdan – baş həkim, stomatoloq üçün kabinə, fizioterapiya kabinəsi, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat otaqları və aptekdən ibarətdir.

Həkim ambulatoriyasında stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili tibbi yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr  və digər tibbi avadanlıqlar qoyulmuşdur. Həkim ambulatoriyasının qeydiyyat otağında kompüter quraşdırılaraq muxtar respublikanın elektron səhiyyə idarəetmə sisteminə qoşulmuşdur.

Fizioterapevtik kabinə elektroterapiya və ultrasəslə müalicə aparatı, ultrayüksək tezlikli cərəyanla müalicə aparatı, parafinəritmə qazanı və solyuks lampası ilə təmin edilib. Yaradılan şərait imkan verir ki, sakinlərin ilkin fizioterapevtik müalicələri ambulatoriyada həyata keçirilsin.

Tibb işçisi Lətifə Mustafayeva yaradılan şəraitə görə minnətdarlıq etmişdir.

Ali Məclisin Sədri rayon mərkəzi xəstəxanaları ilə həkim ambulatoriyaları arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı fəaliyyət proqramının hazırlanması, eləcə də maarifləndirici tibbi broşürlərin hazırlanması barədə tapşırıqlar vermişdir.


Kərimbəyli kənd avtomobil yolu yenidən qurulmuşdur

Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov avtomobil yolunun açılışını etmişdir.

Məlumat verilmişdir ki, 3700 metrlik kənd yolu genişləndirilərək asfalt örtük salınmışdır. Yolun üzərində hərəkət nişanları qoyulmuş, 25 su keçidi və 1129 metrlik beton kanal çəkilmişdir. Kəndin daxilində 21 kilometrdən artıq yol hamarlanaraq qum-çınqıl qatı verilmiş, 135 metr daş hasar tikilmiş, 595 metr metal çəpər çəkilmiş, həyətlərə yeni qapılar qoyulmuşdur.


 

 

 

 

Kənddə yeni xidmət mərkəzi sakinlərin istifadəsinə verilib

 

 

 

 

 

 

 

 

 

 

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kərimbəyli kəndində xidmət mərkəzinin də açılışını ­etmişdir.

Kərimbəyli kəndində aparılan tikinti işləri çərçivəsində kənd yolu da yenidən ­qurulmuşdur.

Məlumat verilmişdir ki, mərkəzdə 2 yerlik bərbərxana, 2 yerlik qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye, təsərrüfat malları mağazaları, elektrik avadanlıqlarının təmiri yeri, dərzi və anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, 10 sakin işlə təmin olunub.

Dərzi Arzu Qocayeva və elektron cihazların təmiri ustası Habil Sadiqov xidmət mərkəzində onların fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlıq etmişlər.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.

Ali Məclisin Sədri sakinləri təbrik edərək demişdir: Müasir yaşayış məntəqəsinə çevrilən Kərimbəyli kəndi məhsuldar torpaqları və zəhmətkeş insanları ilə seçilir. Yaradılan şərait imkan verəcəkdir ki, kənd sakinlərinin gündəlik qayğıları vaxtında həll olunsun. Kənddə 1300 hektardan artıq torpaq sahəsi əhalinin istifadəsindədir. 700 hektardan artıq torpaq isə bələdiyyə mülkiyyətindədir. Heyvandarlıq, meyvəçilik, tərəvəzçilik inkişaf etdirilir. Məhsuldar torpaqlara malik olması kənddə ildə iki dəfə əkin aparmağa imkan verir.

Ali Məclisin Sədri demişdir: Kərimbəyli kəndində yaradılan şərait ümummilli ­liderimiz Heydər Əliyevin əsasını qoyduğu ­sabitlik və inkişaf yolunun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Sabitliyin və inkişafın bəhrələri ölkə həyatının bütün sahələrini əhatə edib. Yaradılan bu şərait də kənd sakinlərinin rahatlığına xidmət edir. Ona görə də sakinlər kəndin torpaqlarından səmərəli istifadə etməli, qurulanlar qorunub saxlanılmalıdır.

Ali Məclisin Sədri qarşıdan Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin gəldiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik etmiş, kənddə yaradılan şəraiti, tikilənləri, qurulanları muxtariyyət bayramına töhfə kimi dəyərləndirmişdir.

Kənd ağsaqqalı Lətif Orucov sakinlər adından minnətdarlıq edərək demişdir: Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri insanların böyük sevincinə səbəb olub. Bu gün Şərur rayonunun Kərimbəyli kəndi də abad kəndlər sırasına qoşulur. Göstərilən diqqət və qayğı nəticəsində kəndimizdə geniş quruculuq işləri aparılmış, məktəb binası, kənd mərkəzi, xidmət mərkəzi, həkim ambulatoriyası tikilmişdir. Kənd yolu yenidən qurulmuş, elektrik xətləri yenilənmiş, qaz xətləri dəyişdirilmiş, artezian təmir olunmuşdur. Yaradılan bu şərait sakinlərin rahat və firavan yaşayışına xidmət edir. Bu il muxtar respublikada “Ailə təsərrüfatı ili” elan olunmuşdur. Kərimbəyli kəndinin sakinləri də çox zəhmətkeş, torpağa bağlıdırlar. Çalışacağıq ki, bundan sonra da torpaqlarımızı əkib-becərək, bol məhsul istehsal edərək ailə təsərrüfatlarımızı inkişaf etdirək. Muxtar respublikanın 95 illik yubileyi ərəfəsində Kərimbəyli kəndini abad formada bizim istifadəmizə verirsiniz. Bu, bizim üçün ən böyük bayramdır.

* * *

Kərimbəyli kəndində aparılan abadlıq-quruculuq işləri çərçivəsində 1085 metr fiber-optik, 4200 metr yeraltı kabel, 7000 metr hava rabitə, 3500 metr elektrik, 355 metr yeni qaz xətti çəkilmiş, 400 kilovoltluq 2 transformator yarımstansiyası əsaslı təmir olunmuş, 6669 metrlik qaz xəttində təmir-bərpa işləri aparılmışdır. Bundan başqa, kəndi suvarma suyu ilə təmin edən “Kərimbəyli-1” nasos stansiyasının təzyiqli boru xəttinə diametri  250 millimetr olan 100 metrlik yeni boru əlavə edilmiş, 1 subartezian quyusu əsaslı təmir olunmuşdur.


Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti