Naxçıvanda azərbaycanlıların soyqırımının 100-cü ildönümü qeyd edilmişdir

Martın 30-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümü ilə əlaqədar tədbir ­keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov abidə önünə gül qoymuş, soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etmişdir.

Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ictimaiyyətin nümayəndələri də abidə önünə gül qoymuşlar.

Sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən bu günlər ölkəmizin hər yerində 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi qeyd olunur. Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılması məqsədinə xidmət edən Sərəncamda qeyd olunur ki, “Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə­-yeksan edilmişdir”.

Ali Məclisin Sədri demişdir: Azərbaycan xalqının tarixində soyqırımı kimi siyasi və hüquqi qiymətini almış faciəli hadisələr öz başlanğıcını XIX əsrin əvvəllərindən götürür. 1828-ci ildən sonra Azərbaycan ərazisində ermənilərin kütləvi şəkildə məskunlaşdırılmasına başlanmışdır. Məqsəd Azərbaycan torpaqları hesabına Ermənistan dövlətinin yaradılması idi. Bunun üçün müxtəlif təzyiq formalarına əl atılmış, azərbaycanlılar öz ata-baba torpaqlarından deportasiya olunmuş, terror aktları, soyqırımlar törədilmiş, Azərbaycan xalqı etnik təmizlənməyə məruz qalmışdır. 1905-1907-ci illərdə Çar Rusiyası tərəfindən himayə olunan erməni millətçiləri azərbaycanlılara qarşı ilk genişmiqyaslı soyqırımı törətmişlər. Təxminən iki ilə yaxın davam еdən qətliam nəticəsində 300-ə yaxın Azərbaycan kəndi dağıdılmış, 100 mindən çox azərbaycanlı öldürülmüşdür.

Qeyd olunmuşdur ki, 1918-ci ilin martında ermənilər məskunlaşdıqları Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə yenidən mənfur planlarını işə saldılar. Bakıda və qəzalarda on minlərlə dinc əhali qətlə yetirildi, memarlıq inciləri, məscidlər, məktəblər və digər mədəniyyət abidələri yandırılıb dağıdıldı. Görkəmli dövlət xadimi Nəriman Nərimanоv еrmənilərin törətdikləri qırğınlardan dəhşətə gələrək yazırdı: “Müsəlman hətta bоlşеvik оlsaydı bеlə оna aman vеrmirdilər. Öldürülmək üçün müsəlman оlmaq kifayət idi... Bоlşеvizm bayrağı altında daşnaklar müsəlmanlara qarşı hər cür vəhşiliyə yоl vеrir, uşaqlara və hamilə qadınlara belə rəhm еtmirdilər”. O dövrdə Bakıda olan İngiltərə konsulu Mak Donell də yazırdı ki, şəhərdə cəsədlərdən başqa insan yox idi.

Ali Məclisin Sədri demişdir: Yüz il bundan əvvəl – 1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş ikinci sоyqırımı həm miqyası, həm də vəhşiliyi etibarı ilə bəşəriyyət tarixində ən qanlı cinayətdir. Onun mahiyyətini başa düşmək üçün faktlara diqqət yetirmək kifayətdir: Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, İrəvan quberniyasında 211, Zəngəzurda 115, Qarabağda 157, Qars əyalətində 92, İqdırda 60, Vedibasarda 118 Azərbaycan kəndi tamamilə dağıdılmış, əhalisinin əksəriyyəti öldürülmüşdü. O dövrdə azərbaycanlıların yaşadıqları еlə bir ərazi yоx idi ki, оrada еrməni talanı və vəhşiliyi həyata keçirilməsin. Bu illərdə Azərbaycandan ayrı düşmüş Naxçıvanda da soyqırımlar törədilmişdir. Arxiv sənədlərindən aydın olur ki, 1910-cu ildə Naxçıvanda 146 min nəfər əhali yaşayırdısa, 1921-ci ildə burada yaşayanların sayı 74 min azalaraq 72 min nəfər olmuşdu. Azərbaycanın Ədliyyə Komissarı, görkəmli diplomat Behbud ağa Şahtaxtinski Azərbaycan İnqilab Komitəsinin 1921-ci il 19 aprel tarixli iclasında Naxçıvandakı vəziyyətə dair çıxışında bildirirdi ki, ermənilər Naxçıvan, Ordubad və Şərur-Dərələyəzdə 240 kəndi dağıdaraq xarabalığa çevirmiş, əhalisini öldürmüş, əmlaklarını qarət etmişlər. Rusiya Xalq Komissarları Sovetinin sədri Vladimir Leninə 1920-ci il 20 sentyabr tarixli məktubunda da Behbud ağa Şahtaxtinski erməni-rus qırğınlarından hiddətlənərək qeyd edirdi ki, “Naxçıvanda müsəlman əhali silahsızlaşdırılır, daşnakların silahlı dəstələri müsəlman kəndlərini amansızcasına doğrayıb tökür və məhv edirlər. Kəndlilər var-yoxlarını atıb dağlara çəkilirlər. Görmək çətin deyil ki, daşnakların davam edən hücumları şəraitində müsəlman əhalisinin fiziki cəhətdən mövcudluğu təhlükə altındadır”. Xüsusi amansızlıqla aparılan soyqırımlara baxmayaraq, naxçıvanlılar düşmən qarşısında mərdliklə dayanır və mübarizə aparırdılar. Bu mübarizədə Naxçıvanın özünümüdafiə dəstələrinin xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Onlar əsl vətənpərvər kimi döyüşərək Azərbaycanın qədim diyarının işğalına yol vermədilər.

Ali Məclisin Sədri demişdir ki, erməni vəhşiliklərinin əsl mahiyyəti ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra açılmış, xalqımıza qarşı törədilmiş soyqırımlara dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Dahi şəxsiyyət torpaqlarımızın işğalının qarşısını almış, güclü dövlət və güclü ordu yaratmış, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və erməni saxtakar­lığının ifşası istiqamətində tədbirlər görmüşdür. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ermənilərin Azərbaycan xalqına qarşı apardığı soyqırımı siyasəti dərindən təhlil olunmuşdur. Ümummilli liderimiz tərəfindən hər il 31 mart Azərbaycanlıların Soyqırımı Gününün ölkəmizdə unudulmaması haqqında qərar qəbul edilmişdir.

“Tarix ona görə yad olunur ki, ondan nəticə çıxarılsın. Ötən iki əsr ərzində xalqımızın məruz qaldığı qanlı faciələrin və soyqırımların təkrar olunmaması, itirilmiş və işğal olunmuş torpaqlarımızın geri qaytarılması naminə hər gün səylə çalışmalıyıq. Güclü xalq – güclü dövlət prinsipini əldə rəhbər tutaraq, gənclərimizi vətənpərvərlik, qəhrəmanlıq ruhunda tərbiyə edərək müstəqil Azərbaycanımızı daha da möhkəmləndirməliyik”, – deyən Ali Məclisin Sədri soyqırımı qurbanlarının xatirəsini bir daha yad etmiş, çıxışını ümummilli liderimiz Heydər Əliyevin fikirləri ilə tamamlamışdır: “Xalqımıza qarşı əsrlər boyu müntəzəm surətdə ağır cinayətlər törədilmiş, məkrli niyyətlər gerçəkləşdirilmişdir. Öz ağırlığına, miqyasına və nəticələrinə görə bunlar həm də bəşəriyyətə qarşı cinayətlər kimi xarakterizə olunmalı, beynəlxalq hüquqi-siyasi qiymətini almalı, onun ideoloqları və təşkilatçıları layiqincə cəzalandırılmalıdır. Bunu təmin etmək bizim hamımızın ümumi vəzifəmizdir”.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti