Naxçıvanda Bursa Dövlət Simfonik Orkestrinin konserti olmuşdur

Mayın 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestri ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Bursa Dövlət Simfonik Orkestrinin konsertində olmuşdur.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən ümummilli liderimizin anadan olmasının 95-ci ildönümü muxtar respublikamızda geniş qeyd olunur, silsilə tədbirlər, idman yarışları və konsert proqramları keçirilir. Tədbirlər Planına uyğun olaraq bu gün Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestrinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konserti keçirilir.

Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyev Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərərkən əsasını qoyduğu Azərbaycan-Türkiyə əlaqələrini ikinci dəfə ali hakimiyyətə qayıtdıqdan sonra “Bir millətin iki dövləti” səviyyəsinə yüksəltmişdir. Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də Azərbaycan-Türkiyə əlaqələrinə mühüm əhəmiyyət verir, ikitərəfli münasibətlərimiz müxtəlif sahələr üzrə uğurla inkişaf edir. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında iqtisadi-ticarət, elm, təhsil, nəqliyyat, turizm, ordu quruculuğu və mədəniyyət sahələrində səmərəli əməkdaşlıq vardır. Mədəniyyət kollektivlərinin və incəsənət xadimlərinin qarşılıqlı səfərləri, birgə mədəni-kütləvi tədbirlərin və konsertlərin təşkili də bu baxımdan mühüm əhəmiyyətə malikdir. Qardaş Türkiyənin Bursa Dövlət Simfonik Orkestri ilk dəfədir, Naxçıvanda konsert proqramı ilə çıxış edir. Orkestr 1999-cu ildə Bursa şəhərində yaradılmış, 2012-ci ildə Türkiyədə keçirilən müsabiqədə “İlin orkestri” adına layiq görülmüşdür.

Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professoru, Xalq artisti Yalçın Adıgözəlovun və orkestrin rəhbəri Sedat Dağhan Doğunun dirijorluğu ilə keçirilən konsertdə Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Niyazinin, Vasif Adıgözəlovun, türkiyəli bəstəkar Ülvi Camal Erkinin, dünya bəstəkarlarından Jorj Bizenin, Rudcero Leonkavallonun, Antonio Vivaldinin, Cakomo Puççininin əsərləri, eləcə də Sevil Əliyevanın “Ana” mahnısı məharətlə ifa olunmuşdur. Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Eytiram Hüseynovun, İzmir Opera Teatrının solisti Levent Gündüzün, müğənnilərdən Elton Hüseynəliyevin və Gülay Zeynallının çıxışları alqışlarla qarşılanmışdır.  Bursa Dövlət Simfonik Orkestrinin konserti “Xalq Heydər söyləyəcək” və “Qarabağ şikəstəsi”nin ifası ilə sona çatmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov səhnə arxasına keçərək Bursa Dövlət Simfonik Orkestrinin üzvləri ilə görüşmüş, onları uğurlu konsert proqramına görə təbrik edərək demişdir:  Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan sizin ikinci vətəninizdir. Böyük Atatürk deyirdi ki, “Azərbaycanın sevinci bizim sevincimiz, ­kədəri bizim kədərimizdir”. Ümummilli liderimiz Heydər Əliyev isə deyirdi ki, “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Bugünkü konsert dahi rəhbərlərimizin fikirlərinin nümayişinə çevrildi. Sevincli gündə bir yerdə olduq, bir millətin, iki dövlətin orkestri gözəl konsert proqramı ilə çıxış etdi.

Ali Məclisin Sədri demişdir: Qısa müddətdir, yaranmasına baxmayaraq, Bursa Dövlət Simfonik Orkestri təqdim etdiyi konsert proqramı ilə dünya səviyyəli orkestr olduğunu göstərdi. Orkestrin bugünkü çıxışı, sadəcə, bir konsert proqramı deyil. Bu, xalqın mədəniyyətinin göstəricisidir. Bütün bunlar ölkələrimizin inkişafının nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda və Türkiyədə sənaye və kənd təsərrüfatı ilə yanaşı, mədəniyyət də inkişaf edir. Çünki mədəniyyətin inkişafı olmadan ölkənin ümumi inkişafını təmin etmək mümkün deyil.

Ali Məclisin Sədri konsertin təşkilatçılarına təşəkkürünü bildirmiş, Bursa Dövlət Simfonik Orkestrini yenidən Naxçıvana konsertə dəvət etmişdir.

Bursa Dövlət Simfonik Orkestrinin üzvü Gökçə Özlər və Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professoru, Xalq artisti Yalçın Adıgözəlov Naxçıvanda olmaqdan və ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsertin təşkilindən məmnunluqlarını, bundan sonra da muxtar respublikada konsert proqramları ilə çıxış edəcəklərini bildirmiş, fəaliyyətlərinə verilən yüksək qiymətə görə orkestrin heyəti adından minnətdarlıq etmişlər.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti