Babək qəsəbəsində yeni yaşayış binası istifadəyə verilmişdir

Ümummilli lider Heydər Əliyevin quruculuq strategiyasının mühüm nəticələrindən biri də Babək rayonunun yaradılmasıdır. Bu gün dahi şəxsiyyətin siyasi xəttinə sədaqət Babək rayonunu müasir yaşayış məntəqəsinə çevirmişdir. Rayonda sosial-iqtisadi inkişaf təmin olunmuş, tikinti-quruculuq işlərinin həcmi genişlənmiş,  məskunlaşma artmışdır.

Oktyabrın 1-də Babək qəsəbəsində gənc ailələr üçün tikilmiş yeni yaşayış binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada həyata keçirilən sosial layihələrin davamı olaraq Babək rayonunda yeni yaşayış binasının istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bütün sahələrdə inkişaf və tərəqqi var. Bu da özünü həm insanların yaşayış şəraitinin və rifahının yaxşılaşmasında, həm də onların mənzil sahibi olmalarında göstərir.

Ali Məclisin Sədri demişdir: Mənzil insan həyatında vacib amildir. Gənc yaşda müasir mənzil sahibi olmaq və rahat həyatı təmin etmək isə daha mühüm məsələdir. Muxtar respublikada bu sahədə həyata keçirilən layihələr gənc ailələrə göstərilən dövlət qayğısının ifadəsidir. Dövlət tərəfindən maliyyələşdirilən bu layihələrə ilk dəfə Naxçıvan şəhərində başlanılmış, Gənclər şəhərciyi tikilib istifadəyə verilmişdir. Muxtar respublikanın rayon mərkəzlərində – Babək, Kəngərli və Sədərək rayonlarında da gənclər üçün yeni yaşayış binalarının tikintisinə başlanılmışdır. Dövlət vəsaiti ilə tikilən binalarda mənzillərə çəkilən xərclərə heç bir əlavələr edilmədən münasib qiymətə gənc ailələrə təklif edilir. Əldə olunan vəsait isə digər yaşayış binalarının tikintisinə sərf olunur. Bu da gənclərimizin əlavə vaxt və vəsait itkisinə yol vermədən qısa müddətdə mənzil sahibi olmalarına şərait yaradır.

Ali Məclisin Sədri demişdir: Gənclərin müasir və rahat mənzillərlə təmin olunması imkan verir ki, onlar öz potensiallarını işlərinə və ailələrinin möhkəmliyinə sərf etsinlər. Çünki cəmiyyətdə nikahların qorunması və möhkəmləndirilməsində mənzil amili xüsusi yer tutur. Həyata keçirilən bu layihələr ölkəmizin iqtisadi gücünün göstəricisidir. İqtisadi inkişaf, sabitlik və dövlət qayğısı olmadan bu tədbirləri həyata keçirmək mümkün olmaz. Bütün bunlar isə ölkəmizdə var. Dövlətimiz də mövcud imkanlardan istifadə edərək sosial sahənin inkişafını, xüsusilə də əhali üçün rahat yaşayış şəraitinin yaradılmasını diqqətdə saxlayır, gənc ailələr müasir mənzillərlə təmin olunurlar.

Ali Məclisin Sədri binanın gələcək sakinlərinə  rahat və firavan həyat arzulamış, bu işlərdə əməyi olanlara təşəkkür etmişdir.

Qəsəbə sakini Vəli Əliyev çıxış edərək demişdir ki, ötən dövrdə burada böyük quruculuq işləri aparılmış, 2 tam orta məktəb binası, uşaq bağçası, musiqi məktəbi, şahmat məktəbi, eləcə də Babək qəsəbəsində yerləşən bütün dövlət qurumları üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Həmçinin yeni emal və istehsal müəssisələri fəaliyyətə başlamış, iş yerləri açılmış, yollar abadlaşdırılmış, qəsəbə fasiləsiz elektrik enerjisi, təbii qaz, keyfiyyətli rabitə və sürətli internetlə təmin edilmişdir. Hazırda yeni içməli su və kanalizasiya xətləri çəkilir. Bu gün Babək qəsəbəsi müasir şəhər görkəminə qovuşub. Yaradılan şəraitin nəticəsidir ki, məskunlaşma ilbəil artır. Gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi yeni yaşayış binasının istifadəyə verilməsi də sakinlər tərəfindən minnətdarlıqla qarşılanır.

Ali Məclisin Sədri binanın açılışını bildirən lenti kəsmiş, yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 8 mərtəbədən ibarət olan bina 28 mənzillidir. Mənzillərdən 7-si üçotaqlı, 21-i isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 97,  iki­otaqlı mənzillərin ümumi sahəsi isə 69 kvadratmetrdir. Bütün mənzillər  təmir olunaraq müasir kommunal məişət şəraiti yaradılmış, internet çəkilmiş, binada lift quraşdırılmışdır.

Binanın zirzəmisində xidmət sahələri yaradılmış, bərbərxana, qadın gözəllik salonu, dərzi, ərzaq və sənaye malları mağazaları istifadəyə verilmişdir. Həyətdə də abadlıq işləri aparılmış, müasir işıqlandırma və suvarma sistemləri qurulmuşdur.

 

 

Məscid və mərasim evi istifadəyə verilmiş, dini icmalara xidməti avtomobillər təqdim edilmişdir

Bu gün yaşayış məntəqələrində yeni məscid binalarının və mərasim evlərinin tikilməsi muxtar respublikada həyata keçirilən dövlət-din siyasətinin mühüm istiqamətlərindəndir. Dini və mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edən bu tədbir Babək rayonunda da uğurla həyata keçirilir.

Oktyabrın 1-də Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilmiş, Naxçıvan şəhərinin,  Şərur, Babək və Ordubad rayonlarının dini icmalarına xidməti avtomobillər təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilir. Eyni zamanda Naxçıvan şəhərinin,  Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə xidməti avtomobillər təqdim edilir. Bu, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətinin nəticəsidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. Lakin buna baxmayaraq dövlətimiz dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərir, dindarlar üçün hərtərəfli şərait yaradır. Dindarlarımız isə ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub.

Ali Məclisin Sədri bu sahədəki fəaliyyətə görə muxtar respublika dindarlarına təşəkkür etmişdir. Qeyd olunmuşdur ki, dövlət-din münasibətlərinin düzgün tənzimlənməsi ölkəmizin inkişafına, sabitliyin möhkəmlənməsinə xidmət edir. Din mənəviyyatdır. Saf dini dəyərlər isə sağlam cəmiyyət və sağlam insanlar deməkdir. İnsanların mənəviyyatı nə qədər yüksəkdirsə, deməli o, ölkəsi və xalqı üçün dəyərli vətəndaşdır. İslam insanları düz yola dəvət edən mütərəqqi dindir. Ona görə də İslam dini olduğu kimi insanlarımıza çatdırılmalı, dini-mənəvi dəyərlərimiz qorunmalıdır.

Ali Məclisin Sədri demişdir: Bu gün dövlətimiz İslam dəyərlərinin olduğu kimi təbliğini diqqətdə saxlayır, dinə əsassız müdaxilələrin qarşısı alınır.  Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi bu sahə üzrə fəaliyyət göstərən dövlət qurumu tərəfindən həyata keçirilir. Muxtar respublikamızda da bu sahə üzrə dövlət təşkilatı fəaliyyət göstərir. Bu gün Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Agentliyi ilə dini icmalar arasındakı əlaqələr dövlət-din münasibətlərinin tənzimlənməsinə və möhkəmlənməsinə xidmət edir. Birgə fəaliyyət isə həm ölkəmizə, həm də insanlarımıza fayda verir.

Babək qəsəbə sakini Hidayət Hüseynov çıxış edərək demişdir: Bu gün muxtar respublikada dini-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər böyük məmnunluq doğurur.  Ziyarətgahlarımız bərpa olunur, yeni məscidlər tikilir, ibadət üçün hərtərəfli şərait yaradılır. Qəsəbəmizdəki məscid də köhnə binada yerləşdiyindən  dindarlar üçün lazımi şərait yox idi. Mərasim zalının olmaması isə əlavə çətinliklər yaradırdı. Lakin dini-mənəvi dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq Babək qəsəbə məscidi əsaslı şəkildə yenidən  qurulmuş, yeni mərasim evi tikilmişdir. Bu isə həm dindarlar üçün lazımi ibadət şəraitinin yaradılması, həm də sakinlərin rahatlığının təmin olunması deməkdir. Hidayət Hüseynov yaradılan şəraitə görə rayon dindarları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Sonra Ali Məclisin Sədri Naxçıvan şəhərinin,  Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə “NAZ Lifan 330” markalı xidməti avtomobillərin açarlarını təqdim etmişdir.

Şərur rayon dini icmasının rəhbəri Nəsib Novruzov minnətdarlıq edərək demişdir ki, muxtar respublikada dini icmalar qayğı ilə əhatə olunub. Yaradılan şərait, göstərilən qayğı dini dəyərlərimizi olduğu kimi təbliğ etməyə imkan verir.

Sonra məscid binasına və mərasim evinə baxış olmuşdur.

Bildirilmişdir ki, məsciddə kişi və qadınların ayrılıqda ibadəti üçün 2 zal yaradılmış, imam və imam naib otaqları istifadəyə verilmiş, fərdi istilik sistemi quraşdırılmış, yeni minarə tikilmişdir. Yeni tikilən mərasim evi də kişi və qadın zallarından ibarətdir. Binada mətbəx yaradılmış, zəruri məişət əşyaları, fərdi istilik və soyutma sistemləri ilə təmin edilmişdir.

Ali Məclisin Sədri İslam dininin olduğu kimi təbliği və dini maarifçilik işinə diqqətin artırılması barədə müvafiq tapşırıqlar vermişdir.

Məscidin və mərasim evinin həyətində abadlıq işləri aparılmış, müasir işıqlandırma və suvarma sistemləri qurulmuşdur.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti