Naxçıvan şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunmuşdur

Yola saldığımız 2018-ci il müstəqil Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının tarixinə uğurlu inkişaf dövrü kimi daxil olmuşdur. Ötən il ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi sosial-iqtisadi və ictimai-mədəni sahələrdə əlamətdar hadisələrlə yadda qalmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri və bu zaman mühüm infrastruktur obyektlərinin istifadəyə verilməsi 2018-ci ilin ən mühüm hadisəsi olmuşdur. Həmçinin Naxçıvan şəhəri “İslam Mədəniyyətinin Paytaxtı”, ölkəmizin Gənc­lər Paytaxtı kimi tarixi missiyanı uğurla başa çatdırmışdır. İqtisadi, mədəni və sosial rifahın təmin olunması sahəsində görülən işlər Naxçıvan Muxtar Respublikasını ikinci dəfə ölkəmiz üzrə investisiya reytinqinin  qalibi etmişdir.

Əldə olunan nailiyyətlər 2019-cu ildə də muxtar respublikada inkişafın və sabitliyin davam etdiriləcəyinə təminat verir, birlik və həmrəyliyimizi daha da möhkəmləndirir.

Dekabrın 31-də Naxçıvan şəhər sakinləri və şəhərimizin qonaqları həmrəylik bayramını və yeni ilin gəlişini böyük ruh yüksəkliyi və bayram gəzintisi ilə qeyd etdilər.

Naxçıvan şəhərinin mərkəzi meydanında yolka qurulmuş, al-əlvan işıqlarla bəzədilmiş şəhər bayram libasına bürünmüşdü.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyinə gəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına televiziya vasitəsilə təbriki mərkəzi meydanda və şəhərin digər yerlərində quraşdırılan monitorlar vasitəsilə yayımlanmışdır. Azərbaycan xalqına xoş arzularını çatdıran ölkə Prezidenti ­demişdir: “Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.

Gecə saatlarında Naxçıvan şəhərinin mərkəzi meydanında  möhtəşəm bayram atəşfəşanlığı olmuş, yeni il xoş ovqat və böyük təntənə ilə qarşılanmışdır.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti