Yengicə hamamı bərpa olunmuşdur

Abidələr hər bir xalqın tarixi yaddaşıdır. Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqətdə saxlanılır. Son illər tarixi abidələrimiz – qalalar, türbələr, məscidlər, buzxanalar və hamamlar ilkin görkəmi saxlanılmaqla bərpa olunur.

Sentyabrın 5-də Yengicə kəndindəki qədim hamam bərpadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ali Məclisin Sədri çıxış edərək demişdir: Bu gün Yengicə kəndində tarixi abidə bərpa olunaraq istifadəyə verilir. Yengicə hamamı xalqımızın mədəniyyətinin göstəricisidir. ­Hamam iki əsrdən artıq bir dövrdə bu ərazidə yaşayan insanların həyat şəraiti, yaşayış səviyyəsi haqqında məlumat verir. Hamam təmizlik, sağlamlıqdır. Ona görə də vaxtilə insanların həyatına, sağlamlığına dəyər verənlər öz vəsaitləri hesabına Yengicə hamamını tikdirmiş və əhalinin istifadəsinə vermişlər. Uzun illər Yengicə və ətraf kəndlərin əhalisinə xidmət göstərən hamam bu gün tarixi abidə kimi bərpa olunmuş, içərisində xidmət sahələri yaradılmışdır.

Ali Məclisin Sədri demişdir: Hər bir abidənin qorunması və bərpası xalqımızın mədəni həyatının, tarixinin qorunması və yaşadılması deməkdir. Muxtar respublikamızda tarixi abidələr bərpa olunur. Bərpa olunan bəzi abidələr isə müəyyən məqsədlər üçün istifadə edilir. Şərur rayonunun Cəlilkəndindəki qədim buzxana bərpa olunduqdan sonra orada xalça­çılıq, rəssamlıq və digər sahələr yaradılıb. Bu il Qarabağlar Türbə Kompleksi və Yengicə hamamı bərpa olunaraq istifadəyə verildi. Hazırda Qazançı körpüsündə bərpa işləri aparılır. Bütün bunlar isə qədim tariximizin müasir dövrdə yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Eyni zamanda abidələrimizin bərpa olunması ölkəmizə olan marağı artırır.

Ali Məclisin Sədri Yengicə hamamını ­tikənlərə ehtiramını ifadə etmiş, abidənin bərpasında əməyi olanlara təşəkkürünü bildirmiş və burada fəaliyyət göstərəcək sənətkar­lara uğurlar arzulamışdır.

Qədim hamamda lazımi iş şəraiti ilə təmin olunan dərzi Gülbəniz Əkbərova ­demişdir: Muxtar respublikanın hərtərəfli inkişafı Şərur rayonunu da əhatə edib. Tariximizi özündə yaşadan Yengicə hamamının bərpa olunması da bu sahədə görülən işlərin davamıdır. Mən 40 ildir dərzi işləyirəm. Lakin bu günə qədər mənzilimdə fəaliyyət göstərmişəm. Ayrıca iş yerim olmayıb. İllərdən bəri ən böyük arzum o idi ki, belə gözəl, geniş bir məkanda işləyim, evimdə şəraitsizlik üzündən öhdəsindən gələ bilmədiyim işləri iş otağımda həyata keçirim, insanlara daha keyfiyyətli xidmət göstərim. Bu gün artıq bu arzuma çatmışam. Hərtərəfli iş şəraiti və avadanlıqlarla təmin olunmuşuq. Çalışacağıq ki, yaradılan şəraitdən səmərəli istifadə edərək sakinlərə nümunəvi xidmət göstərək. Gülbəniz Əkbərova yaradılan şəraitə görə burada işlə təmin olunan sənətkarlar və peşə adamları adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, on səkkizinci əsrdə tikilən Yengicə hamamının quruluşu səkkizguşəli formada olub, xaricdən 2 iriölçülü günbəzlə tamamlanır. Qapı və bacaları bir qayda olaraq, yuxarıda günbəzvarı formada tamamlanır. Giriş qapısı cənubdan olan hamam dörd salondan ibarətdir.

Yengicə hamamı iyirminci əsrin 80-ci illərinə qədər fəaliyyət göstərmişdir. Baxım­sızlıq səbəbindən dağılmaq vəziyyətində olan bu tarixi abidədə 2017-ci ilin mart ayından etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə bərpa işlərinə başlanmışdır. Hazırda hamamın ümumi sahəsi 420 kvadratmetrdir. Tarixi binada 7 sahə üzrə xidmət təşkil olunmuşdur. Burada 2 dərzi, qadın və kişi bərbəri, fotoqraf, papaqçı, çəkməçi və  musiqi alətləri ustası olmaqla, 8 nəfər işlə təmin olunmuşdur.

Ali Məclisin Sədri Yengicə hamamının “Muzey günləri” qrafikinə daxil edilməsi, muxtar respublikada yaşayan və fəaliyyət göstərən sənətkarların qeydiyyata alınması, eləcə də onların bundan sonra da lazımi iş şəraiti ilə təmin olunması barədə müvafiq tapşırıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti