Naxçıvanda yaz iməcilikləri davam edir

İnsan həyatı üçün vacib olan amillərdən biri də sağlam ekoloji mühitin yaradılmasıdır. Muxtar respublikada keçirilən iməciliklər, təbiətin qorunması və yaşıllıqların genişləndirilməsi sahəsində görülən işlər də bu məqsədə xidmət edir. Bu ilin yaz əkini mövsümündə muxtar respublikada 170 hektardan artıq sahədə meyvə bağı və yaşıllıq zolaqları salınmışdır.

Aprelin 28-də muxtar respublikada növbəti iməciliklər keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni ­Abidə Kompleksinə gedən yolun kənarındakı 3 hektarlıq meyvə bağında keçirilən iməcilikdə iştirak etmiş, bərpa əkini aparmışlar. Meyvə bağında 200-ə yaxın meyvə və həmişə­yaşıl ting əkilərək suvarılmış, aqrotexniki qulluq göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, yeni tinglər əkmişdir. Ali Məclisin Sədri muxtar respublikada bərpa əkinlərinin davam etdirilməsi, əkin üçün yararlı olmayan torpaq sahələrində meyvə və üzüm bağlarının salınması barədə tapşı­rıqlar vermişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti