Naxçıvan şəhərdaxili avtomobil yolları yenidən qurulacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev siyasəti bu gün Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır. Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında”.

Ulu öndərin siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafını təmin etmişdir. Muxtar respublikada iqtisadi inkişafın başlıca şərtlərindən və sosialyönümlü  tədbirlərdən biri də müasir yol infrastrukturunun  yaradılmasıdır. Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır.

İyunun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması layihəsinə baxmışdır.

Məlumat verilmişdir ki, layihə Naxçıvan şəhərinin Heydər Əliyev prospektini, o cümlədən 20 küçə və məhəlləni əhatə edəcəkdir. Yenidən qurulacaq avtomobil yollarının ümumi uzunluğu 25 kilometrdir. Dörd və altı hərəkət zolağından ibarət şəhərdaxili yollara keyfiyyətli və dayanıqlı yeni asfalt örtük salınacaq, piyadaların və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin ediləcəkdir. Eyni zamanda yenidənqurma işləri aparılarkən yol-tikinti qaydaları diqqətdə saxlanılacaq, yollarda lazım olan bütün infrastruktur yaradılacaq, yol nişanları yenilənəcəkdir.

Ali Məclisin Sədri tikinti işlərinə başlanması,  mühəndis-texniki tələblərə əməl olunması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti